Şriftin ölçüsü:
25.02.2012 02:15 | Oxunma sayı: 425
Azərbaycanın Meksikadakı səfirliyi paytaxt Mexikonun ən nüfuzlu və tarixi mədəniyyət ocağı hesab olunan "Bellas Artes" sarayında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində ölkəmizin görkəmli bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət anma konserti təşkil etmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri açan senator Xose Antonio Badia ölkələrimiz arasında inkişaf edən ikitərəfli münasibətlərdən söz açaraq, Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başladığı son dörd ildə bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərdən, yerli hökumət orqanları ilə əlaqələrini genişləndirməsindən danışmışdır.
Anma mərasiminin əhəmiyyətini vurğulayan senator qeyd etmişdir ki, Xocalıda törədilmiş qətliam bəşər sivilizasiyasının ən qara səhifələrindən biridir və bu dəhşətli hadisələr Azərbaycan xalqına qarşı təcavüzün nəticəsində baş vermişdir. Faciə qurbanlarının xatirəsini dərin hüznlə anan natiq demişdir ki, Xocalıda törədilmiş dəhşətli cinayətlər, eləcə də Ermənistanın təcavüzü Azərbaycan xalqının iradəsini və əzmini sındırmamış, ölkənin siyasi, iqtisadi, mədəni inkişafını dayandıra bilməmişdir.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Markos Peres çıxışında bildirmişdir ki, ölkənin ən möhtəşəm mədəniyyət ocağı olan "Bellas Artes" sarayında heç vaxt unudula bilməyəcək Xocalı faciəsinin 20-ci ildönümünün birlikdə qeyd edilməsi xalqlarımız arasında mövcud qardaşlıq əlaqələrini nümayiş etdirir. Vurğulanmışdır ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş qırğın törədərək cinsindən və yaşından asılı olmayaraq mülki əhalini məhv etmişlər. Bu qəddar təcavüz beynəlxalq təşkilatlar tərəfindən tam şəkildə sənədləşdirilmişdir. Bu da beynəlxalq ictimaiyyətin qəti qınağına səbəb olmuş və işğalçı qüvvələrdən təxirə salmadan Azərbaycan ərazilərini boşaltmaq tələb edilmişdir.
M.Peres demişdir ki, Meksika xalqlar arasında sülh və dostluq münasibətləri, insan hüquqları, beynəlxalq hüququn norma və prinsipləri kimi ümumbəşəri dəyərlərə sadiq olduğu üçün Xocalı faciəsinə laqeyd qalmamış və ötən il dekabrın 8-də bu ölkənin Konqresində müvafiq qətnamə qəbul edilmişdir. Həmin sənəddə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız əhalinin öldürülməsi, xüsusən də Xocalı soyqırımı zamanı törədilmiş cinayətlər pislənmişdir. Habelə bu ölkənin BMT yanında Daimi Nümayəndəliyi vasitəsilə qurumun Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistan rəhbərliyinə çağırış etmək barədə Konqres tərəfindən Meksika hökumətinə müraciət edilmişdir.
Çıxışının sonunda M.Peres Azərbaycan və Meksika arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
Səfir İ.Muxtarov çıxışında Azərbaycanın qədim dövrlərdən Şərq və Qərb arasında körpü rolu oynadığını və tarixən bir çox ölkələr tərəfindən təcavüzlərə məruz qaldığını qeyd etmiş, Xocalı soyqırımının Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş verdiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, Ermənistan "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq barədə təcavüzkar və uydurma ideyalara əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etmişdir.
Xocalı faciəsi zamanı ermənilərin törətdikləri dəhşətli cinayətlərin ağır nəticələri barədə faktlar əsasında məlumat verən diplomat vurğulamışdır ki, bu qanlı əməllərin günahkarları hələ də cəzasız qalmışlar. Beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş cinayətlərin soyqırımı kimi tanınması mühüm əhəmiyyət kəsb edir.
İ.Muxtarov bildirmişdir ki, müxtəlif millətləri təmsil edən tədbir iştirakçılarının Xocalı soyqırımı qurbanlarının xatirəsini anma gecəsinə qatılmaları bir milyondan artıq qaçqın və məcburi köçkün, eləcə də faciə qurbanlarının yaxınları üçün mənəvi dəstəkdir.
Senator X.A.Badiaya və deputat M.Peresə təşəkkür edən diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair Meksika Konqresində qətnamələrin qəbul edilməsindəki səylərinə görə Konqres üzvlərinə minnətdarlığını bildirmişdir.
Sonra azərbaycanlı musiqiçilər xalqımızın görkəmli bəstəkarları Q.Qarayev, F.Əmirov, C.Hacıyev və A.Zeynallının klassik əsərlərini ifa etmişlər.
Mərasimdə, həmçinin Xocalı soyqırımı ilə bağlı videoçarx və fotomateriallar nümayiş etdirilmişdir.
İştirakçılara "Xocalıya ədalət!" kampaniyası çərçivəsində səfirlik tərəfindən soyqırımının 20-ci ildönümü ilə əlaqədar ispan dilində nəşr edilmiş jurnal, "Xocalı soyqırımı" sənədli filminin diskləri və döş nişanları paylanmışdır.
Anma gecəsində Meksika Konqresinin üzvləri, hökumət rəsmiləri, Meksikada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, habelə türk və Ukrayna icmalarının, KİV-lərin təmsilçiləri iştirak etmişlər.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.