Xocalı soyqırımının 20-ci ildönümü Vaşinqtonda anılmışdır

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda anma mərasimi təşkil etmişdir.
Səfirlikdən bildirmişlər ki, ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu Ehtiyatda Olan Zabitlər Assosiasiyasının binasında keçirilən mərasimdə hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV-lərin təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış "beyin mərkəzləri"nin ekspertləri, alimlər, tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri və s. iştirak etmişlər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək əvvəlcə Xocalı soyqırımının tarixi və faciənin qurbanları haqqında məlumat vermişdir. Ölkəmizin daim güclü etnik və dini dözümlülük ənənələri ilə fərqləndiyini qeyd edən diplomat Xocalı soyqırımı baş verərkən bu faciəni tam şəkildə anlamağın, xüsusilə etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaqların, qadınların və yaşlıların vəhşicəsinə qətlə yetirilməsinin hər bir azərbaycanlıda dərin hüzn və kədər doğurduğunu diqqətə çatdırmışdır. E.Süleymanov Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını qeyd edərək azərbaycanlıların qisas arzusunda olmadıqlarını, yalnız ədalət və sülh istədiklərini vurğulamışdır.
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman çıxışında Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsinin və soyqırımı barədə həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişdir. Bu baxımdan faciə qurbanlarına dair əşyaların toplanmasının zəruriliyini qeyd edən natiq Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyinin timsalında yaradılacaq muzeydə belə əşyaların gələcək nəsillərin məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır.
Sonra ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin deputatları Asim Mollazadə və Sevinc Fətəliyeva çıxış etmişlər. A.Mollazadə Xocalı faciəsini törədən cinayətkarların və onların havadarlarının əsas məqsədinin Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olduğunu bildirərək onların öz məqsədlərinə günahsız insanların qanı hesabına çatdıqlarını qeyd etmişdir. Bu kütləvi qırğını törətmiş cinayətkarların hələ də azadlıqda olduğunu diqqətə çatdıran deputat haqq-ədalətin zəfər qazanacağına, qətliamı törədənlərin layiqli cəzalarını alacaqlarına əminliyini vurğulayaraq, bu məsələdə beynəlxalq birliyin fəallığının artırılmasının zəruriliyini bildirmişdir.
Müstəqilliyin bərpasından sonra Azərbaycanın daha güclü və inkişaf etmiş dövlətə çevrildiyini diqqətə çatdıran S.Fətəliyeva bununla yanaşı, Xocalı faciəsinin 20 il əvvəl olduğu kimi, bu gün də hər bir azərbaycanlının qəlbini sızlatdığını və soyqırımı qurbanlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını qeyd etmişdir.
Çıxışlardan sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi parçaları ifa etmişdir.
Mərasim iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgi ilə də tanış olmuşlar. İştirakçılara Xocalı soyqırımı, həmçinin Ermənistanın Azərbaycana hərbi təcavüzünün dəhşətli nəticələri barədə kitablar, broşürlər, jurnallar və disklər paylanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında