İstanbul
İstanbulda "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TÜMİB) və Avropa Aydınlar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı konfrans təşkil olunmuşdur.
TÜMİB-dən bildirmişlər ki, konfransda qurumun sədri Çingiz Bayramov və Avropa Aydınlar Birliyinin rəhbəri Hidayət Gümüşsoy çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı qətliamı kimi daxil olmasından danışmış, həmin soyqırımını bütün türk dünyasının faciəsi adlandırmışlar.
Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunmuşdur.
Konfransda İstanbul Baxçalıevlər bələdiyyəsinin sədri Osman Dəvəlioğlu, Türkiyənin Ədalət və İnkişaf Partiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Pəlin Gündəş Bakır, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatları Jalə Əliyeva, Çingiz Qənizadə və TÜMİB idarə heyətinin üzvü Telman Nüsrətoğlu Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışlar.
Tədbirdə Türkiyə və Azərbaycanın birlikdə hərəkət edərək XX əsrin sonlarında türk dünyasına qarşı törədilmiş bu soyqırımının bütün dünyada tanıdılmasının vacibliyi vurğulanmışdır.
London
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Böyük Britaniyanın paytaxtı Londonda yürüş keçirilmişdir.
Trafalqar meydanından başlayan və Böyük Britaniya parlamentinin önündə dövlət himnimizin səslənməsi ilə başa çatan yürüşdə 300-dən artıq adam iştirak etmişdir.
Yürüş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF), York, "Bristol", "SOAS", "Oxford" və "City" Azərbaycan cəmiyyətləri tərəfindən təşkil edilmişdir.
"Biz sülh, ədalət istəyirik", "Qarabağ bizimdir, bizim olacaq", "Azərbaycan" şüarlarının səsləndirildiyi yürüş zamanı yerli sakinlərə və şəhərin qonaqlarına faciə ilə bağlı bukletlər, müxtəlif materiallar paylanılmışdır.
Praqa
Fevralın 24-də Praqada təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə şəhərin mərkəzində yerləşən və daim gur insan axını ilə seçilən Respublika Meydanında (Namesti Respubliky) çadır quraşdırmışlar.
Çadırda tədbir boyu Xocalı soyqırımına dair sənədli film, eləcə də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmişdir. Bundan əlavə, "Azərbaycan Hava Yolları" QSC-nin Çexiya nümayəndəliyinin və Praqada yaşayan azərbaycanlıların dəstəyi ilə tədbir iştirakçılarına çay, təbii meyvə şirələri və Azərbaycan şirniyyatı təklif edilmişdir.
Praqanın şimal-qərbində yerləşən Liditsedə 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilmiş, 340 insanın, o cümlədən 88 uşağın həyatına son qoyulmuşdur. Bu baxımdan Xocalı və Liditse bir növ eyni taleyi yaşamış məkanlar olduğu üçün çadırın ətrafında "1942 Liditse - 1992 Xocalı" stendi və eləcə də Xocalı soyqırımını əks etdirən fotostendlərdən ibarət sərgi də təşkil edilmişdir. Həmçinin Çexiyanın məşhur fotoqrafı, bir neçə dəfə Azərbaycanda səfərdə olmuş M.Kupsanın ölkəmizdə çəkdiyi fotoşəkillər də sərgilənmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava Muzeyinin baş kuratoru David Mayer, jurnalist Eldar Vəliyev və Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış etmişlər.
Azərbaycan səfiri Xocalı soyqırımı barədə məlumat vermişdir. Çıxışı zamanı T.Tağızadə Çexiyanın sabiq Prezidenti Vatslav Havelin inqilabdan sonra dediyi "Gələcəyi qurmaq üçün arxaya baxmamalıyıq" kəlamını xatırlatmışdır. Vurğulamışdır ki, bunu o halda etmək olar ki, keçmişdə baş verən hadisələrə hüquqi qiymət verilsin. Səfir qeyd etmişdir ki, Çexiya Prezidentinin gerbinin qədim qusit şüarı "Həqiqət qələbə çalır" ifadəsini açıqlayır və bu qədər iştirakçının tədbirə qatılması ermənilərin uydurma arqumentlərinin ifşa olunduğunu göstərir.
Tədbirin meydandan keçən insanlar arasında böyük maraq doğurduğu müşahidə edilirdi. Təşkilatçıların müşahidəsinə əsasən, tədbir boyu təxminən 1500 nəfərə çex dilində Xocalı faciəsi haqqında çap olunmuş vərəqələr paylanmışdır.
Tədbirdə, həmçinin Türkiyənin Çexiyadakı səfiri Cihad Erginay, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
Tədbirin sonunda Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsinə şamlar yandırılmışdır. Sonra səfirlik tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir.
Xocalı soyqırımı ilə bağlı Çexiyanın mətbuatında, o cümlədən "Metro" qəzetində və televiziyada məlumat verilmişdir.
Fevralın 25-də səfirliyin dəstəyi ilə Azər-Çex Cəmiyyəti tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir Praqanın Sülh Meydanında (Namesti Miru) da keçirilmişdir.
Berlin
Berlin şəhərinin "Am Festunqsqraben" sarayının sərgi salonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sərgi açılmışdır.
Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti, həmyerlimiz Tengis Sade Baron zu Romkerhall-ın təşəbbüsü, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patser-İsmayılovanın birgə dəstəyi ilə təşkil olunmuş bu sərgidə Maqdeburqdakı "Valdorf" özəl məktəbinin "Biz sülh istəyirik" kampaniyası çərçivəsində şagirdlərin boyakarlıq işindən ibarət ekspozisiya nümayiş etdirilmişdir.
Sərgidə nümayiş olunan rəsmlərə münsiflər heyətinin üzvləri Elnarə İsmayılova və Thomas Mohs tərəfindən rəy verildikdən sonra, Mərkəzi Şuranın prezidenti Tengis Sade Baron zu Romkerhall tərəfindən qaliblərə - Marlene Fiedler, Yorinde Fritş və Karl Davlisə diplomlar və pul mükafatları təqdim edilmişdir. Sonra Maqdeburqdakı "Valdorf" özəl məktəbinin şagirdləri latın dilində "Allah, bizə sülh göndər" mahnısını ifa etmişlər.
Sərgidə iştirak edən şagirdlər və müəllim heyəti Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu qeyd etmiş, tədbirin təşkili və şagirdlərə göstərilən böyük dəstək üçün Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova minnətdarlıqlarını bildirmişlər.
* * *
Almaniyanın paytaxtındakı "Berlin-Bakı" qalereyasında azərbaycanlı gənc rəssamların Xocalı soyqırımı mövzusunda əsərlərinin sərgisi açılmışdır.
Sərginin açılışında qalereyanın rəhbəri, əslən azərbaycanlı olan tanınmış alman rəssamı İbrahim Əhrari, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, AFR-in sabiq dövlət katibi, Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycanın xalq rəssamı Səlhəb Məmmədov və Xocalı sakini, o faciəli hadisələrin canlı şahidi olmuş Aliyə Abışova çıxış etmişlər.
Sərgiyə gələnlərin diqqətinə ADRA tələbələrinin işləri təqdim edilmişdir. Bu əsərlərdə müəlliflərin 20 il bundan əvvəl keçirdiyi hisslər və iztirablar duyulur.
Stokholm
İsveçdəki Azərbaycan Federasiyasının təşkilatçılığı ilə Stokholmda Xocalı soyqırımının 20 illiyi ilə bağlı aksiya keçirilmişdir.
Federasiyadan bildirmişlər ki, aksiyada İsveçdə yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, Türkiyə, uyğur, türkmən türkləri və KİV təmsilçiləri də iştirak etmişlər.
Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin dövlət bayraqlarını, Xocalıda qətliam törədənləri, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan insanlar "Xocalıya ədalət!", "Erməni yalanlarına son!", "Erməni cavab verəcəkdir" və s. şüarları səsləndirmişlər.
İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Xocalı faciəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər barədə aksiya iştirakçılarına ətraflı məlumat vermişdir. S.Sevgin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində həyata keçirilən soyqırımı aktını, dünyada misli görünməmiş faciə və insanlığın məhvinə yönəlmiş vandalizm kimi dəyərləndirmişdir. O, bu cinayətləri törədənlərin tezliklə cinayətə cəlb olunacaqlarından, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad ediləcəyindən əminlik ifadə etmişdir.
İsveç Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri Mustafa Sönmez dünyanın heç bir faciəsi ilə müqayisə olunmayacaq bu qətliamın dəhşətlərindən, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışmışdır. M.Sönmez İsveç ictimaiyyətini bu soyqırımının bütün dünyada tanıdılması üçün Azərbaycan xalqına dəstək verməyə çağırmışdır.
İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri Hasan Dölek, İsveç Türk Federasiyasının rəhbəri Ahmet Önal və başqaları bir gecənin içərisində yerlə yeksan olunmuş Xocalı şəhərində ermənilərin etnik təmizləmə siyasəti həyata keçirdiklərini bildirmişlər.
Tədbirdə Azərbaycan dövlətinin Xocalı həqiqətlərini dünyada yaymaq istiqamətində həyata keçirdiyi tədbirlər də yüksək qiymətləndirilmişdir.
Tehran
Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İrandakı səfirliyində "Xocalı soyqırımı - XX əsrin ən dəhşətli bəşəri faciəsi" mövzusunda "dəyirmi masa" təşkil olunmuşdur. "Dəyirmi masa"da Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişlər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra mərasimi giriş sözü ilə açan səfir Cavanşir Axundov qətliam barədə iştirakçılara məlumat vermişdir. Bu soyqırımının insanlığa qarşı cinayət olduğunu diqqətə çatdıran səfir qeyd etmişdir ki, artıq dünyanın bir sıra ölkələrində bu qanlı cinayətin tanınması barədə qanun və qərarlar qəbul olunmuşdur.
Tehran Universitetinin professoru Əmir Əhmədiyan ermənilərin vəhşiliklə törətdikləri Xocalı soyqırımının baş verməsinin siyasi səbəbləri, səfirliyin birinci katibi Kənan Nəzərov faciə və onun dünya birliyi tərəfindən tanınmasının beynəlxalq hüquqi aspektləri barədə məruzə ilə çıxış etmişlər.
Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuş, foto və kitablar sərgilənmiş, iştirakçılara əyani vəsaitlər paylanmışdır.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.