Milli Məclisin deputatı, tanınmış elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyevin Azərbaycanın dilbər guşələrindən biri olan Xaçmaz rayonunun son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurları əks etdirən "Xaçmaz" və alimin Xudat şəhər 1 nömrəli orta məktəbin müəllimi Ramiz Məmmədovla birgə tərtib etdiyi "Xaçmaz: görüşlər, düşüncələr..." kitabları bu günlərdə "Təhsil" elm nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
Elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun olduğu "Xaçmaz" kitabında müəllif Azərbaycanın rayonları içərisində xüsusi yeri olan, respublikamızın "Şimal qapısı" adlandırılan Xaçmazın tarixi keçmişinə nəzər salır, rayon əhalisinin etnik tərkibi, şəhərsalma mədəniyyəti, iqtisadiyyatı haqqında ətraflı məlumat verir. Kitabda Xaçmazda bu gün aparılan vüsətli quruculuq işlərindən də geniş bəhs olunur.
Kitaba yazılmış "Bir neçə söz"də qeyd olunur ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən məsul dövrünü yaşayır, dövlət müstəqilliyini möhkəmləndirmək, onu dönməz, əbədi etmək üçün səylə çalışır, ərazi bütövlüyünün bərpası yolunda məqsədyönlü tədbirlər həyata keçirilir, gələcək xoş güzəranı təmin etmək məqsədi ilə misli görünməmiş nailiyyətlər əldə edir. Ülvi hisslərlə yaşayan hər birimiz arzu edirik ki, doğma ocağımızda daim işıq yansın, firavan yaşayaq, balalarımızın gələcəyi xoşbəxt olsun, ata-analarımız ahıl yaşlarında layiqli ömür sürsünlər. Bu həm də o deməkdir ki, dövlətimiz möhkəmlənsin, qloballaşan dünyaya daha yaxından inteqrasiya edərək tərəqqinin önündə getsin, insan hüquqları, qanunçuluq ali məqsədə çevrilsin, azad söz, azad insan, demokratiya gündən-günə inkişaf etsin, çiçəklənsin. Vətənini, xalqını sevən hər bir kəs bu yüksək amallar uğrunda daim mübarizə aparmalı, öz imkanları daxilində əlindən gələni əsirgəməməlidir.
Milli Məclisin deputatı seçildiyi rayonun son illər əldə etdiyi uğurlarından ruhlanan alim vurğulayır ki, bölgənin Prezidentimizi sevən, dövlətçiliyimizi qoruyan, ulu öndərimiz Heydər Əliyevin ideyalarını dönmədən həyata keçirən qəhrəman, qonaqpərvər, zəhmətsevər insanlarının çiyin-çiyinə çalışmaları, respublikamızın "Şimal qapısı"nı çiçəklənən bir diyara çevirmələri məni bu bölgə barədə kitab yazmağa ruhlandırdı. Müəllif bu məqsədlə də Xaçmazın hələ tam öyrənilməmiş tarixini, bu gününü, gözəlliklərini yazıb-yaşatmağa, xoşbəxt günlərini, inkişafını oxuculara çatdırmağa çalışdığını qeyd edir.
Kitabda müəllif Azərbaycanın qədim diyarının tarixinə, bu gününə nəzər salaraq, müstəqillik illərində həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqət və qayğısını böyük ustalıqla qələmə almışdır. Kitabın "Heydər Əliyev və Xaçmaz", "İlham Əliyev və Xaçmaz" bölmələrində bu bölgəyə ölkə rəhbərliyi tərəfindən göstərilən qayğıya geniş yer verilir.
Nəfis tərtibatla nəşr olunmuş kitaba əlavə olunmuş rəngli fotoşəkillərdə bölgənin sosial-iqtisadi inkişafı əksini tapmışdır.
Professor Nizami Xudiyevin Xudat şəhər 1 nömrəli orta məktəbin müəllimi Ramiz Məmmədovla birlikdə hazırladığı ikinci kitab "Xaçmaz: görüşlər, düşüncələr..." adlanır. Adından göründüyü kimi, kitab Xaçmaz rayonundan Milli Məclisin deputatı seçilmiş professor Nizami Xudiyevin seçkiöncəsi kampaniya zamanı bu rayonda seçicilərlə keçirdiyi çoxsaylı görüşlərə həsr olunmuşdur. Həmmüəllif kitabın giriş hissəsində bu barədə belə yazır: "Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 2005-ci ilin sentyabr-oktyabr aylarında seçki kampaniyası ilə əlaqədar Xaçmazın 103 yaşayış məntəqəsində seçicilərimlə görüşlər keçirməyi qarşıma məqsəd qoymuşdum. Həm Xaçmazın tarixini, mədəniyyətini, coğrafi mövqeyini, təbiətini öyrənmək, həm də seçicilərim olan insanların həyat şəraiti, problemləri, gündəlik qayğıları ilə maraqlanmaq gələcək fəaliyyətimdən mənə çox kömək edə bilərdi.
Həmin dövrdə bir neçə məntəqə istisna olmaqla, demək olar ki, hamısında əhali ilə görüşdüm və əmin oldum ki, möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, "Xaçmaz rayonunda çox böyük intellektual potensial var, çox gözəl insanlar var. Orada çox fəal, vətənpərvər insanlar yaşayırlar".
Çoxsaylı görüşlər, açıq söhbətlər mənə yerlərdəki vəziyyəti, problemləri öyrənməyə daha çox imkan verdi. Kəndbəkənd gəzdikcə, yerli camaatla görüşdükcə məndə bu bölgəyə, insanlara sevgi, məhəbbət daha da artdı. Səmimi deyim ki, Xaçmaz mənə doğma Şahbuzumu, təbiəti, meşələri, Batabatı xatırlatdı. Məndə bir daha əminlik yarandı ki, doğma Azərbaycanın hər bölgəsi hər birimizə əzizdir".
Kitabın növbəti səhifələrində Xaçmaz ziyalılarının Milli Məclisin deputatı, professor Nizami Xudiyevlə keçirilən görüşlərdə onun haqqında söylədikləri fikirlər öz əksini tapmışdır. Burada, eyni zamanda, tanınmış alimin dövlətimizin başçısı tərəfindən "Şöhrət" ordeninə layiq görülməsi ilə bağlı çoxsaylı təbrik teleqramlarına da geniş yer verilmişdir.
Xaçmaz rayonunun qədirbilən və qonaqpərvər əhalisi ilə təmasdan yüksək zövq aldığını xüsusi vurğulayan professor Nizami Xudiyev kitabın sonunda yazır: "Bəli, həyatımın, fəaliyyətimin ayrılmaz hissəsi olan Xaçmaz və xaçmazlılarla bağlılığım mənə xüsusi zövq verir. Xoş xatirələrlə, görüşlərlə zəngin olan bu bağlılıq mənim həyatımdır. Xoşbəxtəm ki, bu həyatı yaşayıram və düşüncələrimi mənə əziz olan, doğmalaşmış insanlarla bölüşürəm".
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.