"İnkişafın yolu özünə tələbkarlıqdan keçir"
Ümummilli liderimiz Heydər Əliyevin fədakarlıqla qurub yaratdıqlarını Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tükənməz bir sevgi və inamla, səy və ardıcıllıqla inkişaf etdirir. Ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, mərkəzlə yanaşı, regionlarda da sürətli inkişafın təmin edilməsi möhtərəm Prezidentimizin daim diqqət mərkəzindədir, çoxşaxəli fəaliyyət kriteriyasının qayəsidir. Cənab Prezident iqtisadi tərəqqi, sosial rifahın təmin edilməsi ilə yanaşı, ölkə vətəndaşlarının mədəni-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, hər bir bölgənin, yaşayış məntəqəsinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, yenidən qurulmasına da xüsusi əhəmiyyət verir və bununla bağlı lazımi təşkilatçılıq və tələbkarlıq göstərir. Dünyanın inkişaf etmiş ölkələrindəki nailiyyətlərin öyrənilib respublikamızda tətbiq edilməsinə xüsusi önəm verən cənab Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında mütəmadi olaraq rayon rəhbərləri, icra hakimiyyətlərinin başçıları şəhərsalma, quruculuq, insanların sosial-məişət şəraiti ilə bağlı əldə edilmiş qabaqcıl təcrübə və nailiyyətləri öyrənmək üçün Avropanın inkişaf etmiş ölkələrinə göndərilir. Müdriklər demişkən, dünya gör-götür dünyasıdır.
Bu yaxınlarda biz, - 9 nəfər icra başçısı və Prezident Administrasiyasının iki məsul işçisi də məhz bu məqsədlə bir həftə İsveçrədə olduq. Avropalıların həyat tərzi, sosial-məişət, xidmət sahələrinin vəziyyəti ilə tanış olduq. Öyrəndiklərimiz, görüb-götürdüklərimiz az olmadı. Bir daha yəqin etdik ki, hər birimiz öz rahat ocağımız, evimiz üçün nə qədər ürəklə çalışırıqsa, doğma Azərbaycanın daha da çiçəklənməsi üçün bundan qat-qat artıq səy göstərməliyik.
Nədənsə səfər öncəsi güneyli, quzeyli Azərbaycanımızın böyük şairi Şəhriyarın nə vaxtsa oxuduğum şeirinin bir misrası elə hey qulaqlarımda səslənirdi: "Bizdən irəlidədir avropalılar..."
Və bu səfərdə qüdrətli sənətkarın avropalılara həmin qibtəsinin səbəbini öyrənməyə çalışacaqdım...
İstanbulla qısa bir tanışlıq: "Gözəl olanı biz də sevirik..."
İsveçrəyə aprelin 18-də yola düşməli idik. Həmin gün sübh tezdən Heydər Əliyev adına Beynəlxalq Hava Llimanında toplaşdıq. Lakin İslandiyada baş vermiş vulkan püskürməsi Bakıdaca yolumuzu kəsdi. Avropanın səmasını toz dumanının bürüməsi, bu səbəbdən də hava limanlarında təyyarələrin uçuşlarının məcburi dayandırılması ilə bağlı ötən axşamdan informasiya kanallarından eşitdiyim məlumat düz çıxdı. İstanbula, oradan da İsveçrənin Sürix şəhərinə gedəcək təyyarə reysi təxirə salınmışdı. Respublikamızın müxtəlif rayonlarından doqquz nəfər icra hakimiyyəti başçısının daxil olduğu qrupa rəhbərlik edən Prezident Administrasiyasının məsul işçiləri Dəyanət Abdullayev və Canpolad Musayev son məqamadək bu səfərin vaxtında baş tutması üçün lazımi səriştəliklə təşkilatçılıq işləri aparırdılar. Reysin təxirə salınması barədə hava limanının səlahiyyətlilərindən hər ehtimala qarşı müvafiq sənəd aldılar. Və bundan sonra səfərin vaxtı yenidən dəqiqləşdirilənədək şəhərə, oradan da öz iş yerlərimizə qayıtdıq.
Aradan günlər keçdi və İslandiyada püskürən vulkan səngidi. Avropanın səmasından toz dumanı çəkildi. Asiman aydın, yollar açıq. Bir həftəlik müddətə nəzərdə tutulmuş səfərimiz yenə bazar günündən başlamalı idi.
Yeri gəlmişkən deyim ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səfər öncəsi Regional İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə bizi qəbul etdi. Səfərimizin uğurlu olmasını arzulamaqla yanaşı, öz dəyərli məsləhət və tövsiyələrini verdi. Cənab Prezident İlham Əliyevin dünyaya, Avropaya respublikamızın hər sahədə uğurlu inteqrasiyasında, belə səfərlərə, təcrübə mübadiləsinə önəm verdiyini bir daha vurğuladı, bizə də bu səfərdə, gedəcəyimiz İsveçrədə daha çox görüb-götürməyi dönə-dönə tapşırdı.
Aprelin 25-də səhər saat 06-00-da sərnişini olduğumuz Bakı-İstanbul-Sürix reysi ilə uçan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səmaya qalxdı.
İki saat yarımdan sonra İstanbulda eniş etdik. Axşam saat 6-dək vaxtımız var idi. Bu qədər vaxtı isə hava limanında keçirmək çətin və yorucu olardı. Əvvəlcədən bunu nəzərə alan səfər yoldaşımız - Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, demə, İstanbulda yaşayıb çalışan, ordubadlı dostları ilə danışıbmış. Hava limanının çıxışında Eldəniz, Yalçın və Murad adlı həmyerlilərimiz bizi səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Onlar qabaqcadan bizim on bir nəfər olduğumuzu nəzərə aldıqlarından hər biri ayrıca öz maşınında gəlmişdi. Maşınlara əyləşib İstanbula yola düşdük.
Sübh yenicə açılırdı, erkən səhər idi. Körfəzin üstündəki körpülər saat 9-da açılacaqdı. Ev sahibliyi edən həmyerlilərimiz bizi şosse yolun kənarında, Mərmərə dənizinin sahilində yerləşən İstanbul Böyük Şəhər Bələdiyyəsinin yaxınlığındakı parka apardılar. Səhərin sakit, təmiz havasında köksünü ötürüb rahatca ləpələnən dənizin özünəməxsus əsrarəngiz gözəlliyi, "sevən ürəkli zəhmətkeş əllərin naxış-naxış, ilmə-ilmə toxuyub, cilalayıb becərdikləri min rəngli, min rayihəli güllərin, çiçəklərin gözəlliyinə qarışan park sanki baxıb keçmə, quc məni" deyirdi. Sübh şəfəqləri dənizdən yenicə boylansa da parkın ərazisində, dənizin kənarında dəstə-dəstə adamlar gəzişirdi. Sahilin yaxınlığındakı, bir az yuxarıda təpəciyin üstündəki qəhvəxanalardan biri qapılarını açıb ilk müştərilərini gözləyirdi. Biz həvəslə ətrafı dolaşdıqdan sonra dənizin sahilinə enib təpəcikdəki qəhvəxanaya daxil olduq. Oturmaq üçün dənizə tərəf açılan eyvanı seçdik. Bu, çox səliqəli qəhvəxanada kimimiz çay, kimimiz isə qəhvə içib ayağa qalxdıq. (Mən, Rafiq Niftəliyev, Səbuhi Məmmədov və Tofiq Zeynalova maşınında getdiyimiz Eldəniz yol boyu böyük şövqlə şəhər haqqında, buradakı yaşayış tərzi, yeniliklərlə bağlı bildiklərini nəql edirdi. Onlar həqiqətən özlərini əsl ev sahibi kimi aparır və yaşadıqları bu ölkəni ürəkdən sevdikləri, onu elə özününkü bildikləri bütün hərəkət və davranışlarından görünürdü. Əlbəttə, bu da təbii idi. Axı, hər bir azərbaycanlı qardaş türk xalqını, Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" adlandırdığı Türkiyə Cümhuriyyətini öz respublikamız qədər sevirik. Bu doğmalıq, sevgi və istəklə də hər şeyə diqqət yetirir, şəhərə düşdüyümüz dəqiqədən ötən müddətdə gördüyümüz, diqqətimizi çəkən hər nə varsa nəzərdən keçirir, yaddaşımıza köçürür, foto və video aparatlarımızla çəkirdik.
Körfəzin üstündəki böyük körpünü keçib şəhərin bir neçə görməli küçə və meydanlarını dolaşdıq. Ordubadlı dostlarımız bizi Sarıyerə, sahil boyu suların üzündə cərgələnmiş, bir az da uzaqlarda səpələnmiş qayıqların lövbər salıb dayandıqları limana gətirdilər. Sahildə üstündə "Sarıyer bələdiyyəsi" yazılmış oturacaqlarda əyləşib dincəldik, Ağ dənizin bərq vuran dalğalarına tamaşa etdik. Dostlarımız bizi yaxındakı "Alimendo" restoranına, nahara dəvət etdilər. Əvvəlcədən bizi balığa qonaq edəcəklərini söyləyib, hansı balıqdan yeyəcəyimizi soruşdular. Balıqların növlərini daha yaxşı bilən yoldaşlarımız "Çupra balığı" yemək istədiklərini söylədilər. Sən demə, bu çox dadlı və İstanbulda çox sevilən balıq imiş. Gözəl bir nahardan sonra maşınlara oturduq. Sahil boyu, səliqəli küçələrdən şütüyüb, ətrafı seyr edə-edə hava limanına döndük. Yol boyu bu az bir vaxtda gördüyüm saysız-hesabsız ay ulduzlu al bayraqlara diqqət edə-edə özlüyümdə belə bir qənaətə gəldim ki, qardaş Türkiyədə dövlət bayrağına xüsusi bir münasibət və sevgi var. Vədə başında bizə kifayət qədər diqqət göstərən həmyerlilərimizlə qucaqlaşıb ayrılırıq. Təəssüratımda, hələ ki, eşitdiyim Avropa şəhərlərindən öz səliqə-sahmanı, gözəlliyi ilə heç də geri qalmayan bu doğma, böyük türk şəhərlərindən biri ilə sağollaşıb yolumuza davam etdik. İsveçrəyə, Sürix şəhərinə uçan təyyarə əngin səmalara qalxır.
Yol üstə qısa bir tanışlıq
Axşam tərəfi Sürixdə təyyarədən endik. Ölkənin şimal-qərbində yerləşən Sürix İsveçrənin ən böyük şəhəridir. Beynəlxalq uçuşların da yerinə yetirildiyi ən böyük təyyarə limanı da bu şəhərdə yerləşir. Hava limanının qarşısında bizi ölkəmizin İsveçrədəki səfirliyinin əməkdaşı Emil Məmmədov qarşıladı. Bu ölkədə olacağımız müddətdə axıradək bizim istifadə edəcəyimiz nəqliyyata - 15 nəfərlik rahat minibusa əyləşib əsas dayanacaq yerimiz olan İsveçrənin paytaxtına, Bern şəhərinə doğru səmt götürdük.
Gəldiyimiz bu ölkədə Bakı vaxtı ilə 3 saat zaman fərqi var. Bu səbəbdən də hələ qaranlıq düşməmiş, gün işığında yolumuza davam edirik. Hava sakit və təmiz olsa da arada yağış yağır, dənə-dənə damcı atır. Rahat yol və bu yol boyu ötüb keçdiyimiz yaşayış məntəqələrinin, qəsəbələrin səliqə-sahmanı, gözəlliyi uzaqdan diqqətimizi çəkir. Yolun hər iki tərəfindən sıralanan, gah qalxan, gah da enən dağlar, yaşıl donunu geyinməkdə olan meşələr sanki yolçuları salamlayır. Əkin sahələri sürülmüş, səpinə hazır, elə bil ki, ütü çəkilmiş torpaqlar göz oxşayır, bolluqdan, bərəkətdən xəbər verir.
Axşamüstü Bern şəhərinə, respublikamızın İsveçrədəki səfirliyinin binasının eyvanında sancılmış üçrəngli müqəddəs bayrağımızın göründüyü, bu ölkənin Prezident İqamətgahının və parlament binasının bir neçə addımlığındakı çayın sahilində yerləşən "Bellevue Palace" mehmanxanasına çatdıq. Səfirliyimizin digər bir əməkdaşı Rəşad bizi burada gözləyirdi. Əvvəlcədən otelin bizim üçün sifariş edilmiş otaqlarında yerləşdik.
Uzun bir yol qət etməyimizə, təqribən 15-16 saat yolda olmağımıza baxmayaraq, ətrafı, şəhəri gəzmək, görmək, tanış olmaq, baxmaq həvəsi yorğunluğumuzu üstələmişdi. Axı bura haqqında çox eşitdiyimiz, amma indiyəcən hələ ki, heç birimizin olmadığımız, görmədiyimiz qoca Avropanın ən məşhur, ən əmin qədim şəhərlərindən biri - Bern idi...
İsveçrənin mərkəzində yerləşən bu paytaxt şəhərinin min illik tarixi var. XV əsrin başlanğıcında meşənin əhatəsində palıd ağaclarından tikilmiş bu şəhər bir dəfə tamamilə yanaraq külə dönüb. Lakin XVI-XVII yüzilliklərdə yerli daş və digər qiymətli tikinti materiallarından möhtəşəm binalar, əzəmətli meydanlar tikilmiş, xiyabanlar salınmışdır. Çox maraqlıdır ki, şəhərdə küçə və meydanlar, yaşayış evlərinin eyvanları, hər yer gül-çiçəkdir. Bu ölkədə olduğumuz hər yerdə yol kənarları, parklar, binaların ətrafı, bir sözlə, hara baxsan hər yanda al-əlvan gül-çiçək görərsən. Bütün şəhərlərdə, xüsusən paytaxt Berndə binaların divarlarında belə dibçək asıb çiçək becərirlər. Çox güman ki, İsveçrənin paytaxtı Bernə "Çiçəklər şəhəri" deyirlər.
Bu ölkədə bazarlar bizdəki kimi müəyyənləşdirilmiş, daimi yerlərdə yox, necə deyərlər, səyyaridır. Bütün həftə boyu, hər gün bir meydanda bazar təşkil edilir. Berndə hətta həftənin iki günü səyyari bazar növbəsi Prezident İqamətgahının qarşısındakı meydana düşür. Bazar sübh tezdən özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarını satmağa gətirən şəxslər tərəfindən çox gözəl, səliqə ilə qurulur. Bizim yüksək səviyyədə qəbul etdiyimiz "super marketlərdən" də səliqəli, yaraşıqlı avtomağazalar sıralanıb qapılarını açır. Hər cür meyvə, tərəvəz satılır. Fermerlərin özlərinin yüksək səviyyədə emal edərək hazır məhsul şəklində bazara satışa çıxardıqları ət, süd məmulatları dükanlara nisbətən daha bahadır. Bunu məhsulun yüksək keyfiyyəti, ekoloji təmizliyi, təzə olması ilə izah edirlər. Satışa çıxarılan mallar normal satılır. Bazel şəhərində günorta şəhər administrasiyasından çıxarkən istər-istəməz binanın qarşısındakı meydanda təşkil edilmiş bazar diqqətimizi çəkdi. Səliqə ilə sıralanmış piştaxtaların arasında rahat hərəkət etmək üçün gen-bol saxlanılmış yolla qarşı tərəfə keçərkən ətrafa göz gəzdirdim. Boş yeşiklərdən, yarımçıq qablardan belə görünürdü ki, mal sahiblərindən məhsullarını satıb qurtaranlar da var.
Yaxşı ki, elə sözlər var ki, dünyanın bütün dillərində hamı tərəfindən aydınca anlaşılır. "Turist" sözü də elə bu qəbildən olan istilahlardandır. Bazara diqqətlə baxdığımı görən əlindəki xonçada cürbəcür bişmiş küncütəoxşar şirniyyat məhsulları olan bir nəfər yaxınlaşıb alman dilində: "turistsinizmi", - deyə soruşdu.
Bəli, dedim, Azərbaycandanam. "Bakı, tanıdınmı?" İşarə ilə anlatmağa çalışdım. Başını tərpədib, "eşitmişəm" söylədi, sifətindəki müəmma sovuşdu, "bilirəm", - dedi. Məcməiyə oxşar girdə, enli qabı qaldırıb mənə tərəf uzatdı. Deyəsən, elə bizlərdə olduğu kimi, dünyanın hər yerində kənd adamları səxavətli, əliaçıqdır. Bu cavan isveçrəli torpaq adamı da səxavətini göstərmək üçün məni satdığı məhsullardan dadmağa dəvət edir, qonaq etmək istəyirdi. Meydanın qarşı tərəfində dayanan, keçib onlara çatmağımı gözləyən səfər yoldaşım İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev bizə baxıb gülürdü. Həmsöhbətimə təşəkkür edib yoldaşlarıma tərəf tələsdim.
Deyəsən, əsas məqsədimdən, bu ölkədə gülə, çiçəyə olan münasibəti açmaqdan uzaqlaşdım. Demək istəyirəm ki, burada bazarlarda satılan bütün növ məhsulların hamısının ən azı 60-70 faizi məhz gül-çiçəkdir. Baden şəhərində dəmiryol vağzalının böyük bir salonunda dibçəklərdə təravətli gül satıldığının da şahidi oldum. Bu yaşıl "varlığı" ölkənin hər yerində, paytaxtda isə daha çox sevir, xüsusi qayğıyla, həvəslə becərirlər.
Ertəsi gün, aprelin 26-da səhər tezdən səfərimizlə bağlı əvvəldən nəzərdə tutulmuş, bu ölkənin aidiyyəti rəsmiləri ilə razılaşdırılmış proqram üzrə işə başladıq. Bir həftə ərzində nəzərdə tutulmuş proqramımız isə çox sıx və zəngin idi. Bəri başdan deyim ki, tədbirlər çox səviyyəli, görüşlər, gəzintilər maraqlı oduğu üçün nə uzun yollar, nə də hər gün az qala 13-14 saat ayaqda olmağımızdan heç birimiz yorulmadıq.
İsveçrə: Bildiklərim və gördüklərim...
İsveçrə BMT-nin, ATƏT-in, Avropa Birliyinin üzvü olduğundan bir çox beynəlxalq təşkilatların mənzil-qərargahları məhz bu ölkədə, əsasən də Cenevrə şəhərində yerləşir.
İsveçrə Azərbaycanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. 2004-cü il oktyabrın 6-da Berndə səfirliyimiz fəaliyyətə başlamışdır. Azərbaycanla İsveçrə arasında bir çox sahələrdə mövcud olan ikitərəfli əlaqələr uğurla inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il oktyabrın 18-də İsveçrədə rəsmi dövlət səfərində olmuşdur. Elə ilk tədbirdə, Sankt-Qallen şəhərində şəhər administrasiyasının rəhbəri bizimlə söhbətinə cənab Prezidentimizin bu ölkəyə səfəri və bu səfərin yaratdığı yüksək təəssürat haqqında məlumat verməklə başladı. Digər şəhərlərdə olduğumuz rəsmi tədbirlərdə də bu səfərdən məmnunluqla söhbət açıldı. Dünyanın bütün ölkələrində olduğu kimi, İsveçrədə də Azərbaycan Respublikasının Prezidentinə yüksək hörmət, diqqət və böyük rəğbət hissinin şahidi olduq. Məhz cənab Prezidentimizin apardığı uğurlu xarici siyasət, respublikamızı kifayət qədər etibarlı şəkildə təmsil etməsi, ciddi səyləri sayəsində ölkəmiz İsveçrədə rəsmi dairələrdə və ictimaiyyət arasında kifayət qədər tanınır və ehtiramla xatırlanır.
İsveçrə Konfedarasiyası 26 kantonun (yəni regionun) birləşdiyi federal ölkədir. 41, 285 kvadratkilometr ərazisi olan İsveçrənin əhalisi 7 milyon 641 min nəfərdir. Əhalinin 22,1 faizini əcnəbilər təşkil edir. Hər bir kanton geniş muxtariyyət hüquqlarına, o cümlədən, parlamentə və yerli hökumətə malikdir. İsveçrədə vətəndaşlıq da ikilidir. Həm ölkə, həm də kanton üzrə vətəndaşlıq hüququ mövcuddur. Rəsmi dövlət dili dörddür. Alman, fransız, italyan və retoroman dilləri.
1 avqust İsveçrə Konfedarasiyasının yaranması günüdür. 1291-ci ilin həmin günündə üç kanton "əbədi ittifaq" haqqında müqavilə bağlamışlar. 1848-ci ildən İsveçrə Federal konstitusiyaya və kanton səlahiyyətlərinə malik 20 kanton və 6 yarım kantondan ibarət konfederativ dövlətdir. Ölkə ənənəvi olaraq hərbi bitərəflik siyasəti yürüdür.
Bir həftə ərzində İsveçrənin 6 şəhərində olduq. Sankt-Qallen, Mantro, Bazel, Baden, Lozanna və Cenevrə. Bu şəhərlərə hər gün qaldığımız ölkənin paytaxtı Berndən yola düşərək gedib-gəlirdik. Ölkəyə Sürixdən daxil olub, elə oradan da geriyə qayıtdıq. Bunları da nəzərə alsaq, 8 şəhərdə olduq. Ölkənin mərkəzində yerləşən Berndən hər gün cənuba və qərbə, 100 kilometrlərlə yol gedib-gəlməli olduq. Beləliklə, ölkənin ərazisinin xeyli hissəsini gəzib gördük.
İşgüzar görüşlərimiz
İlk səfərimiz Sankt-Qallen şəhərinə oldu. Ölkənin şimal-qərbində yerləşən Sankt-Qallen ölkənin 7-ci böyük şəhəridir. Əhalisi alman dillidir. Şəhər şurasının qarşısında bizi yerli idarəetmə aparatının məsul işçisi qarşıladı. Bizi birbaşa şəhər administrasiyası binasının 4-cü mərtəbəsinə, rəsmi tədbirlər üçün nəzərdə tutulmuş salona dəvət etdilər. Şəhər administrasiyası rəhbərinin müavini xanım Elizabet Beri salonda bizi salamlayaraq nəzərdə tutulan, tanış olacağımız sahələr üzrə ayrı-ayrı mövzularla çıxış edəcək həmkarlarını bizə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkələrinə son rəsmi səfərindən danışdı. Respublikamız haqqında məlumatları olduqlarını bildirdi. Vaxt itirmədən Sant Qallen şəhəri, şəhərin tarixi, idarəetmə mexanizmi, iqtisadiyyatı və sosial məsələlərlə bağlı elektron tablodan əyani faktları göstərərək məlumat verməyə başladı.
Ölkə ilə tanışlığımız iki istiqamətdə oldu. Alman dilli şimal-qərb və fransız dilli əhalinin yaşadığı cənub istiqamətində. Olacağımız ilk yerdə mədəni-tarixi abidələrlə tanışlıqla yanaşı, şəhərsalma, iqtisadiyyat, nəqliyyat və digər infrastruktur işlərinin geniş təqdimatı da nəzərə alınmışdı.
Ölkənin şimal-qərbində, əhalinin alman dilli hissəsinin yaşadığı yerlərdə - üç şəhərin - Sankt-Qallen, Bazel və Badendə administrasiya rəhbərliyi ilə görüşlər, şəhərsalma, planlaşdırma, şəhərin abadlaşdırılması, nəqliyyat və digər infrastruktur tədbirləri ilə bağlı işgüzar və çox maraqlı tədbirlər, görüşlər keçdi. Ölkənin bu hissəsi səliqə-sahmanı, adamlarının daha səmimiliyi ilə diqqət çəkir, fərqlənirdi.
Olduğumuz hər üç şəhər administrasiyasında vəzifəsinin böyük və ya kiçikliyindən asılı olmayaraq məsul işçilərin hər birinin tapşırılan işin, iş vaxtının dəqiq planlaşdırılması və səlahiyyət bölgüsünə ciddi riayət etməsi nəzərimdən qaçmadı. Daha doğrusu, sanki iş qrafiki avtomatlaşıb. İş qrafikindən kənarda asudə məqam yoxdur. Düşündüm ki, bəlkə də onlarda bizim önəm verdiyimiz "cari işlər" anlayışı yoxdur. Müəyyən edilmiş vaxtda yerinə yetirilməsi nəzərdə tutulmuş işin bir dəqiqəliyə olsa da nə geri, yarımçıq saxlanması, nə əlavə vaxt sərf edib uzadılması mümkün deyil.
Hər bir məmur yalnız öz vəzifə səlahiyyəti dairəsində hərəkət edir. Sankt-Qallendə şəhər administrasiyasının rəhbərinin müavininə tikintinin planlaşdırılması, ictimaiyyətin məlumatlandırılması və s. məsələlərlə bağlı konkret olaraq Dəyanət Abdullayev, Rafiq Niftəliyev, Əbülfəz Ağayev bir neçə sual verdilər. Xanım Beri suallara həvəslə cavab verdi. Digər yoldaşlardan şəhər nəqliyyatı, vergilərin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə bağlı suallar verənlər də oldu. Xanım başçının müavini: - Bu sahələrə aid suallar mənə aid deyil, məndən sonra çıxış edəcək həmkarlarım bu barədə danışacaq, suallarınızı onlara versəniz, ətraflı cavab alarsınız, - söylədi. Ondan sonra ayrı-ayrı məsələlərlə bağlı çıxış edən üç məmur isə onun tabeçiliyində olan işçilər idi...
Digər bir məsələ isə ondan ibarətdir ki, onlarda bütün səviyyələrdə çalışan məmurlar, aparat işçiləri elektron informasiya texnologiyasına mükəmməl yiyələniblər. İş planlarını, proqramları, yazışmaları, izahatları elektron texnologiyası ilə idarə edir, həyata keçirirlər.
Sankt-Qallen şəhərində tikililər üçün yerin seçilməsi və torpaqların ayrılması məsələləri ilə məşğul olan departamentin sədri Tomas Kesler bu sahədəki təcrübələrindən danışdı. Qeyd etdi ki, torpaqayırma işlərinin icra müddətinə müraciət daxil olandan bir ay müddətində baxılır. Sənədləşmənin tam başa çatdırılması isə böyük tikintilər üçün iki ilədək davam etdirilə bilər. Biz burada bir balaca özümüzü düzəltdik və bəzilərimiz dodaqaltı pıçıldayaraq "bizdə bu məsələ bunlarınkından yaxşıdır, operativdir", dedik. Tomas qeyd etdi ki, hazırda şəhərimizin alimləri, yüksək səviyyəli mütəxəssisləri yeni bir elektron texnologiyası üzərində işləyirlər. Yaxın illərdə torpaqların ayrılması üçün sənədləşmə prosesi, rüsumlar, bank ödənişlərinin aparılması elektron poçtla olacaq. Sonra da zarafat edərək, "ancaq o vaxt mən yəqin ki, təqaüddə olacağam", - deyə əlavə etdi.
Son illər bizim ölkəmizdə də elektron informasiya texnologiyası, ondan istifadə və mənimsənilməsi sürətlə inkişaf edir. Möhtərəm cənab Prezidentin xüsusi diqqət və qayğısı sayəsində hətta ən ucqar kənd məktəblərimizdə belə indi uşaqlara kompyuter texnologiyasına yiyələnmək öyrədilir. Rayonlarımızda da internet xidmətindən geniş şəkildə, kifayət qədər istifadə etmək imkanımız var. Ancaq təəssüf ki, bu işə lazımi səviyyədə yiyələnmək hələ ki, idarə və təşkilatlarda çalışan bütün işçilər arasında kütləvi şəkil almayıb.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbərliyinin yüksək təşkilatçığı ilə üç ildir ki, rayon icra hakimiyyəti aparatlarında mükəmməl elektron idarəetmə sistemi qurulub. Rəhbərlik bu işi mənimsəmək üçün bizə qayğı və yüksək tələbkarlıq göstərir. Öyrəndik. İndi yaxşı da istifadə edirik. Minnətdarlıq edirik. Lakin etiraf etməliyik ki, işçilərimiz, xüsusən, orta yaşlılar bu məsələlərdə çətinlik çəkirlər və ya öyrənməyə həvəs göstərmirlər. Nəzərə alaq ki, artıq Qərbdə elektron informasiya texnologiyasının köməyi ilə evdə kompyuterin arxasında oturub görmək istədiyi işi düymə ilə idarə etmək imkanlarını reallaşdırırlar.
Bazel İsveçrənin üçüncü böyük şəhəridir. 320 min əhalisi olan bu qədim şəhər də tarixi memarlıq baxımından çox zəngindir. Küçə və meydanlar səliqəli, olduqca təmizdir. Şəhərin mərkəzi küçə və meydanları daşla döşənib. Şəhərin mərkəzi hissəsindəki yollarda qoşa salonlu, yaşıl rəngli tramvaylar diqqəti cəlb edir.
Burada da şəhər administrasiyasının qarşısında bizi yerli rəhbərliyin nümayəndələri qarşılayır. Elə həyətindən çox qədim tarixə malik olduğu görünən binaya daxil olub dəvət olunduğumuz tədbirlər üçün nəzərdə tutulmuş salona gəlirik. Bizi qarşılayan xanım şəhər administrasiyası aparatının rəhbəri ikinci qapıya yönələrək ardınca getməyimizi xahiş edir. Məlumat verərək bildirirlər ki, bu dəyirmi, neçənci ildə hazırlandığı bilinməyən nəhəng stolun yerləşdiyi salonun yarım əsrdən çox yaşı var. Məhz xüsusi ehtiram göstərilən qonaqları bu salonda qarşılayıb qəbul edirlər.
Bizə məlumat verən bu xanımın da söhbəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ölkəyə rəsmi dövlət səfərindən və möhtərəm Prezidentimizin onun ölkəsində çox sevildiyini bildirməsindən başladı. Ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini deyən xanım gülə-gülə şəhərlərinin, Bazelin futbol komandasının ötən il Azərbaycan futbolçularına uduzduğunu da təəssüf hissi ilə yada saldı. Bu il isə futbol komandalarının azərbaycanlılara qalib gəldiklərini, əvəz çıxdıqlarını təntənə ilə, şövqlə bildirdi. Görünür futbol azarkeşi idi, hətta dirsəyi ilə də qələbələrinə işarə etdi. Təkcə bu faktla yox, ümumən ölkəmizdə idmanın da inkişafını yaxşı bildiklərini deyən xanım bu yaxınlarda İsveçrədə keçirilmiş beynəlxalq şahmat turnirində azərbaycanlı idmançının da iştirak etdiyini vurğuladı. Sonra da ətrafına, öz iş yoldaşlarına tərəf boylanıb idmançımızın adını onlarla dəqiqləşdirmək istədi. Öz təmkini, lakin belə hallarda fəallığı ilə fərqlənən, uzun illərdən bəri tanıyıb dostluq etdiyimiz, burada isə bütün səfər yoldaşlarımızın dostu Rafiq müəllim onları qabaqladı. İftixarla məlumat verib bildirdi ki, 2009-cu ilin dekabr ayının 20-dən - 30-na qədər İsveçrənin Sürix şəhərində Yeni ilə həsr olunmuş yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Orxan Kənan birinci yeri tutmuşdur.
Bu təfsilatı söyləməklə oxucularımıza çatdırmaq istəyirəm ki, ölkəmizi dünyaya, beynəlxalq ictimaiyyətə tanıtdıran işlər sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişafına xüsusi önəm verdiyi, özünün diqqət və qayğısı ilə dünyada layiqli yerə çıxardığı idmanın müstəsna əhəmiyyəti var.
(ardı növbəti sayımızda)
{nl}
Novruz NOVRUZOV, Şabran Rayon İcra Hakimiyyətinin başçısı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.