Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı mübarizə səngimədən aparılır, əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılır. Keçirilən tədbirlərlə cinayətkarlardan külli miqdarda müxtəlif növ ağır narkotik vasitələr götürülür.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 24 nəfər, o cümlədən 22 Azərbaycan, 2 Rusiyanın vətəndaşı ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 254 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüş, 11 cinayət işi başlanılmışdır.
Narkotrafikə qarşı mübarizə üzrə keçirilmiş bu əməliyyatların uğurla nəticələnməsində Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin, həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin səmərəli işbirliyi xüsusi rol oynamışdır.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində "İran-Azərbaycan-Türkiyə-Rusiya" marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasının qarşısı alınmışdır. Məlum olmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşları - Myasnikov Zeynal Sergey oğlu, Həsənov Tacəddin Arif oğlu, Bağışov Mehman Sabir oğlu, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, Zeynal Myasnikov, Tacəddin Həsənov, Mehman Bağışov və həmin iranlılar arasında narkotik vasitələrin qaçaq yolla İrandan Azərbaycana, sonradan isə eyni üsulla Türkiyəyə, oradan da Rusiyaya göndərilməsi barədə əvvəlcədən razılıq əldə edilmişdir. Bu razılaşmaya əsasən, İran vətəndaşları 102 kiloqram 716 qram həşiş qətranını yük maşınında gizlədərək qaçaq yolla İrandan Azərbaycana göndərmişlər. Narkotik vasitələr "Avrasiya" nəqliyyat daşımaları şirkətinin Bakı şəhəri, Nizami rayonunun Çobanzadə küçəsindəki 10/22 nömrəli evdə yerləşən anbarında gizlədilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən anbara keçirilmiş baxış zamanı kisələrin içindən həmin narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən Moskva şəhərində birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Rusiya vətəndaşı Adilxanov Radik Aliyeviç saxlanılmış, ondan 126 qram kokain və 6 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən Rusiya ərazisində birgə keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Rusiya vətəndaşı Turabov Rüfət Əlisəftər oğlu saxlanılmış, ondan 7 kiloqram 400 qram tiryək aşkarlanaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Tümen şəhərində "Bakı-Tümen" sərnişin qatarının bələdçisi Vəliyev Rövşən Rəşid oğlu saxlanılmış, onda 20 kiloqram 528 qram tiryək aşkarlanmışdır.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş növbəti əməliyyat tədbiri ilə Yekaterinburq şəhərində "Bakı-Tümen" sərnişin qatarında Azərbaycan vətəndaşları - Məmmədov Allahverdi Məhərrəm oğlu, Əliyev Əfsər Qarsalan oğlu, Hüseynov Abdulxeyir Musa oğlu, Hüseynov Bəhruz Xanoğlan oğlu və Rəhimov Məcid Elbrus oğlu saxlanılmış, onlardan 22 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Azərbaycan vətəndaşı Məmmədov İlqar Süleyman oğlu yaxalanmışdır. Müəyyən edilmişdir ki, İlqar Məmmədov və qeyriləri qabaqcadan əlbir olaraq 36 kiloqramdan artıq həşiş qətranını və 15 kiloqram 380 qram tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışlar.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ardıcıl olaraq daha bir neçə əməliyyat tədbiri həyata keçirilmişdir. "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Xancanov Ağalı Miralı oğlu, Bəşirov Qalası Məhərrəm oğlu və Sadıqov Saleh Sadıx oğlu yaxalanmış, onlardan 702,2 qram heroin aşkar edilərək götürülmüşdür.
Digər əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Quliyev İbrahim Yolçu oğlu, Məmmədov Taleh Müzəffər oğlu və Cavadova Aygün Habil qızı yaxalanmış, onlarda 9 kiloqramdan artıq həşiş aşkar edilmişdir.
Daha bir əməliyyat tədbiri ilə eyni marşrut üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Seyidov Elşən Bəhram oğlu və Tarıverdiyev Rizvan Dadaşbala oğlu yaxalanmış, onlardan 1 kiloqram 156 qramdan artıq heroin, həşiş və tiryək aşkarlanaraq götürülmüşdür.
Növbəti əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycandan keçməklə Rusiyaya narkotik vasitələrin qanunsuz daşınmasına cəhd göstərən Azərbaycan vətəndaşları - Məhərrəmov Mübariz Rəcəb oğlu, Rəhimov Zərxan Raqif oğlu, Məmmədov Mikayıl İsa oğlu, İmaməliyev Əflatun Hacırza oğlu, İmaməliyev Sərvər Muxtar oğlu və İmaməliyev Hikmət Muxtar oğlu yaxalanmış, onlardan 32 kiloqram 845 qram həşiş aşkar edilərək götürülmüşdür.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi bu xüsusda vacib olan bir məqama bir daha toxunmağı zəruri sayır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi xalqımızın milli maraqlarına ciddi təhdid olduğundan, onunla mübarizəyə bütün qüvvələrin səfərbər edilməsi, əhali arasında səmərəli profilaktik və hüquqi maarifləndirmə işinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Həm şəxsi sağlamlığa, həm də milli genofonda böyük zərər vuran, eyni zamanda, insanı asılı vəziyyətə və cəmiyyətdən ayrı salan, terrorçuluq üçün əsas maliyyə mənbələrindən olan narkotiklərlə mübarizə hər kəsin - fərdin, ailənin, təhsil müəssisəsinin, əmək kollektivinin, ictimaiyyətin və dövlətin işidir. Yalnız bu halda, iş məqsədyönlü və səfərbər şəkildə qurulduqda, həmin cinayətlərin qarşısı vaxtında alına və milli mənafelər daha effektli qoruna bilər. İctimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində milli maraqların etibarlı təmin olunması ilə bağlı qanunvericiliklə üzərinə müvafiq vəzifələr və məsuliyyət qoyulmuş Milli Təhlükəsizlik Nazirliyi bundan sonra da cəmiyyətə zidd bütün təzahürlərə qarşı dönmədən və qətiyyətli mübarizə aparacaqdır və bu yönümdə adekvat tədbirlər ardıcıl davam etdiriləcəkdir.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.