Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasəti - Xocalı faciəsi

Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə,vətəninə sədaqətinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür.
Heydər ƏLİYEV Ümummilli lider

{nl}


XX əsrin əvvəllərindən bu günümüzədək ermənilər Azərbaycanın türk-müsəlman xalqına qarşı şovinist-millətçi siyasət yürütmüşlər. İki əsrdə ermənilər Azərbaycan türklərinə qarşı bəşər tarixində görünməmiş vəhşiliklər, soyqırımlar, deportasiyalar həyata keçirmişlər. Azərbaycanlı əhali ermənilər tərəfindən bir əsrdə iki dəfə soyqırıma məruz qalmışdır. XX əsrin əvvəllərində Zaqafqaziyada üç müstəqil respublika- Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərini genişləndirməyə, qonşulara qarşı ərazi iddialarına başladı.
Əslində rus imperiyasının köməkliyi ilə yaratdıqları indiki Ermənistan Respublikasının ərazisi də onların ata-baba yurdu olmamışdır. 1918-ci ildə Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində bəyan edilmiş Ermənistan Respublikasının 9 min kvadrat kilometr olan ərazisi, sonradan qonşulardan, əsasən də Azərbaycandan müxtəlif yollarla qopardılan torpaqların hesabına böyüyərək 29 min kvadrat kilometrə çatmışdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tarixinə nəzər salarkən görürük ki, ermənilər hələ bir neçə əsr bundan əvvəl irəli sürdükləri "Böyük Ermənistan" ideyası naminə qonşu xalqlara daim təcavüz etmiş, hüquqlarını tapdalamış, hətta onları məhv etmək yolu ilə öz daşnak ideyalarını hissə-hissə həyata keçirməyə müvəffəq olmuşlar. Sovetlər ittifaqında başlanan bədnam yenidənqurma və aşkarlıq siyasəti ermənilərə məhz bu fürsəti verdi. Ermənistandakı və mərkəzdəki ideya ilhamçılarının tövsiyələri, şovinist "Daşnaksütyun", "Krunk" və "Qarabağ" təşkilatlarının proqram bəyanatları əsasında hərəkətə gəlmiş erməni terror maşını işğalçılıq siyasətinin əsas hədəfi kimi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu seçdi. Sovetlər ittifaqı və o zamankı respublika rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində Dağlıq Qarabağdakı separatçı qüvvələr bölgədə yaşayan azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasətlərini həyata keçirməyə başladılar. Müxtəlif vasitələrlə cürbəcür don geyindirməyə çalışdıqları bu ərazi iddiaları 1988-ci ildən başlayaraq daha aşkar və intensiv şəkildə davam etməyə başladı.
1988-ci il fevralın 13-də ermənilər Xankəndində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbilə ilk mitinqlərini keçirdilər. Hələ 1987-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi problemlərini bəhanə edən millətçi ünsürlər çirkin niyyətli planlarını həyata keçirməyə başlamışdılar. Tarix göstərir ki, erməni tayfaları Ermənistanda sovetlər dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün DQMV-də gizli işlər aparan erməni siyasətbazları və ermənipərəstlər "Türksüz Ermənistan" ideyası ilə etnik təmizləmə aparmış, minlərlə azərbaycanlı ailəsi öz ata-baba yurdları olan Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edilmişlər.
Ermənilərin XIX əsrdə Cənubi Qafqaza kütləvi köçürülməsi ilə onların Azərbaycan xalqına qarşı ərazi iddiaları və etnik təmizləmə prosesi həmin əsr boyu davam etmişdir.
Tarixi proseslərin ardıcıl izlənilməsi Qarabağ ərazisində ermənilərin yerləşdirilməsinin Rusiyanın strategiyası ilə bağlı olduğunu göstərir. Belə ki, Gülüstan (1813-ci il) və Türkmənçay (1828-ci il) müqavilələrindən sonra Rusiya İran və Türkiyədən Azərbaycan ərazisinə 200 mindən artıq erməni köçürdü. Bununla da Qafqazda xeyli miqdarda erməni topladı və qədim türk torpağı İrəvanı mərkəz etməklə ilk erməni dövləti yaratdı. XIX əsrin erməni tədqiqatçıları belə hesab edirlər ki, ermənilər qaraçılardan daha dəqiq "qəddar ürəkli"- ayk (xayk) adlandırılan köçəri tayfalardan əmələ gəliblər. Bəzi Avropa tarixçilərinin dediyinə görə, onların ilk vətəni balkanlar olub ki, xristianlığı da məhz orada qəbul ediblər. XX əsrin əvvəllərindən etibarən aparılan antiazərbaycan siyasəti nəticəsində 1923-cü ildə ikinci erməni mərkəzi - DQMV yaradıldı.
Dağlıq Qarabağ ərazisinə köçürülmüş erməniləri yerləşdirmək, Qarabağın demoqrafiyasını ermənilərin xeyrinə dəyişmək üçün azərbaycanlılar müxtəlif üsullarla həmin torpaqlardan çıxarıldı. Ermənilər süni ədavət yaratmaqla, Azərbaycana qarşı öz ərazi iddialarını ardıcıl və planlı şəkildə davam etdirməklə, etnik təmizləmə siyasətindən sonralar da əl çəkmədilər. Yerli əhalini qorxudaraq yurd-yuvasından didərgin salmaq, torpaqlarını mənimsəmək üçün hər hansı hadisə üstündə azərbaycanlılar kütləvi şəkildə cinayət məsuliyyətinə cəlb edildi, əsassız olaraq cəzalandırıldı. Ermənilərin yeritdiyi siyasətin mahiyyəti Veliçkonun qeydlərində aşkar görünür: "Haqqında danışılan siyasətbazlar (ermənilər) bölgənin müsəlman əhalisini xəbərdar edirlər və müsəlmanların şərəfinə toxunurlar ki, onların torpaqlarından gələcəkdə istifadə etsinlər".
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından sıxışdırılması siyasəti sonrakı dövrdə daha geniş vüsət aldı. Sovetlər dövründə də ermənilər Azərbaycana qarşı öz ərazi iddialarını vaxtaşırı olaraq davam etdirdilər.
SSRİ-nin dağılması ərəfəsində dünyanın müxtəlif ölkələrində kök salmış erməni təşkilatları və erməni mafiyası ilə müxtəlif yollarla əlaqə saxlayan DQMV-də yaşayan ermənilər guya Azərbaycan hökumətinin onlara qarşı milli ayrı-seçkilik siyasəti yeritməsini, buna görə də onların sosial vəziyyətlərinin ağır olmasını bəhanə gətirərək separatizmə başladılar.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddiası nəticəsində 1987-ci ildən etibarən Ermənistan SSR-də etnik təmizləmə siyasətinə başlandı. Bu zaman 240 min nəfərdən artıq azərbaycanlı zorla öz ata-baba yurdlarından çıxarılaraq Azərbaycana qovuldu. Öz mənfur niyyətlərini həyata keçirmək üçün erməni ideoloqları 1988-ci ildə "Böyük Ermənistan" uydurmasını ortaya ataraq Azərbaycana qarşı ərazi iddiasını canlandırdılar. SSRİ-də "yenidənqurma"nın başlanması ilə paralel olaraq milli ədavət qızışdırıldı. 1988-ci ilin fevralından etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vəziyyət kəskin şəkildə gərginləşdi. 1988-ci il iyunun 16-da Ermənistan SSRİ Ali Sovetinin sessiyası belə bir qərar qəbul etdi: "DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasının 20 fevral 1988-ci il tarixli qərarını hərtərəfli öyrənib, Dağlıq Qarabağda və onun ətrafında yaranmış mürəkkəb vəziyyəti , Dağlıq Qarabağın və Ermənistanın erməni əhalisinin arzusunu nəzərə alıb və "millətin öz müqəddəratını təyin etmək hüququ haqqında" SSRİ Konstitusiyasının 70-ci maddəsini rəhbər tutaraq DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə keçməsinə razılıq veririk. "İyunun 17-də isə Azərbaycan SSR Ali Soveti bu qərarı qanunsuz, Konstitusiyaya zidd, başqa respublikanın daxili işlərinə qarışmaq kimi qiymətləndirib rədd etdi və bununla da öz işini bitmiş hesab etdi.
1988-ci il iyunun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin "Dağlıq Qarabağ məsələsinə həsr olunmuş xüsusi iclası keçirildi. İclasın gedişində Qorbaçovun ermənipərəst mövqeyi açıq-aydın bilinirdi. Uzun müzakirələrdən sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSRİ Ali Sovetinin sessiyasının DQMV-nin Ermənistana birləşdirilməsi haqqında 15 iyun 1988-ci il tarixli xahişini və Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il sessiyasında bunun yolverilməz olduğunu elan edən qərarlarını müzakirə edərək DQMV-nin Ermənistana birləşdirilməsini qeyri-mümkün hesab etdi, bu qərarı qəbul edərkən SSR Ali Soveti SSRİ Konstitusiyasına uyğun olaraq belə hesab etdi ki, respublikaların sərhədləri onların öz razılıqları olmadan dəyişdirilə bilməz. Güman etmək olardı ki, bu qərardan sonra hər şey yoluna düşəcək. Təəssüf ki, əksinə oldu. S. Kaputikyan Ermənistan televiziyası ilə çıxış edərək xalqı inandırmağa çalışdı ki, o, Zori Balayanla və M.Qorbaçovla görüşüb söhbət etmiş, Qarabağın taleyini həll etmişik. Azərbaycan rəhbərliyi isə susur, kütləvi informasiya vasitələri bu işdən Moskvanın xəbəri olmadığına xalqı inandırmağa çalışırdı. Elə bu vaxtlarda Azərbaycan torpaqlarına sahib olmaq məqsədi ilə Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsində SSRİ Əlvan Metallurgiya Nazirliyinin Ermənistanda yerləşən Kapaker aliminium zavodunun filialının tikilməsi barədə xəbər Azərbaycanda xalqın ayağa qalxmasına səbəb oldu. 18 gün davam edən mitinqlər dekabrın 7-də Bakıya yeridilən Sovet qoşunları tərəfindən yatırıldı.
1988-ci ilin sonlarında artıq qaçqınların sayı müntəzəm şəkildə artmağa başladı. Artıq 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqda qərar qəbul edən erməni separatçıları bölgədə ədavəti qızışdırmaq və münaqişə yaratmaq üçün azərbaycanlılara qarşı silahlı basqınlar törətməyə başladılar. 1989-cu il yanvar ayının 12-də Moskvada M.Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət heyətinin keçirdiyi iclasda tarixi qərar verildi: Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilsin. A.İ.Volskinin sədrliyi ilə DQMV-nin Xüsusi İdarə Komitəsi yaradılsın. Yaradılmış Xüsusi İdarə Komitəsi Moskvaya tabe edildi. Ermənilərə də bu lazım idi. Bu komitə qayda-qanun yaratmaq əvəzinə mövcud vəziyyəti daha da kəskinləşdirirdi. Bunu görən xalq Volski hökumətinin ləğv olunmasını tələb edirdi. Volski isə azərbaycanlıların Qarabağdan köçürülməsi ilə məşğul idi.
1989-cu ilin sentyabr ayının 15-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı, Xüsusi İdarə Komitəsinin ləğvi, qadağan saatının götürülməsi haqda qərar qəbul edildi. Elə həmin il Ermənistan SSR Ali Soveti öz sessiyasında yenidən DQMV-ni Ermənistana birləşdirmək haqqında qərar qəbul etdi, daha sonra DQMV-nin 1990-cı il üzrə sosial-iqtisadi planını və büdcəsini Ermənistan SSR-in plan və büdcəsinə daxil etdi. Bu açıq-aşkar Azərbaycana müharibə elan edib, meydan oxumaq idi. Mitinqlər, nümayişlər bütün ölkəni bürümüşdü. Ə.Vəzirov iqtidarı ilə xalqın arasındakı ziddiyyətlər son həddə çatmışdı. Bütün bunlar Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinə gətirib çıxardı. Yanvarın 19-dan 20-nə keçən gecə 133 nəfər dinc əhalinin ölümüylə, 700-dən çox insanın yaralanması ilə nəticələnən qanlı yanvar hadisəsi baş verdi.
Xankəndində nəşr olunan "Sovetski Qarabağ" qəzeti 10 iyul 1990-cı il tarixli sayında yazmışdı: "Artsax iqtisadi suverenlik qazandı" və bu münasibətlə Volskinin xidmətlərini xüsusi vurğulayırdılar. Doğrudan da Volski DQMV-ni müstəqil bir quruma çevirdi, idarələri isə Ermənistana tabe etdi.1992-ci ildə artıq Dağlıq Qarabağın 65 min azərbaycanlı yaşayan 53 kəndi ermənilər tərəfindən boşaldılmışdı.
Getdikcə geniş vüsət alan münaqişə müharibəyə çevrildi. Azərbaycanın əzəli bölgəsi olan Qarabağın şəhər və kəndləri Ermənistan və rus hərbi dəstələrinin hücumlarına məruz qaldı. Bütün bunların labüd nəticəsi kimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciələrindən hesab olunan, tarixdə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimi faciələri ilə eyni səviyyədə duran Xocalı faciəsi baş verdi. 1992-ci il fevralın 26-da Ermənistan qoşunları Rusiya Federasiyasının silahlı qüvvələrinin 366-cı qvardiya motoatıcı polkunun köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdi. Həmin dəhşətli gecə ermənilər nə uşaqlara, nə qocalara, nə də qadınlara aman verməyərək onları görünməmiş vəhşiliklə qətlə yetirdilər. Rəsmi məlumata görə, 613 nəfər xocalı sakini qətlə yetirildi. 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 155 nəfərinin taleyi hələ də məlum deyil. Faciə zamanı 1000 nəfər dinc sakin müxtəlif dərəcəli yara aldı, 106 nəfər qadın, 83 nəfər azyaşlı uşaq, 70 nəfər qoca öldürüldü. 76 insan, həddi-buluğa çatmamış gənc oğlan və qız əlil oldu. Əsir düşənlər və meyitlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların başı və digər bədən üzvləri kəsildi, başlarının dərisi soyuldu, uşaqların gözləri çıxarıldı, hamilə qadınların qarınları yarıldı. Bütün beynəlxalq normalara zidd olaraq erməni silahlı qüvvələri əsirlərə qarşı qeyri-insani rəftar etdilər. Onlar Cenevrə Konvensiyasının bütün maddələrinə, protokollara zidd olaraq qaçıb canını qurtarmaq istəyən dinc sakinlərin yollarını kəsərək işgəncələr verdilər. Xocalı faciəsini işıqlandırmaq üçün 32 ölkədən 47 jurnalist iştirak edirdi. Həmin jurnalistləri Xocalı faciəsinə başçılıq edən Yuri Zaviqarov təlimatlandırır, çəkilişlər aparmağa, qeydlər götürməyə şərait yaradırdı. Onlar dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər ki, "azərbaycanlılar günahsız erməniləri qırdılar". Ermənilər Xocalı ilə Azərbaycanı qan tökməkdə günahlandıran materialları təkrar-təkrar cap etdirirdilər. Məsələn, ermənilər "azərbaycanlılar Xocalını yandırıb getdilər" reportajını 49 dəfə dünya mətbuatında çap etdirdilər.
Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat bölməsinin rəisi, polkovnik V.Savelyev özünün məxfi arayışında erməni terror təşkilatlarına Rusiya qoşun birləşmələrinin birlikdə keçirdikləri hərbi əməliyyatları izləyərək, bütün olub keçənlərin şərhini verərək etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generalına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi". Jurnalist Y.Pompeyev "Qarabağ qan girdabında" kitabında yazır: "Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyada bəyan etdilər. Xocalıda yalnız ölülər qaldı". Bu müsibəti gözləri ilə görən jurnalist V.İvleva isə bu faciəni belə təsvir edir: " Xocalının küçələrində buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu bulud yarıçılpaq insanların toplusu idi. Bu dəstənin sonunda üç uşaqlı qadın gedirdi. O, qar üzərində ayaqyalın çətinliklə yeriyir və tez-tez yıxılırdı. Sən demə, onun uşaqlarından biri ikigünlük imiş. Digər yüzlərlə azərbaycanlılar kimi bu qadının taleyini mən televiziya lentlərindən izlədim. Bu televiziya lentlərində səs zolağı operatorun hönkürtüsündən ibarət idi. İnsanların eybəcərləşdirilmiş cəsədləri qar üzərində qalaqlanmışdı".
(ardı var)

{nl}


Havva MƏMMƏDOVA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında