Xocalı faciəsi bəşəriyyətə qarşı yönəldilmiş hərbi cinayət aksiyasıdır

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Tədbirdən əvvəl soyqırım qurbanlarının və eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra "Hamımız xocalılıyıq" mövzusunda sərgiyə baxış olmuşdur.
"Dəyirmi masa"da Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı qətliamı" filmi nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev tədbiri giriş nitqilə açaraq bildirmişdir ki, 20 il bundan əvvəl Xocalıda baş vermiş hadisələr müasir Azərbaycan tarixinin ən qanlı səhifəsini təşkil edir. XX yüzilliyin sonunda bu vəhşi aksiya, sözün həqiqi mənasında, erməni işğalçılarının törətdikləri soyqırımı idi. Bir gecənin içərisində bütöv bir şəhəri yerlə-yeksan edib hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan qocaları, qadınları, uşaqları qətlə yetirməyin soyqırımından başqa adı yoxdur. Meyitlərin təhqir edilməsi isə bu quldurların nə qədər mənəviyyatsız və insanlıqdan uzaq olduqlarının göstəricisi idi. Əslində, Xocalı faciəsi təkcə azərbaycanlılara deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilmiş bir hərbi cinayət aksiyasıdır. Azərbaycan dövləti Xocalı soyqırımını dünyaya tanıtmaq istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ona görə də bu gün Xocalı faciəsi Meksika, Pakistan kimi dövlətlərin parlamentlərində müzakirəyə çıxarılmış və bu dəhşətli hadisənin soyqırımı kimi qəbul edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycana dost və qardaş olan Türkiyənin parlamenti də Xocalı faciəsini soyqırımı kimi qəbul edir.
"Dəyirmi masa"da Xocalı Şəhər İcra Hakimiyyəti aparatının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Nadir Rəşidov, Xocalı şəhər sakini, yazıçı İmarət Cəmilli, Xocalıdan olan şəhid ailəsi, "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova çıxış edərək diqqətə çatdırmışlar ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıya hücum edərək dünyada misli görünməmiş soyqırımı törətmişlər. Erməni quldurları 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını işgəncə ilə öldürmüşlər. Səkkiz ailə tamamilə məhv edilmişdir. 1275 sakin girov götürülmüşdür. 150 Xocalı sakininin taleyi bu günə kimi məlum deyildir. O demişdir ki, Xocalı faciəsinə hüquqi-siyasi qiymət ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 24 fevral 1994-cü ildə xüsusi iclas keçirmiş, Xocalıda ermənilərin törətdikləri kütləvi qətl hadisəsini soyqırımı kimi qiymətləndirilmiş, beynəlxalq təşkilatlara və xarici ölkələrin parlamentlərinə müraciət qəbul olunmuşdur. Bu gün Xocalı şəhərindən didərgin düşmüş ailələr dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Prezident İlham Əliyevin göstərişinə əsasən Xocalıdan olan məcburi köçkünlər sosial müavinət və evlərlə təmin edilmişlər.
Sonda rayon məktəbliləri arasında keçirilmiş "Xocalı fəryadı" mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında