Dövlət Proqramı icra olunur. 800 metrlik uzunölçülü relslərin (piletlərin) hazırlanmasına başlanıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində həyata keçirilən işlər yeni mərhələyə qədəm qoyub. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunacaq. Bu günə kimi 55,5 kilometr yol əsaslı təmir olunub.  
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, əsaslı təmir işlərini həyata keçirən "Dəmiryolservis" MMC-nin kollektivi, eyni zamanda, təmir olunmuş kilometrlərin uzunölçülü piletlərlə əvəz olunmasını təmin edir. Bu piletlərin hazırlanması və daşınması "Dəmiryolservis" MMC-nin 24 saylı Salyan Rels Qaynaqlama Qatarının kollektivinin gücü ilə həyata keçirilir.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə start veriləndən sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun təşəbbüsü ilə 800 metrlik uzunölçülü piletlərin daşınmasını həyata keçirən xüsusi təyinatlı qatarın hazırlanmasına başlanılmışdı. Əvvəlcə təqdim olan platforma vaqonlarının döşəməsi təmir olunmuş, sonra isə piletlərin daşınması üçün lazım olan yardımçı hissələr qaynaq edilmişdi. 2011-ci ilin sonuna kimi xüsusi təyinatlı qatarın hazırlanması prosesi başa çatmışdı.
Dünən-fevralın 22-də ikinövbəli iş rejimində işləyən kollektivin səyi nəticəsində ölkədə ilk dəfə 800 metrlik uzunölçülü piletlərin hazırlanıb daşınmasına start verildi. Relslər 24 saylı Salyan Rels Qaynaqlama Qatarında 800 metr uzunluğunda qaynaq edilib xüsusi təyinatlı qatara yüklənərək lazım olan sahəyə daşınır. İndi qatar hər dəfə, əvvəlki kimi, 2 kilometr 400 metr yox, 4 kilometr 800 metr rels daşıyacaq.
800 metrlik uzunölçülü piletləri daşıyan ilk qatar Dəllər-Zəyəm mənzilinin 136-148-ci kilometrinə göndəriləcək. Sonra da cədvəl üzrə əsaslı təmir olunmuş bütün kilometrlər uzunölçülü relslərlə əvəzlənəcək. Qeyd edim ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair" Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 17,7 kilometr yolda uzunölçülü piletlərlə əvəzlənmə aparılıb.
Mütəxəssislərin qənaətinə görə, relslər uzunölçülü olanda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır və bununla da relslərin ömrü uzanır. Uzunölçülü relslərlə çəkilən yollar həm sürət, həm də rahatlıq deməkdir.

{nl}

Qabil YUSİFOCLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında