Parisdə Xocalı şəhidlərinin xatirəsi əklilqoyma mərasimi ilə anılmışdır

Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Fransada keçirilən silsilə tədbirlər davam edir.
Fevralın 27-də Parisin "Mars çöllərində" ("Champs de Mars") meydanında ucaldılmış "Sülh divarı" abidəsi önündə Xocalı faciəsi şəhidlərinin xatirəsi əklilqoyma mərasimi ilə anılmışdır.
Fransa rəsmilərinin, senator və deputatların, Eql və Serdon şəhərlərinin merlərinin, müharibə veteranlarının, Beynəlxalq strateji əlaqələr və siyasi elmlər institutları əməkdaşlarının, paytaxt ictimaiyyətinin, Fransanın ölkəmizdəki keçmiş səfirlərinin, akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, səfirliyimizin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyi əməkdaşlarının, diaspor təmsilçilərinin, tələbələrin və çoxlu sayda yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mərasimdə Naftalan şəhəri ilə qardaşlaşmış Eql şəhərinin meri Tyerri Pino Azərbaycan xalqının bu hüznlü anlarına şərik olduqlarını və dərin kədər hissləri keçirdiklərini, dünyəvi dövlət olan Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi vəhşiliyin soyqırımı olmasını diqqətə çəkmiş, faciə vaxtı şəhid olanların ailələri və yaxınları ilə Eql sakinlərinin həmrəy olduğunu vurğulamışdır.
Senator Natali Qule Normandiya regionunun vaxtilə İkinci Dünya müharibəsinin ağrılı günlərini yaşadığını xatırlatmış, 20 il əvvəl Xocalıda günahsız dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsini pisləmiş, Xocalı soyqırımının anıldığı vaxtda fransız xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirmişdir.
Bu yaxınlarda bir qrup senatorla ölkəmizə səfərini xatırladan N.Gule Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma torpaqlarından ermənilərin silah zoruna çıxardıqları bir milyondan çox azərbaycanlının öz vətənində qaçqın və məcburi köçkün kimi yaşadıqlarını, onlarla keçirilən görüşün senatorlara dərin təsir etdiyini və onların yaşadıqları ağrıları və doğma yurd-yuvalarına qayıtmaq həsrətini yaxşı başa düşdüyünü vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan səfir Elçin Əmirbəyov Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi olduğunu, vəhşiləşmiş və azərbaycanlıların qanına susamış ermənilərin Xocalıda bəşəriyyət tarixində görünməmiş qırğın törətdiklərini, dünya ictimaiyyəti tərəfindən bu soyqırıma siyasi qiymət verilmədiyini bildirmişdir.
Mərasimin sonunda Xocalı faciəsi zamanı həlak olanların xatirəsinə Eql bələdiyyəsi, Fransa parlamentləri və səfirliyimiz adından "Sülh divarı" önünə əklillər qoyulmuş, bir dəqiqəlik sükut elan olunmuş, Azərbaycan və Fransanın dövlət bayraqları endirilmiş, hər iki ölkənin himni səslənmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Paris

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında