Şriftin ölçüsü:
23.02.2012 01:56 | Oxunma sayı: 512
Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.
ƏMDK-dən AzərTAc-a bildirmişlər ki, komitənin sədri Kərəm Həsənov əvvəlki illərdə olduğu kimi, bu il də həyata keçirilən davamlı tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində artım templəri və sosial-iqtisadi inkişafın müşahidə edildiyini bildirmişdir.
Müşavirədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı komitə tərəfindən il ərzində görülmüş işlər müzakirə edilmişdir, müvafiq əmrlər imzalanmış və mütəmadi icra tədbirləri görülmüşdür.
Məlumat verilmişdir ki, elektron xidmətlərin tətbiqi məqsədi ilə müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər hazırlanmışdır. Bu baxımdan komitənin internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır.
Hesabat ilində dövlət mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sisteminin, habelə reyestrinin aparılmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlakın istifadəsinə dair 12 normativ-hüquqi aktın layihələri hazırlanmışdır. Bu sənədlərin bir qismi artıq təsdiq edilmişdir.
Ötən il 230-dan çox müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması vəziyyəti araşdırılmışdır. 2010-cu ilin yekununa görə, nizamnamə kapitalında dövlətin payı olan 308, komitənin sərəncamında olan 93 dövlət müəssisəsindən balans hesabatları qəbul edilmişdir.
"Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat"ı təqdim etməli olan 6280 dövlət müəssisəsi və təşkilatından 5901 xüsusi hesabatların alınması təmin edilmişdir.
Özəlləşdirilmədən sonra bağlanılmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı sosial təyinatlı 90 obyektdə monitorinqlər aparılmışdır. Keçirilmiş monitorinqlərin nəticələri barədə müvafiq arayışlar tərtib edilmiş və mülkiyyətçilərə özəlləşdirilən sosial obyektlərdə profili saxlanılmaqla normal fəaliyyətinin təmin olunması istiqamətində qanunvericiliklə və alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir.
Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinq keçirilmiş və 150-yə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilmişdir. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədi ilə məhkəmələrə iddia ərizələri verilmişdir.
Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 5,1 milyon manatdan çox vəsait daxil olmuşdur ki, bununla da 2011-ci ilin dövlət büdcəsi üzrə müəyyən edilmiş müvafiq tapşırıqlar 102 faiz yerinə yetirilmişdir.
Daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilmişdir. Dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilmişdir. 2011-ci ildə dövlət mülkiyyətində olan 5745 ədəd daşınmaz əmlak obyekti barədə çöl geodeziya ölçmə işləri aparılmış, koordinatlar müəyyən edilmiş, sahələr hesablanmış, aparılmış çöl geodeziya ölçmə işlərinin nəticələri müəllif nəzarəti qaydasında yoxlanılmış, hər bir daşınmaz əmlak obyekti üzrə kadastr planları tərtib edilmiş və onlardan çıxarışlar hazırlanmışdır.
Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına ölkə ərazisinin daşınmaz əmlakın kadastrı məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin hazırlanması işinə başlanılmışdır.
Vətəndaşlardan komitənin 193 nömrəli "qaynar telefon xətti"nə 450-yə, rəsmi internet səhifəsi vasitəsilə isə 250-yə yaxın on-line müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin qeydiyyata alınaraq operativ cavablandırılması təmin edilmişdir.
Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu prosesdə əmək kollektivi üzvlərinin mənafelərinin qorunması, keçirilən hərraclarda vətəndaşların bərabərhüquqlu iştirakının təmin olunması və özəlləşdirmə prosesində şəffaflığın daha da artırılması ilə bağlı müvafiq göstərişlər verilmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.