Məhkəmələrə müraciətlərin artması vətəndaşların ədalət mühakiməsinə inamının güclənməsi ilə bağlıdır

Son günlər "Azadlıq", "Şərq" və "Zerkalo" qəzetlərində Azərbaycanın məhkəmə hakimiyyəti barədə qərəzli yazılar dərc olunur. Bir qayda olaraq "hüquq müdafiəçisi"nin, "tanınmış hüquqşünas"ların fikirləri kimi təqdim edilən, əslində isə cəmiyyətdə heç bir nüfuzu olmayan şəxslərin fakt və dəlillərə əsaslanmayan təhqir, yalan və böhtan dolu, həqiqətdən uzaq mülahizələrinə əsaslanan belə məqalələr yalnız ölkədə görülən müsbət işlərə qara yaxmaq məqsədi daşıyır. Həmin yazıları oxuduqdan sonra gənc hakim kimi onlara münasibət bildirməyi vacib saydım.
Son illərdə ölkəmizdə vətəndaşların məhkəmələrə müraciətlərinin sayının artması müşahidə olunur və bu da təbiidir. Əvvəllər - sovetlər dövründə bütün mülkiyyət dövlətin əlində cəmləşmişdisə, müstəqillik illərində ayrı-ayrı vətəndaşlara məxsus olan xüsusi mülkiyyət növü və onun həcmi üstünlük təşkil edir. Sərbəst bazar iqtisadiyyatı şəraitində yeni növ ictimai münasibətlərin meydana gəlməsi, mülki dövriyyənin sürətlə genişlənməsi ilə bağlı yaranan mübahisələr təbii ki, öz həllini hüquqi müstəvidə tapmalıdır və insanlar da bu inamla məhkəmələrə üz tuturlar. Məhkəmələrə müraciətlərin sayının artmasını vətəndaşların hüquqlarının pozulması kimi qələmə vermək isə peşəkar hüquqşünaslıqdan çox diletantlıq təsiri bağışlayır. Məlumdur ki, məhkəmələrdə mülki işlərə baxılarkən barışıq yoxdursa, tərəflərdən biri mütləq uduzur. Məhkəmənin çıxardığı qərarla razılaşmayan tərəf apelyasiya şikayəti vermək hüququna malikdir və tərəflər bu hüquqdan təbii ki, istifadə edirlər. Birinci instansiya məhkəməsinin qərarından apelyasiya və sonra kassasiya instansiyasına şikayət verilməsi və hətta qərarın ləğv edilməsi heç də birinci instansiya məhkəməsinin işi barədə mənfi fikir söyləməyə əsas vermir. Bütün dünyada mülki və ya iqtisadi mübahisənin müxtəlif instansiyalarda dəfələrlə baxılaraq nəhayət son və qəti qərar qəbul edilməsi adi təcrübədir və belə hallarda birinci instansiya məhkəmələrini qərəzlilikdə və ya ədalətsizlikdə günahlandırmaq heç kimin ağlına da gəlmir. Azərbaycanda isə bəzi lhüquqşünas ekspertlər» belə fikir formalaşdırmağa cəhd edirlər ki, baxılan işlərdən yuxarı instansiyalara şikayət çox verilirsə, deməli birinci instansiya məhkəmələri pis işləyir.
Təəssüflər olsun ki, qeyd olunan yazılarda ölkəmizdə məhkəmələrin müsbət fəaliyyətini, ümumiyyətlə, inkar edənlər də var. Hüquqi düşüncəyə, sağlam təfəkkürə zidd belə fikirlər söyləmək ən azı məsuliyyətsizlikdir. Həmin yazıların birində qeyd olunur ki, bütün dünyada rayon məhkəməsində baxılan işlərin heç 1 faizi də Ali Məhkəməyə gedib çıxmır. Əvvəla, bu statistikanın mənbəyi və səhihliyi məsələsinə toxunmuruq. Hətta bu rəqəm doğrudursa, Azərbaycan reallığından çox da fərqlənmir. Bu günlərdə Ali Məhkəmənin Plenumunda konkret olaraq bildirilib ki, ötən il məhkəmələrdə təxminən 160 min 80 işə baxılıb və bunlardan cəmi 5800-nün barəsində Ali Məhkəməyə kassasiya şikayəti verilib. Bu isə heç 4 faiz də təşkil etmir. Görünür, belə reallıq kimlərinsə ürəyincə deyil.
Qərəz və mənfi emosiyalardan ibarət belə yazılarda heç bir fakt gətirilmədən məhkəmə hakimlərinin ünvanına şər və böhtan dolu ittihamlar səsləndirilir, onlar ucdantutma haqqı nahaqqa qurban verməkdə təqsirləndirilir. Halbuki, Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən hakimliyə namizədlərin seçilməsi prosedurları, ilk növbədə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edir. Təbii ki, hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxılmasının ən mühüm amillərdən biri də onların seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Bu məqsədlə Azərbaycanda artıq avropalıların da etiraf etdiyi kimi, ən mütərəqqi qaydalar tətbiq edilir. Hazırda bu sahədə Azərbaycan təcrübəsi bütün Avropaya nümunə kimi göstərilir.
Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaradıb və qrup üzvləri Azərbaycana səfər etməklə hakimliyə namizədlərin seçimini bilavasitə izləyiblər. Məsələ ilə bağlı CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda formalaşmış institusional qurumların fəaliyyətinin və hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyi vurğulanıb və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilib.
Maraqlıdır, Avropa ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar, dünyada tanınmış mütəxəssislər Azərbaycanda aparılan məhkəmə islahatlarını bəyənir, yuxarıda sözügedən qəzetlərdə "tanınmış hüquqşünas" və "hüquq müdafiəçisi" kimi təqdim olunan şəxslər isə bu sahədə hər şeyi inkar etməyə çalışırlar.
Məhkəmələrə və hakimlərə şər-böhtan atmağı özünə növbəti peşə seçmiş Leyla Yunusun hakimlər barədə qeyri-etik ifadələri ümumiyyətlə ikrah doğurur. Bu mövzuda onun əvvəllər də çıxışları olub və mətbuatda o cümlədən Azərbaycan Hakimlər Assosiasiyası tərəfindən cavabını alıb. Lakin görünür ki, bu qadın başqalarını, xüsusən də hakimləri təhqir etməkdən zövq alır və bu şakərindən əl çəkmək niyyətində deyil.
Unutmaq olmaz ki, vətəndaşların məhkəmələrə müraciətlərinin sayının kəskin şəkildə artması həmçinin, onlara belə müraciətlər üçün yeni imkanların yaradılması ilə bağlıdır. Məlum olduğu kimi, son illərdə bölgələrdə yeni apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr, ümumilikdə 20-dək məhkəmə yaradılmış, bunlar da hüquq institutlarının, vəkillik fəaliyyətinin inkişafına təkan vermişdir. Əvvəllər ölkənin müxtəilif yerlərindən, o cümlədən apelyasiya şikayəti vermək üçün Bakıya gəlmək məcburiyyətində qalan, bəzən də buna vaxtı və imkanı olmayan, vəkil tapmaqda çətinlik çəkən vətəndaşlar hazırda çox da uzağa getmədən hüquqlarının müdafiəsi ilə bağlı məhkəmələrə müraciət edə bilirlər.
Bu fakt digər tərəfdən, sözsüz ki, Azərbaycanda sürətli iqtisadi inkişafın, məhkəmə müdafiəsi mexanizmlərinin genişləndirilməsinin nəticəsidir və öz növbəsində, hakimlərin iş yükünün də xeyli artmasına gətirib çıxarıb. Təbii ki, iş yükünün çoxluğu işlərə keyfiyyətlə və vaxtında baxılmasına təsir göstərir. Bununla əlaqədar ölkə Prezidentinin müvafiq fərmanları ilə son illər hakim ştatlarının sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb. Bundan əlavə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz çoxalıb, hər bir hakimə ayrıca köməkçi ştatı ayrılıb. Hakimlərin iş şəraiti yaxşılaşdırılır. Yeni, ən müasir tələblərə cavab verən məhkəmə binaları inşa edilir, mövcud binalar isə əsaslı təmir edilir. Məhkəmə infrastrukturunun yaxşılaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizdə irimiqyaslı tədbirlər həyata keçirilir. Görülən bütün işlər, həyata keçirilən islahatlar isə birmənalı şəkildə məhkəmələrə müraciət edən vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli qorunmasına xidmət edir.
Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, hüquq sisteminin təkmilləşməsi, o cümlədən məhkəmə fəaliyyətinin müasirləşməsi göz qabağındadır. Ölkəmizdə bərqərar olunmuş demokratik mühit, söz azadlığı, yüzlərlə qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi heç də başqalarının, xüsusən də sivil dünyada böyük hörmət və ehtiram bəslənilən hakimlərin işinə və şəxsiyyətinə, məhkəmə hakimiyyətinə kölgə salmağa cəhd göstərməyə əsas vermir. Belə cəhdlər, istər qanuna, istər hüquqa, istərsə də mənəviyyata ziddir. Mövcud reallıqlara açıq gözlə baxmağın və obyektiv qiymət verməyin vaxtı çoxdan çatmışdır.

{nl}

Anar RZAYEV, Yasamal Rayon Məhkəməsinin hakimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında