Şriftin ölçüsü:
22.02.2012 00:46 | Oxunma sayı: 432
"Böyük iyirmilər"in iyun ayında Meksikada keçiriləcək növbəti sammitində Azərbaycan da iştirak edəcək
"RİA Novosti" informasiya agentliyi Meksikanın xarici işlər naziri Patrisiya Espinosa istinadən xəbər verir ki, fevralın 19-20-də bu ölkənin Lob-Kabos şəhərində dünyanın onlarca dövlətinin xarici işlər nazirlərinin görüşərək əhatəli müzakirələr aparması bütövlükdə Yer kürəsinin sabahı üçün əlamətdar hadisələrdən biridir. Çünki dünyanın aparıcı ölkələrinin diplomatları həmin tədbirdə bu ilin iyun ayında Meksikanın adıçəkilən şəhərində keçiriləcək çox möhtəşəm bir sammitə hazırlıq işlərinin gedişini müzakirə ediblər. Söhbət "Böyük iyirmilər"in növbəti sammitindən gedir. Bu sammitin bütün dünya üçün olan əhəmiyyəti ondan ibarətdir ki, orada iqlim dəyişiklikləri və ərzaq problemi kimi hamını narahat edən çox aktual məsələlər müzakirə olunacaq. Bizim üçün, daha doğrusu, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlı üçün isə həmin tədbir ikiqat əhəmiyyətli olacaq. Çünki sammitə quruma daxil olan 20 ölkədən başqa daha 10 ölkənin dövlət başçısı da dəvət edilib.
Sammitə dəvət olunanlar arasında Sinqapur, Norveç, Azərbaycan və İspaniya kimi iti sürətlə inkişaf edən ölkələrin olması tədbir təşkilatçılarının bu ölkələrdə aparılan islahatlara verdiyi önəminin təsdiqidir. Dəvət olunan qonaqlar arasında "Qara qitə"nin bütün ölkələrini özündə birləşdirən Afrika İttifaqının da olması (Avropa İttifaqının iqtisadi sahədə əldə etdiyi çoxsaylı uğurlardan sonra Afrikada da belə bir ittifaq formalaşdırılıb) isə bu qitənin ərzaq problemindən daha çox əziyyət çəkməsi ilə bağlıdır. Xüsusən, "ərəb baharı" deyilən dağıdıcı proses Şimali Afrikanın Misir və Liviya kimi daha çox inkişaf etmiş ölkələrinə fəsadları 30-40 ilə aradan qaldırıla bilməyəcək zərbələr vurmuşdur. İndi dünya ictimaiyyəti həmin 30-40 ilin 15-20 illə əvəz olunmasına çalışır və inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələrin islahat təcrübələri, sosial-iqtisadi yönümlü proqramları ümumiyyətlə, geridə qalan təcrübə öyrəniləcək, bütövlükdə planetimizin tərəqqisi üçün çıxış yolları axtarılacaq.
"Komsomolskaya pravda" qəzeti yazır ki, iyunda dünyanın aparıcı siyasətçiləri Meksikada iqlim dəyişiklikləri və ərzaq problemləri ilə yanaşı, bir sıra iqtisadi və maliyyə xarakterli məsələlərin müzakirəsinə də böyük diqqət ayıracaqlar. Bu iş bütün dünyada irəliyə doğru getməli və davamlı olmalıdır. Xatırladaq ki, "Böyük iyirmilər" qrupu 1997-98-ci illərdə dünyanın üzləşdiyi maliyyə böhranının nəticələrinin aradan qaldırılması məqsədilə yaradılmışdı. Həm maliyyə böhranının özü, həm də onun fəsadlarının aradan qaldırılması üçün dünyanın aparıcı ölkələrinin birləşmək təşəbbüsü qloballaşmanın nəticələri kimi qiymətləndirilirdi. "Böyük iyirmilər"in görüşü quruma daxil olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin beynəlxalq müşavirəsi formatında keçirilir. Quruma üzv olan ölkələr dünyada istehsal olunan ümumi daxili məhsulun 90 faizinin, dünya ticarətinin 80 faizini və planetin əhalisinin üçdə ikisini özündə birləşdirirlər.
"Reqnum" informasiya agentliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevə istinadən xəbər verir ki, bu ölkənin "Böyük iyirmilər"in görüşünə dəvət olunması və fevralın 19-20-də Meksikada xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyətimizin iştirak etməsi çox böyük əhəmiyyət kəsb edən hadisədir. Çünki beynəlxalq aləm rəsmi Bakıya bu dəvəti göndərməklə bizim ölkənin 20 illik müstəqillik dövründə əldə etdiyi hərtərəfli uğurları bir daha yüksək qiymətləndirir. Buradakı "bir daha" ifadəsi təsadüfi deyil. Çünki cəmi dörd ay əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə iştirak edərkən də dünya ölkələri respublikamıza böyük etimad göstərmişdilər.
Bəs ölkəmizin son 20 ildə qazandığı uğurlar nədən ibarətdir? Bu barədə dönə-dönə yazdığımıza görə təfərrüata varmaq istəmirik. Ancaq xüsusilə qeyd olunmalı bir neçə məqam vardır. Bu gün Azərbaycan insan hüquqlarının ən yüksək səviyyədə qorunduğu tolerant ölkə kimi bütün dünyada böyük nüfuz qazanıb. İşsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması üçün həyata keçirilən islahatlar dünyanın bütün beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Cəmiyyətin daha da demokratikləşdirilməsi, seçkilərin ədalətli və şəffaf keçirilməsi hamı tərəfindən alqışlanan müsbət tendensiya kimi qəbul edilir. Balanslaşdırıcı xarici siyasət və mehriban qonşuluq prinsipləri bütün ölkələrdə rəsmi Bakıya inam və etimadı artırıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Rəsmi Bakı beynəlxalq aləmdə dönməz xarakter alan terrorçuluğa və separatizmə qarşı mübarizədə iştirakını ardıcıllıqla və prinsipiallıqla davam etdirir. Ən başlıcası, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh və danışıqlar yolunu məqbul saymaqla dünya ictimaiyyətinin mövqeyinə misilsiz bir hörmət nümayiş etdirmiş olur.
Bütün bunlar isə dünya ictimaiyyətinin diqqətindən yayınmır və ölkəmizin gündən-günə artan nüfuzunun əsas qaynağına çevrilir. Ekspertlərin fikrincə, Azərbaycanın "Böyük iyirmilər"in sammitinə dəvət olunması da məhz sadalanan bu faktorların nəticəsidir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.