Xocalı faciəsi cəzasız qalmış cinayət

Şübhə etmirəm ki, XX əsr, sivilizasiyanın tərəqqisinə xidmət etmiş bir çox qlobal kəşfləri ilə bərabər həm də kütləvi insan qırğınına səbəb olan amansız müharibələri, insan düşüncəsini sarsıdan bəşəri cinayətləri-millətlərin, etnosların yer üzündən silinməsinə ünvanlanan soyqırımları ilə xatırlanacaq. Əlcəzair, Xolokost, Ruanda, Ustaşi və ... nəhayət, ermənilərin törətdikləri Xocalı soyqırımı...
XIX əsrdən bəri çar Rusiyasının dəstəyi ilə erməni qəsbkarlarının soyqırıma məruz qoyduqları azərbaycanlılar 20 il əvvəl- 1992-ci il fevralın 26-da Xocalıda özlərinin ən dəhşətli işgəncələrini yaşadılar. Bu, təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin Xocalı faciəsi və eyni zamanda, Xocalı xəcaləti idi.
Xocalı qətliyamının şahidi olana qədər bizim nəsil üçün SOYQIRIM, GENOSİD haqqında yazmaq, tutarlı fikir söyləmək çox çətin olardı. Çünki, bu terminlərin izahını və nədən meydana gəldiyini oxuyub öyrənəndə, insanların insanlara vəhşi münasibətinin belə miqyas ala biləcəyini düşüncəmizə belə sığışdıra bilməzdik. Tarix kitablarından faşist rejiminin Xolokostda törədiyi amansızlıqları oxuyanda ağlımıza da gəlmirdi ki, bu rejim Almaniyada yaranmamışdan xeyli əvvəl , bundan daha dəhşətli faciələri 1905-07, 1918-22 -ci illərdə biz azərbaycanlıların başına erməni nasistləri gətirib.
Məlum məsələdir ki, müəyyən ərazinin etnodemoqrafik şəraitinin dəyişdirilməsi məqsədi ilə bu ərazidə yaşayan sakinlərin məhv edilməsi və ya qovulması genosid, daha doğrusu onun növlərindən biri olan etnosiddir.Azərbaycanlılara qarşı bu proses 200 ildir ki, davam edir. Bu, 200 illik tarixi oxuduqca bəlli olur ki, Ermənilərin Azərbaycanın əzəli torpaqlarında etnik təmizləmə yolu ilə həyata keçirmək istədikləri "Böyük Ermənistan" planı əksər məqamlarına görə faşist Almaniyasının həyata keçirdiyi "həyat müstəvisini" genişləndirmək ("Lebensraum") nəzəriyyəsi və təcrübəsi ilə tam eynilik təçkil edir. Çünki, bu soyqırımın həyata keçirilməsində Azərbaycanın itirdiyi təkcə torpaq olmayıb. Bəzi dövlətlərin dəstəyinə söykənən erməni millətçiləri silahlı quldur dəstələrinin köməyi ilə torpaqlarımızı zəbt etməklə yanaşı, minlərlə dinc azərbaycanlını da kütləvi şəkildə qırmışdır.
Çar Rusiyasının və ondan sonra bolşevik Rusiyasının azərbaycanlıların öz doğma yurd yerlərindən deportasiyasına, amansız qətllərə və qırğınlara məruz qalmasına bu cür etinasız yanaşması, əksinə bəzi məqamlarda ermənilərə dəstək vermələri zaman-zaman qorxulu bir tendensiyaya çevrildi. Nəticədə Sovet imperiyası çökməyə başlayanda erməni xisləti özünü yenidən göstərməyə başladı. Məkrli etnik təmizləmə siyasətinin nəticəsi olaraq 1988-ci ildən 1989-cu ilədək 500 mindən çox azərbaycanlı Ermənistandan deportasiya edildi və bununla da erməni ideoloqlarının hazırladıqları planın birinci mərhələsi başa çatdı.
Məşhur rus filosofu N. Berdyayev yazırdı: "Şərin mövcudiyyatı bəşər həyatının ən böyük sirlərindəndir..." Ancaq erməni şərinin və vəhşi xislətinin mahiyyəti sirr deyil. Bu etnosun azərbaycanlılara və türklərə qarşı kini və nifrəti əsrləri adlayıb bu günümüzə gəlib çıxmışdırsa onda çəkinmədən demək olar ki, bu xalqın şüurunda müəyyən arxitep formalaşmışdır-türkün, azərbaycanlının soyunu yer üzündən silmək.
Xocalıda, yalnız azərbaycanlı olduqlarına görə, bir gecənin içində 613 nəfər dinc, silahsız sakin vəhşicəsinə qətlə yetirilmişdir. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirilərək məhv edilmişdir. 487 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq yaralanaraq şikəst olmuşdur. Girov götürülən 1275 nəfər amansız işgəncələrə və qəddarlığa məruz qalmışdır. 150 nəfərin aqibətindən bu günədək xəbər yoxdur.
"Bir insanın ölümü faciə, yüzlərlə insanın qırılması isə statistikadır". Xocalı isə sadəcə statistika yox, tarix üçün insanlıq adına lənət gətirən erməni vəhşiliyinin statistikasıdır. Bəşəriyyət tarixin müxtəlif mərhələlərində baş vermiş müharibələrin qırğınların, fəlakətlərin, mərhumiyyətlərin və faciələrin şahidi çox olub. İnsanları sarsıdan ən müxtəlif vəhşiliklər də sivilizasiyamızın reallıqları sırasında olub. XX əsrin ortalarında faşizmin yəhudi xalqına qarşı törətdiyi cinayətlərin miqyası tarixdə baş vermiş bütün cinayətləri kölgədə qoymuşdur. Nasistlərin amansızcasına həyata keçirdikləri Xolokost bunların ən dəhşətlisi idi. Amma bu gün çəkinmədən demək olar ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklər amansızlığı və qəddarlığı ilə Xolokostu da ötdü. Faşizmin törətdiyi Xolokostla ermənilərin törətdiyi Xocalı qətliamının iki əsas oxşar cəhətindən biri onların bir millətin amansızlıqla yer üzündən silinməsinə yönəlməsidir. Xolokost cinayəti əsasən yəhudilərə və qaraçılara aid idi, Xocalı cinayəti isə birbaşa azərbaycanlılara yönəlmişdir. Onlar hər ikisi fəlakətlər gətirən müharibənin fonunda törədilmişdi. Ancaq hər iki cinayəti birləşdirən ikinci bir məqam onların məqsədyönlü şəkildə törədilməsi idi. Bu cinayətlərin heç biri qəzəblənmiş insanların qisasının kortəbii nümayişi olmamışdır. Onlarin hər ikisi qabaqcadan hazırlanmış və təşkil olunmuşdu. Bu iki bəşəri cinayəti birləşdirən digər bir məqam isə yüzlərlə günahsız insanın-qocanın, qadının və uşağın yalnız milli mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilməsidir.
"Dağlıq Qarabağın təpəliklərinə səpələnmiş qadın və uşaqlardan ibarət 60-dan çox meyit erməni qoşunlarının dinc azərbaycanlı əhalisini qətlə yetirdiyi barədə bəyanatları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb.Təpəliklər və kiçik vadi boyu qurumuş otların üzərinə səpələnmiş Azərbaycan qaçqınlarının cəsədləri ötən çərşənbə erməni hərbçilərinin törətdikləri qırğından xəbər verir.
Ümumən 31 meyit hələ də hadisə yerindədir. Ən azı daha 31 meyit isə ötən beş gündə Ağdama aparılıb. Bu rəqəmlərə çərşənbə gecəsi Xocalıya hücum zamanı öldürülənlər daxil deyil. Hələ aşkar edilməmiş meyitlər də bu rəqəmə daxil deyil.
Qırğından sağ qalmış Zahid Cabbarov bildirir ki, 200 insanın güllələndiyini görüb. Müxtəlif yollarla gəlmiş qaçqınlar bildirirlər ki, onları bir neçə dəfə atəşə tutublar və cığırlarda meyidlərin səpələndiyini görüblər. Meyitlərin yanlarında paltarlar, əşyalar və sənədlər var idi. Şaxta cəsədləri salamat saxlayıb, dağlarda və meşələrdə gizlənənlərin isə ölümlərinə səbəb olub. Ölənlərin hamısı kasıb geyimdə olan sadə insanlar idi.
31 martda biz yalnız bir polis və iki uniforma geymiş könüllü gördük. Qalan hamısı, o cümlədən səkkiz qadın və üç balaca uşaq sadə mülki şəxslər idi. Bir dəstəni isə, görünür, onlar bir ailə idi, bir yerdə uzatmışdılar, analar uşaqları əllərində tutmuşdular.
Bəzilərinin, o cümlədən kiçik bir qızın başı dəhşətli zədələr almışdı. Qızın yalnız sifəti qalmışdı. Sağ qalanlar ermənilərin yerə uzanmış meyidləri necə güllələdiyini gördüklərini söyləyirdilər".
3 mart, 1992-ci il."The Times" qəzetinin müxbiri Anatoli Livenin "Aşkar olunmuş qırğın" sərlövhəli məqaləsindəki bu mənzərə ağlasığmaz cinayətin soyuqqanlı təsvirindən başqa bir şey deyil. Amma acı reallıqdır.
Cəmiyyətdə fərdi vəhşicəsinə öldürmək halları həmişə olub və hazırda da var. Belə olan halda kollektiv şəkildə insanları öldürmək halları də baş verə bilər. Bunun üçün cəmiyyətin belə əmələ meyilli olan hissəsini toplayıb, onları insanları öldürməyə ruhlandırmaq lazımdır. Cinayətin həyata keçirilməsində iştirak edəcək bu adamlara, insanı cəmiyyətdən kənarlaşdıran müəyyən ideologiyanı təlqin edib, düşüncələrini dəyişirlər və sonra sürünün sel axını xüsusiyyəti özünü göstərir. Canilər az bir vaxtda kütlənin də dəstəyini qazanırlar.
Ermənistanda da tarix boyu belə olub və indi də belədir. Azərbaycanlıların soyqırımının başında duran, Xocalını qan gölündə boğub yer üzündən silən silahlı erməni dəstələrinə başçılıq etmiş Robert Köçəryan, Serj Sarkisyan və sair cəlladlar bu gün Ermənistan dövlətinə və xalqına rəhbərlik edirlərsə başqa necə ola bilər ki?!
Bəzən iddia edirlər ki, bu faciə müharibənin doğurduğu bir olaydır. Unutmayaq ki, hərbi kontingentin hazırlanmasında şərti əxlaq qaydaları-müharibənin aparılma metodları, günahsız qurbanların sayının azaldılması, öldürmək naminə öldürməyin qadağan olunması kimi şərtlər mövcuddur. Ancaq, uşaqlar və qadınlar da daxil olmaqla dinc insanların kütləvi məhvi, bu yalnız faşizmə xas olan bir qaydadır. Bunun üçün təkcə ideoloji hazırlıq yox, əsrlərlə xalqın şüurunda formalaşmış arxitiplərə zərurət var. Qarabağ müharibəsi dövründə və ümumiyyətlə azərbaycanlıların soyqırım tarixindən də görünür ki, erməni liderləri, həmçinin dini rəhbərləri insanları kütləvi qırğın törətməyə ideoloji cəhətdən əsaslandırılmış şəkildə göndərirlər. Kütlənin qarşısına müəyyən məqsədlər qoyulur və onlar bu məqsədləri öz ideallarına çevirirlər. Ermənilərin bu cinayəti törətməsi üçün milli və dini əsasları var idi - onlar müsəlman azərbaycanlıları qırmalı idilər. Bu və digər amillərin üst-üstə düşməsi ona gətirib çıxarmışdır ki, yüzlərlə erməni nəinki könüllü şəkildə, həm də çox böyük həvəslə bu qanlı bəşəri cinayətdə iştirak etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu faciənin köklərinə dərindən bələd olan bir siyasət xadimi kimi haqlı olaraq deyirdi: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu"...
Bundan sonra bəşər övladlarının əksəriyyətinin vicdani əzab çəksə də, sonra bu dəhşətləri aydınlaşdırmağa çalışan "ideoloqlar" peyda olur - Zori Balayan, Aqanbekyan və sairləri kimi. Bu ideoloqlar törətdikləri vəşiliklərə haqq qazandırmağa çalışır və öz sərsəm fikirləri ilə beynəlxalq aləmi yanlış yola yönəltməyə çalışırlar. Ancaq inanmıram ki, sağlam düşüncə sahibi olan hər hansı normal insan, Zori Balayan kimi qəddar erməni ideoloqunun aşağadakı fikirlərini oxuyub onun sağlam düşüncə sahibi olduğuna inansın: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq" (Zori Balayanın "Ruhumuzun dirçəlişi" kitabından).
Müasir dünyanın bir çox dövlətlərinin, xüsusilə özlərini xalqların hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan Fransa kimi ölkələrin 20 ildən artıq Ermənistanın işğalçı mövqeyinə seyrçi münasibət göstərmələrini, ermənilərin törətdikləri bəşəri cinayətə göz yummalarını izlədikcə ABŞ-ın BMT-dəki keçmiş səfiri Cin Kirkpatrikin 1984-cü il oktyabrın 10-da sionizmə qarşı növbəti kampaniya zamanı peyğəmbərcəsinə söylədiyi aşağıdakı sözləri yadıma düşdü: "Biz yalanları təkzib etməyib onların yayılmasına imkan verdik. Sonra o siyasətə çevrildi və elə beləcə mühakimə etmədiyimiz bu siyasət də ölümə çevrildi... Bəzən bütün xalqların taleyi sözdən asılı olur..."
Bu fikirlər Azərbaycan xalqının taleyini necə də real əks etdirir. Xüsusilə də tarixi gerçəkləri nəsillərdən gizlədə- gizlədə, qanımıza susamış ermənilərə bizə "qardaş" dedirdə-dedirdə, erməni terrorçuları kəndlərimizə hücum çəkib həmvətənlərimizi diri-diri yandıranda, sərnişin avtobuslarımızı, metrolarımızı, sərnişin qatarlarımızı, bərələri partladıb xalqımızın övladlarını qanına qəltan edəndə buna başqa ad qoyub həqiqəti gizlədəndə anlamadıq ki, soyumuzun taleyini, itirdiyimiz keçmişlə gələcəyimizi təhlükə altında qoyuruq.
İnsanlığa qarşı cinayət insanların, millətlərin və dövlətlərin varlığının əsaslarına təhlükə yaradan ağır beynəlxalq cinayət sayılır. Əlbəttə müharibə və münaqişələr dövründə hər iki tərəfdən günahsız zərərçəkənlər olur. Bu müharibədə isə Azərbaycan xalqının günahsız insanlarının kütləvi qətliamı, soyqırımı həyata keçirilib. Xocalı sadəcə cinayət yox, insanlıq tarixinin biabırçı səhifəsidir. Bu səhifədə bir xalqın nümayəndələri qurbanlıq qismində, digər bir xalqın nümayəndələri isə cəllad qismindədir. Unutmaq olmaz ki, bu cinayətdə təkcə Xocalı sakinlərinin, Azərbaycan millətinin, dövlətinin maraqları pozulmur, həm də bəşəriyyətin, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına ziyan vurulur. Düşünürəm ki, beynəlxalq qurumların bu cinayətə etinasızlığı, ümumiyyətlə münaqişəyə ikili standartdan yanaşması çox qorxulu presedent yaradır. Ona görə qorxulu deyirəm ki, Xocalı cinayətini törədən rejim bu gün Ermənistan dövlətini beynəlxalq hüququn subyekti kimi təmsil edir və bununla belə öz mənfur ideologiyasını yaymaqda, bu ideologiyadan irəli gələn soyqırım metodlarını təbliğ etməkdədir. Bunu erməni şovinizminin ideoloqlarından biri olan yazıçı Zori Balayanın əvvəldə qeyd etdiyimiz kitabından da aydın görmək olur.
Azərbaycanı və azərbaycanlıları da bu gün narahat edən, incidən odur ki, Xocalı cinayətinin baş verməsindən 20 il ötməsinə baxmayaraq, ədalət mühakiməsi hələ də beynəlxalq ictimaiyyətin gündəminə çıxarılmır. Əvəzində bu cinayəti törədən ermənilərin yüz il əvvəl guya soyqırıma məruz qalmaları, bu soyqırımı təkzib edənlərin cinayət məsuliyyətinə cəlb olunacaqları haqqında ədalətsiz və yanlış qərarlar, qanunlar qəbul edilir. Heç bir gerçək fakta və sübuta söykənməyən belə olaylarla müqayisədə, erməni qəddarlığının iç üzünü açan azərbaycanlıların soyqırımının tükürpədən real mənzərəsi göz önündəykən buna sivil dünyanın qeyri-sivil münasibətinə, etinasızlığına hiddətlənməyə bilmirsən. Ancaq dünya bir reallığı dərk etməlidir ki, insanlıq adına böyük ləkə olan Xocalı cinayətinin cəzası verilməyənə qədər Azərbaycanın və azərbaycanlıların içini göynədən Xocalının fəryadı bəşəriyyəti rahat buraxmayacaq.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər və təbliğat kampaniyaları Avropa ölkələrini Xocalı soyqırımına yeni prizmadan yanaşmağa, onlara erməni faşist ideologiyasının mahiyyətini açan vəhşiliklərlə daha yaxından tanış olmağa imkan vermişdir ki, bu da münasibətləri kökündən dəyişmişdir. Bu işdə Heydər Əliyev Fondunun xidmətləri də xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər, erməni vəhşiliklərini əks etdirən foto sərgilər müxtəlif xalqların nümayəndələrini, dövlət rəsmilərini, diplomatları, mətbuat nümayəndələrini baş vermiş hadisələrdən geniş məlumatlandırmışdır.
Bütün bunlar dünyanın ədalətsizliklərindən yorulmuş, haqqın qələbəsinə inamını itirmiş xalqımın ümidlərini dirçəldir və Xocalıda, Qaradağlıda, Kərkicahanda, Malıbəylidə onun qanını tökmüş qəddar erməni faşistlərinin ən yaxın zamanlarda öz ədalətli cəzalarını alacaqlarına onda qəti inam yaradır.

{nl}

Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında