Almaniya Bundestaqı Xocalı qətliamı və Dağlıq Qarabağ münaqişəsinə dair yeni sənəd qəbul etmişdir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Almaniya Bundestaqının Petisiya daimi komitəsi Xocalı qətliamı ilə bağlı sənəd qəbul etmişdir. Sənəd Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Almaniya-Azərbaycan Münasibətlərinin Təşviqi Cəmiyyəti tərəfindən Almaniya Bundestaqına təqdim edilmiş petisiya əsasında qəbul olunmuşdur. 
Sənəddə bildirilir: "Erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi bu qanlı hadisə - 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verməsini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər".
Petisiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll olunması məsələsi də əksini tapmışdır. Sənəddə, ilk növbədə, Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayonun işğalına son qoyması və məcburi köçkünlərin evlərinə qayıtmalarına şərait yaratmasının vacibliyi qeyd olunur.
Almaniya Bundestaqı bəyan edir: "münaqişənin həlli üçün birinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı şəkildə tələb edilməli və məcburi köçkün problemi deportasiya olunmuşların evlərinə qayıtması hüququna müvafiq surətdə həllini tapmalıdır".
Sənəddə, həmçinin bildirilir ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni səylərin göstərilməsinə öz töhfəsini verməlidir.
Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla, parlament araşdırmasının nəticəsi sənəddə aşağıdakı kimi əksini tapmışdır: "Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusilə, ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən yeddi Azərbaycan rayonunun işğalına son qoyulması və məcburi köçkünlərin evlərinə qayıtması Almaniya tərəfinin mövqeyi kimi qeyd olunur".
Sənəddə Almaniya Bundestaqının 2009-cu il 14 may tarixli sessiyasında qəbul edilmiş "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi" adlı qətnamənin hələ də hüquqi qüvvədə qaldığı" vurğulanır. "Münaqişənin bütün tərəflərinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirməsi" üçün xüsusilə fəallıq göstərmələri tələb olunur. Həmin qətnamələrdə əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı narahatlıq yeni qəbul olunmuş sənəddə də vurğulanır. Sənədə görə, "həll olunmamış regional münaqişələr istənilən vaxt gərginliyin artırılması üçün istifadə edilə və ekstremal vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk qrupu çərçivəsində, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri hələ ki, ümid edilən irəliləyişə gətirib çıxarmamışdır. Bununla da regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur".
Bu istiqamətdə göstərilən bütün səylərə və demarşlara dəstək vermək üçün Petisiya komitəsi petisiyanı Almaniya hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərməyi tövsiyə etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında