Fevralın 26-da Türkiyənin ən böyük şəhəri olan İstanbulun mərkəzi "Taksim" meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar izdihamlı yürüş-mitinq keçirilmişdir.
"Xocalıya ədalət", "Hamımız xocalılıyıq", "Dünya Xocalı fəryadını eşit" , "Azərbaycanın dərdi bizim dərdimizdir", "Bu gün Taksimdəyik sabah İrəvanda", "Qisasımızı alacağıq" və sair şüarların səsləndirildiyi aksiyada Türkiyədən və Azərbaycandan olan bir sıra tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri də iştirak etmişlər. Türkiyənin "Sabah", "Milliyət", "Hürriyət", "Yeni Şəfəq", "Zaman", "Cümhuriyyət" kimi nüfuzlu qəzetləri etiraz aksiyası barədə geniş məlumatlar dərc etmiş, bəzi televiziya kanalları, o cümlədən "STV" aksiyanı birbaşa yayımla tamaşaçılara çatdırmışdır.
Qardaş ölkənin "Milliyət" qəzetində "Taksim"də nəhəng mitinq", "Xocalı qətliamına etiraz səsləri yüksəldildi", "Daxili işlər naziri mitinqdə iştirak etdi" adı altında verilən xəbərdə qeyd olunur ki, yaxın tarixin ən böyük kütləvi qırğınlarından biri olan Xocalı qətliamına etiraz etmək üçün minlərlə insan "Taksim"də bir araya gəldi. Müxtəlif dərnəklər, həmkarlar təşkilatları, fondlar və çox sayda digər qeyri-hökumət təşkilatlarının iştirakı ilə baş tutan mitinq izdihamlı olması ilə seçildi. Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü aksiyaya Azərbaycandan 7 deputatla yanaşı, İstanbul valisi və Türkiyənin daxili işlər naziri İdris Naim Şahin də qatıldı.
Qəzet yazır ki, "Xocalı soyqırımını anma könüllüləri komitəsi" tərəfindən təşkil edilən mitinqin başlanması ilə "Taksim"ə gedən bütün mərkəzi yollar minlərlə insanla doldu-daşdı. Nəticədə böyük İstiklal prospektində hərəkət tamamilə dayandı. Əllərində Türkiyənin və Azərbaycanın bayraqlarını və müxtəlif şüarlar yazılmış plakatları daşıyan yüzlərlə insan prospekt boyu hərəkət etməyə başladı. Ətrafdakı binalarda, iş yerlərində olan insanlar da hər iki ölkənin bayrağını dalğalandırmaqla aksiya iştirakçılarına dəstək verdilər. "Bir millət iki dövlət, Xocalıya ədalət", "Xocalını unutma" şüarlarının səsləndiyi yürüş-mitinqdə Xocalıda qətliamlardan xilas olan şahidlər çıxış etdilər. Türkiyə və Azərbaycan Dövlət Himnlərini və məşhur "Mehtər" marşının da səsləndiyi aksiya heç bir hadisə baş vermədən yüksək səviyyədə başa çatdı.
Türkiyənin nüfuzlu "Zaman" qəzeti İstanbulda baş tutan möhtəşəm mitinq barədə xəbəri "Xocalı qətliamının 20-ci ildönümündə böyük etiraz" adıyla oxuculara çatdırdı. Qəzet yazır ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri tərəfindən Xocalıda törədilən dəhşətli qırğının 20-ci ildönümü "Taksim" meydanında on minlərlə insanın iştirakı ilə baş tutan izdihamlı aksiyada bir daha anıldı. "Qalatasaray" meydanında toplaşan kütlənin "Taksim"ə doğru yürüşü ilə başlayan aksiyada on minlərlə insan "Xocalını unutma", "Biz bir millət, iki dövlətik", "Erməni yalanlarının sonu gəldi" kimi şüarlar səsləndirdilər.
"Zaman" qəzeti mitinqdə Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin və İstanbul valisi Hüseyn Avni Mutlunun da iştirak etdiyini və kütlənin daxili işlər nazirinin çıxışından lərzəyə gəldiyini diqqətə çatdırır. Qəzetin yazdığına görə, mitinqdə iştirak edənlərə xitab edən nazir Şahin bildirmişdir ki, bu gün türk milləti doğma ata yurdumuz Azərbaycanla birlikdə dəhşətli qətliamları bir daha xatırlayır: "Azərbaycan - Türkiyə bir millət, iki dövlətin yer üzündə ən gözəl nümunəsidir. Türk milləti əsrlərdir yer üzündə qürurla yaşayıb. Qürurla həyatını gerçəkləşdirib və geridə böyük dövlətlər buraxıb. Türk milləti həmişə zülmün, zalımın qarşısında, məzlumun yanında olub. Azərbaycandakı qardaşlarımıza qarşı törədilən vəhşilikləri türk milləti heç vaxt unutmayacaq. Xocalı faciəsi insanlığa qarşı amansız cinayətin nümunəsidir". İdris Naim Şahin onu da əlavə etmişdir ki, Türkiyə və Azərbaycan birlikdə Xocalıda dinc sakinlərin qanını axıdanlara qarşı beynəlxalq müstəvidə mübarizəsini davam etdirəcəkdir. Azərbaycandakı hər bir hadisənin, hər bir inkişafın Türkiyəni və türk millətini yaxından maraqlandırdığını vurğulayan natiq bir daha nəzərə çarpdırmışdır ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.
Qəzet Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlının da çıxışına geniş yer vermişdir. Çıxışında S. Rüstəmxanlı bildirmişdir ki, bu mitinq türk xalqının Azərbaycan xalqı ilə birlikdə olduğunun ən gözəl nümunəsidir: "Bu gün Türkiyənin Azərbaycan naminə ayağa qalxması bütün azərbaycanlıları sevindirir, bizə təsəlli verir. Türk milləti bu soyqırımı dünyaya çatdırmaq üçün öz iradəsini ortaya qoymuşdur. Birliyimiz bizi uğurlara aparacaqdır. Xocalı qatillərinin cəzalandırılması üçün birliyimiz çox əhəmiyyət daşıyır. Bir ürək olan Türkiyə ilə Azərbaycanın həmrəyliyi nəticəsində biz buna nail ola bilərik".
Aksiya barədə dərc olunan xəbərdə "Xocalı soyqırımını anma könüllüləri komitəsi"nin nümayəndəsi Məsud Ülkərin bəyanatı da öz əksini tapmışdır. M. Ülkər bəyan etmişdir ki, mitinqə toplaşanlar gecikən haqqın, ədalətin öz yerini tapmasını istəyirlər və bunu tələb edirlər: "Bu soyqırımı 20-ci əsrin sonunda bütün dünyanın gözləri qarşısında reallaşdı. Ermənistan əsgərləri silahsız sivil insanları, uşaqları, qadınları, ahılları ucdantutma amansızlıqla qətlə yetirmişlər. Xocalıda hər beş adamdan birinin şəhid olması da hadisənin miqyasını, dəhşətini göstərir. Ona görə də biz tələb edirik ki, bu soyqırımı törədənlər cəzalandırılsın. Həm Türkiyədə, həm də Azərbaycanda bu istiqamətdə bütün lazımi addımlar atılmalı, istər qeyri-hökumət təşkilatları, istər siyasi partiyalar, istərsə də dövlətlərimiz Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınması və cinayətkarların cəzalandırılması üçün səylərin əsirgəməməlidirlər".
Nüfuzlu "Hürriyət" qəzeti İstanbulda baş tutan nəhəng yürüş-mitinqi "Xocalı qətliamına qarşı izdihamlı etiraz", "O qan yerdə qalmaz", "Xocalı qaziləri "Taksim"də" başlığı ilə oxucularına təqdim etmişdir. Həmin yazılarda qeyd olunur ki, "Hamımız türküz, hamımız xocalılıyız", "Qarabağ bizimdir, bizim qalacaq", "Qarabağa ədalət" şüarlarının tez-tez səsləndirildiyi aksiyada Azərbaycan, Türkiyə ilə yanaşı qardaş Türkmənistanın da bayrağı dalğalandırılırdı. Bu, gələcəkdə etiraz aksiyalarının təkcə Türkiyədə deyil, Mərkəzi Asiya ölkələrində də baş tuta biləcəyinin ilkin xəbərçisi ola bilər.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.