Aparıcı media strukturlarının rəhbərləri BSU-nun tələbələri ilə görüşmüşlər

Martın 1-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin müəllim və tələbələri Azərbaycanın aparıcı media strukturlarının rəhbərləri ilə görüşmüşlər. Görüşdə internet-media, qəzetlərin fəaliyyəti, peşəkar kadrlara tələbat və bir sıra başqa mövzular müzakirə olunmuşdur. 
Universitetin tələbə və müəllimləri ilə görüşə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, respublikanın aparıcı mətbuat orqanlarının və informasiya agentliklərinin rəhbərləri gəlmişdi.
BSU-nun rektoru, professor Kamal Abdullayev tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, bu görüşün təşkil edilməsinin məqsədi jurnalistika fakültəsinin və bütövlükdə bu ali məktəbin tələbələri üçün respublikanın aparıcı KİV-lərinin nümayəndələri ilə bilavasitə əlaqədə olmaq, onları maraqlandıran suallara cavab almaq imkanı yaratmaqdır. Rektor bildirmişdir ki, universitetin tələbələri həmin qəzetlərin redaksiyalarında və agentliklərdə mütəmadi təcrübə keçir, Azərbaycanın tanınmış jurnalistlərinin ustad dərslərində iştirak edirlər. Rektor media strukturlarının rəhbərlərinə müraciət edərək onları jurnalistlər, 11 dildən tərcüməçilər, habelə Polşa, Bolqarıstan, Ukrayna, Belarus və digər ölkələr üzrə regionşünaslar hazırlayan BSU-nun tələbələrini işə fəal cəlb etməyə çağırmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd etmişdir ki, tələbələrin müəyyən hissəsi istehsalat təcrübəsi keçəndən sonra müvafiq mətbuat orqanlarında qalıb işləyir. O, tələbələrə media strukturlarında 4 aylıq ödənişli təcrübə keçməyi təklif etmişdir.
Görüşdə gələcək jurnalistlərin və tərcüməçilərin iş ilə təmin olunması məsələsinə xüsusi diqqət yetirilmişdir. Qəzetlərin nümayəndələri qeyd etmişlər ki, hazırda peşəkar tərcüməçilərin, habelə analitik materiallar yazmağı bacaran jurnalistlərin çatışmaması kəskin hiss olunur. Vüqar Səfərli vurğulamışdır ki, bu gün qəzetlərin müəyyən profillər üzrə yaxşı mütəxəssislərə ehtiyacı vardır. O demişdir: "Hazırda qəzetlərdə işləyən qeyri-peşəkarlar da çoxdur. Bu səbəbdən, oxucuların həmin qəzetlərə marağı yetərincə yüksək deyildir".
Görüşdə informasiyanın operativliyi, mətbu nəşrlər və internet-media arasında rəqabət, müasir informasiya məkanında sosial şəbəkələrin rolu və başqa məsələlər də müzakirə edilmişdir. Jurnalistlərin ümumi fikrinə görə, internet-media mətbu nəşrləri tamamilə sıxışdırıb aradan çıxara bilməyəcək, bu media növlərinin hər biri informasiya məkanında öz yerini tapacaqdır.
Görüş iştirakçıları tələbələri media strukturlarda işə daha fəal cəlb etməyi, ədəbi əsərlərin nəşrinə diqqəti artırmağı, neqativ informasiyadan uzaq olmağı təklif etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında