"Ümumxalq yürüşündəki izdiham çox təsiredici və qürurvericidir"

Fevralın 26-da Azərbaycanın, demək olar ki, bütün şəhər və bölgələrində ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımının 20 illiyi ilə bağlı genişmiqyaslı mitinq, yürüş və digər tədbirlər keçirildi. 
Bakıda keçirilmiş izdihamlı yürüşdə isə paytaxt sakinlərinin böyük əksəriyyəti iştirak etdi. "Park İNN" otelinin qarşısından başlanan yürüş metronun "Xətai" stansiyasının qarşısında, "Xocalı soyqırımı" abidəsinin önündə başa çatdı. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, eləcə də Azərbaycan parlamentinin deputatları, nazirliklərin və dövlət idarələrinin rəhbərləri də iştirak etdilər.
Yürüş iştirakçıları ermənilərin bütün iyirminci əsr boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli soyqırımı aktlarının növbəti həlqəsi olan Xocalı faciəsinə beynəlxalq aləmdə lazımi hüquqi-siyasi qiymət verilməsini tələb etdilər, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımının Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmasını pislədilər.
Dəhşətli Xocalı soyqırımına münasibət bildirən Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova dedi:
- Xocalı soyqırımı Azərbaycanın yeni tarixinin ən ağır səhifələrindəndir. Bu faciə bizim ürəyimizdə 20 ildir ki, yaşayır və hər il bununla bağlı müəyyən işlər görülür. Hər il müxtəlif formalarda bütün dünyaya müraciət edilir ki, hər kəs belə bir hadisənin baş verdiyini bilsin və onu haqq-ədalətlə dəyərləndirə bilsin.
Bu gün Xocalı faciəsilə bağlı keçirilən tədbir ilk dəfə olaraq kütləvi bir yürüşə çevrildi. Bu yürüşə yalnız Bakıda yaşayan vətəndaşlar deyil, eyni zamanda, kəndlərdə, rayonlarda, ölkədən kənarda yaşayan soydaşlarımız da qatıldı, səsimizə səs verdilər. Bu isə o deməkdir ki, biz birləşməyi, ümumi amala xidmət etməyi bacarırıq. Hamımızın amalı isə ondan ibarətdir ki, torpaqlarımız qaytarılsın, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyümüz bərpa olunsun, artıq 20 ildir ki, qaçqın və məcburi köçün həyatı yaşayan vətəndaşlar öz torpaqlarına, ata-baba yurduna qayıtsın. Bugünkü yürüşdəki izdiham çox təsiredici və qürurvericidir. İlk dəfə olaraq belə bir kütləvi tədbir keçirilir. Bu izdihamın önündə isə Prezident İlham Əliyev gedirdi. Onu bütün yol boyu insanlar müşayiət etdi. Bütün bu görülən işlər, keçirilən aksiyalar bizə ümid verir ki, nəhayət, amalımıza, arzumuza çatacağıq. Arzulardım ki, bugünkü kimi həmrəylik hər birimizin ürəyində dərin köklər yaratsın. O zaman biz daha güclü olar və uğurlu nəticələr əldə edə bilərik. İnanıram ki, bununla əsl məqsədlərimizə çatmış olarıq.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında