Xocalı faciəsi qurbanlarının xatirəsi xarici ölkələrdə də ehtiramla anılmışdır

Ankara
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin konfrans salonunda rəsm və fotosərgi açılmışdır.
Sərginin açılış mərasimində Türkiyə xarici işlər nazirinin xanımı Sara Davudoğlu, qardaş ölkənin hökumət nümayəndələri, diplomatlar, millət vəkilləri iştirak etmişlər.
Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sərginin açılış mərasimində çıxış edən DƏİKGF-nin nümayəndəsi Nabat Qaraxanova və "Xocalıya ədalət" kampaniyasının Türkiyə üzrə nümayəndəsi Gözde Kılıç 2008-ci ildə Forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülmüş işlərdən ətraflı danışmışlar. Məhz bu səylər nəticəsində keçən ay İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı qətliamını soyqırımı kimi tanımış, Pakistan, Meksika parlamentləri də müvafiq addımlar atmışlar. Türkiyə Xarici İşlər Nazirliyində bu sərginin təşkil olunması, Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyasının Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanatı da bu səylərin bəhrəsidir.
Milli Məclisin deputatı Qənirə Paşayeva da "Xocalıya ədalət" kampaniyasının bütün dünyada bu dəhşətli faciənin günahkarlarının qanun qarşısında cavab verməsi üçün çox səmərəli olduğunu bildirmiş, bu ədalətin təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün olduğunu vurğulamışdır. Çünki bu cinayət insanlığa qarşı törədilmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirmişdir ki, DƏİKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış kampaniya sayəsində Xocalı soyqırımı həm Türkiyə, həm də bütün dünyada daha çox tanıdılır. O, Türkiyə XİN-ə bu sərginin təşkili üçün təşəkkürünü bildirmişdir.
Mərasimdə çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin müstəşar yardımçısı Fatih Ceylan, Türkiyə gənclik və idman nazirinin müavini Hakan Hakyeməz və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar Xocalı faciəsindən ətraflı bəhs etmiş, Türkiyə ilə Azərbaycanın bu soyqırımının dünyada tanıdılmasında səylərini birləşdirdiklərini məmnunluqla vurğulamışlar. Natiqlər qeyd etmişlər ki, Xocalı Türkiyənin sərhədləri içərisində olmasa da, Türkiyə vətəndaşlarının ürəyindədir.
London
Londonda Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Birləşmiş Krallıqdan və digər ölkələrdən 300-ə yaxın nümayəndənin qatıldığı tədbirdə iştirakçılara 20 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
Mərasimdə iştirak edən Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva bildirmişdir ki, Londonun mərkəzində təşkil olunmuş bu tədbirə müasir Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamının qurbanlarını anmaq üçün toplaşmışlar.
Tədbirlə bağlı fikirlərini bölüşən ingiltərəli deputat Kris Xiton Xarris vurğulamışdır ki, iyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz həmkarları ilə birlikdə əlindən gələni etməyə hazırdır.
AAC-nin təsisçisi və sədri Tale Heydərov təəssüratlarını bu sözlərlə bölüşmüşdür: "Xocalı faciəsi dəhşətli bir cinayətdir. Bu cinayətin səbəbkarları hələ də məsuliyyətə cəlb olunmamışlar. İşğal olunmuş Dağlıq Qarabağ ərazisi Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. İndi bu ərazidə yaşamış insanlar məcburi köçkünə çevrilmişlər və böyük bir mədəniyyət məhv olmaq üzrədir. Ümid edirəm ki, bu mərasim dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək istiqamətində önəmli bir addım olacaqdır".
Daha sonra AAC tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirin sonunda Londonun Orion simfonik orkestrinin ifasında Qərb və Azərbaycan klassik musiqiləri səslənmişdir.
Berlin
Berlində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Almaniyada Xocalı Günləri" başlanmışdır. Dörd gün davam edəcək tədbir Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi ilə birlikdə, "Avroqafqaz" cəmiyyəti, Avropa Məsələləri İnstitutu, Almaniya-Azərbaycan Forumu, Almaniya azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, "Bakı-Berlin" qalereyasının dəstəyi ilə təşkil etmişdir. Layihə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilir.
Tədbir iştirakçıları Berlindəki Qotfrid Benn adına kitabxananın bağçasında Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklillər qoymuş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Berlinin mərkəzindəki qədim "Palais am Festugsgraben" binasında "Almaniyada Xocalı Günləri"nin açılışı olmuşdur. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov erməni hərbçilərinin 20 il əvvəl mühasirəyə alınmış Azərbaycan şəhəri Xocalıda ətraf mühitdən təcrid olunmuş köməksiz dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışmış, Azərbaycan dövlətinin bu dəhşətli akta verdiyi siyasi qiymət barədə məlumat vermişdir.
Qonaqlar "Xocalı" sənədli filminə baxmışlar. AFR-in keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer, "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Avropa Məsələləri İnstitutunun nümayəndəsi, Şverin şəhərinin keçmiş meri Yoxannes Kvaşik çıxış etmişlər.
Həmyerlimiz, pianoçu Elnarə İsmayılova Listin və Qara Qarayevin əsərlərini ifa etmişdir.
Vaşinqton və Nyu-York
Azərbaycan-Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi silsilə tədbirlərdən ibarət kampaniya milyonlarla insanı əhatə edəcəkdir.
Alyansdan AzərTAc-a bildirmişlər ki, kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerler qoyulacaq, ABŞ konqresmenlərinin bəyanatları səslənəcək, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçiriləcəkdir.
"Washington Post", "New-York Times" qəzetlərinin 26 fevral sayının bütöv bir səhifəsi də Xocalı soyqırımına həsr olunacaqdır. Adıçəkilən dərgilərin, habelə "Politico" nəşrinin internet səhifələrində 1 həftə müddətində soyqırımı ilə bağlı pop-up yerləşdirəcəkdir. Təkcə bu pop-up vasitəsilə bu saytları izləyən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılacaqdır.
Fevralın 23-dən etibarən AAA Nyu-York və Vaşinqton sakinlərini poster və bannerlərlə məlumatlandırmağa başlamışdır. Nyu-Yorkun ən böyük "Penn Station" dəmir yolu vağzalının giriş və çıxış qapılarında, müxtəlif köşələrdə, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş, avtobus dayanacaqlarında, avtobusların üzərində bannerlər yapışdırılmışdır.
Həmçinin, Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün AAA-nın saytında xüsusi bölmə yaradılmışdır. Milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hər bir kəs bu bölməyə daxil olaraq ABŞ Prezidentinə və konqresmenlərinə "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində prioritet olmalıdır " adlı məktub göndərə bilərlər. Saytda, həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.
Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında