Xocalı faciəsi təkcə azərbaycanlılara deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilmiş hərbi cinayət aksiyasıdır

Fevralın 22-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Tədbiri YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov açaraq bildirmişdir ki, 20 il bundan əvvəl Xocalıda baş vermiş hadisələr müasir Azərbaycan tarixinin ən qanlı səhifəsini təşkil edir. XX yüzilliyin sonunda bu vəhşi aksiya sözün həqiqi mənasında erməni işğalçılarının törətdikləri soyqırımı idi. Bir gecənin içərisində bütöv bir şəhəri yerlə-yeksan edib hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan qocaları, qadınları, uşaqları qətlə yetirməyin soyqırımından başqa adı yoxdur. Meyitlərin təhqir edilməsi isə bu quldurların nə qədər mənəviyyatsız və insanlıqdan uzaq olduqlarının göstəricisi idi. Əslində Xocalı faciəsi təkcə azərbaycanlılara deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilmiş bir hərbi cinayət aksiyasıdır.
Azərbaycan dövləti Xocalı soyqırımını dünyaya tanıtmaq istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ona görə də bu gün Xocalı faciəsi Meksika, Pakistan kimi dövlətlərin parlamentlərində müzakirəyə çıxarılmış və bu dəhşətli hadisənin soyqırımı kimi qəbul edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycana dost və qardaş olan Türkiyənin parlamenti də Xocalı faciəsini soyqırımı kimi qəbul edir.
"Dəyirmi masa"da Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıya hücum edərək dünyada misli görünməmiş soyqırımı törətmişlər. Erməni quldurları 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını işgəncə ilə öldürmüşlər. Səkkiz ailə tamamilə məhv edilmişdir. 1275 sakin girov götürülmüşdür. 150 Xocalı sakininin taleyi bu günə kimi məlum deyildir.
İcra hakimiyyətinin başçısı demişdir ki, Xocalı faciəsinə hüquqi-siyasi qiymət ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 24 fevral 1994-cü ildə xüsusi iclas keçirmiş, Xocalıda ermənilərin törətdikləri kütləvi qətl hadisəsini soyqırımı kimi qiymətləndirilmiş, beynəlxalq təşkilatlara və xarici ölkələrin parlamentlərinə müraciət qəbul olunmuşdur.
Bu gün Xocalı şəhərindən didərgin düşmüş ailələr dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Prezident İlham Əliyevin göstərişinə əsasən Xocalıdan olan məcburi köçkünlər sosial müavinət və evlərlə təmin edilmişlər.
"Dəyirmi masa"da Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç çıxış edərək qardaş ölkənin Azərbaycanın faciəsini öz faciəsi kimi qəbul etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Türkiyə Xocalı faciəsinin bütün dünyada soyqırımı kimi qəbul edilməsində Azərbaycana hərtərəfli dəstək verəcəkdir.
Səfir bildirmişdir ki, müasir dünyada ikili standartlar siyasəti mövcuddur. Bu siyasət haqqın, ədalətin bərpasına mane olur. Necə olur ki, bir sıra ölkələrin parlamentləri heç bir zaman baş verməmiş hadisəni soyqırımı kimi qələmə verirlər, lakin Xocalıda - dünyanın gözü qarşısında kütləvi soyqırımı aktını görmürlər. Dünyada ikili standartlar siyasətinin mövcudluğuna baxmayaraq, Türkiyə və Azərbaycan bu məsələni daha qabarıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdırlar.
Diplomat demişdir ki, Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanunu qəbul edərkən Türkiyə Azərbaycanın ədaləti necə müdafiə etməsinin şahidi oldu. Azərbaycan dünyaya səs saldı və bu məsələdə Türkiyəni tək qalmağa qoymadı. Biz də öz növbəmizdə qardaş Azərbaycanı tək qalmağa qoymayacağıq. Türkiyə Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün əlindən gələn köməyi edəcəkdir.
Səfir vurğulamışdır ki, "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Türkiyənin Ankara, İstanbul və digər böyük şəhərlərində kütləvi aksiyalar keçiriləcək və soyqırımı törədənlərin cəzalandırılması tələb ediləcəkdir.
Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin nümayəndələri çıxış edərək bildirmişlər ki, Xocalı soyqırımının daha əhatəli təbliği üçün həm dövlət, həm də qeyri-dövlət qurumları əlaqəli fəaliyyət göstərməlidirlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında