Şriftin ölçüsü:
21.02.2012 05:04 | Oxunma sayı: 604
Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar ölkəmizin beynəlxalq aləmdə reytinqini getdikcə artırır. Dövlət müstəqilliyimizin 20 illiyi ərəfəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz hər bir azərbaycanlının qəlbində qürur hissi doğurdu. Çünki bu seçkilərdə dünyanın 155 ölkəsi Azərbaycana böyük etimad göstərmişdi. Azərbaycanın bu qurumun Təhlükəsizlik Şurasına ayrı-ayrı vaxtlarda iki dəfə sədrlik edəcəyi xarici siyasətimizin böyük uğurlarındandır. Artıq ölkəmiz beynəlxalq aləmdə sayılıb- seçılən dövlətlərdəndir. Təsadüfi deyildir ki, ölkəmizin iştirakı olmadan bölgədə hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Davos Dünya İqtisadi Forumunda, həmçinin 48-ci Münxen Təhlükəsizlik Şurasında ölkəmizin son illərdə qazandığı uğurlar yüksək qiymətləndirilmişdir. Dövlət başçımızın keçirdiyi yüksək səviyyəli görüşlərdən də məlum oldu ki, hazırda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Bu, ilk növbədə Azərbaycanda yaradılmış davamlı ictimai-siyasi sabitliyin, xalqla dövlət başçısı arasında sıx vəhdətin, qarşılıqlı etimadın nəticəsidir.Təsadüfi deyildir ki, ölkəmizə qoyulan sərmayələrin həcmi ildən-ilə artır.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gerdikcə artması bu günlərdə aldığımız xəbərlə yenidən öz təsdiqini tapdı. Azərbaycan G-20 sammitinə dəvət olunub. Təbii ki, bu da xarici siyasət sahəsində əldə olunan növbəti uğurdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, inkişaf etmiş dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın belə bir nüfuzlu foruma dəvət olunmasına yetərli arqumentlər verdi. Bununla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol da öz təsirini göstərmişdir. Azərbaycan hazırda dünya siyasətində vacib oyunçuya çevrilmişdir. Ölkəmizin belə bir nüfuzlu tədbirə dəvət alması onun real imkanlarının, dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə qurulmasının, sülhpərvər siyasətinin məntiqi yekunudur. Artıq dünya birliyinə də çox yaxşı məlumdur ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra müstəqil siyasət yeridir və enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrilib.
1990-cı illərin ortalarından ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr faktiki olaraq Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir. Hazırda Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğu sübuta yetirilib. Təbii ki, ölkəmizin belə enerji ehtiyatlarına malik olması həm özümüz, həm də bizimlə əməkdaşlıq edən ölkələr və istehlakçılar üçün kifayər qədər resurslar yaradacaq.
Dövlətimizin başçısı ölkəmizin zəngin enerji resurslarına malik olduğunu vurğulayaraq demişdir: "Azərbaycan ehtiyatları olan, sadiq, açıq siyasətə və Avropanın institutları ilə möhkəm əlaqələrə malik bir ölkədir."
Təbii ki, bütün bu uğurlar dünya birliyinin diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son illər Azərbaycan ən mötəbər qurumların tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Eyni zamanda əhəmiyyətli tədbirlərin də fəal iştirakçılarındandır. Bu baxımdan Azərbaycanın postsovet məkanından müstəqil siyasət yeridən dövlət kimi G-20 sammitinə dəvət olunması beynəlxalq aləmdə ciddi əks-səda doğurmuşdur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın G-20 sammitində təmsil olunmasını yüksək qiymətləndirərək bunun ölkəmizin dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi olduğunu bildirmişdir. Azərbaycan dünyanın həm iqtisadi,həm siyasi, həm də beynəlxalq əlaqələrində yaxından iştirak edir. Ə.Həsənov möhtərəm Prezidentimizin bu günlərdə NATO baş katibi ilə görüşündə səsləndirilən fikirlərə istinadən deyib ki, Azərbaycan təkcə öz ölkəsinin təhlükəsizliyində deyil, dünyada bir sıra qaynar nöqtələrdə sülhyaratma proseslərində də yaxından iştirak edir. Hazırda Avropanın və dünyanın transmilli layihələrinin çoxu Azərbaycanın nefti, qazı və yaxud Azərbaycanın Xəzər regionunda reallaşdırdığı işlərlə bağlıdır. Azərbaycanın son zamanlar dünyada bütün humanitar aksiyalarda yaxından iştirakını vurğulayan Ə.Həsənov qeyd edib ki, bəzi ölkələrdə baş verən yoxsulluq, zəlzələlər, təbii fəlakətlərə qarşı mübarizə tədbirləri çərçivəsində də ölkəmiz yaxından iştirak edir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 nazirlər toplantısının Meksikada keçiriləcək ikinci sessiyasında aparıcı spiker kimi istirak edəcək. E.Məmmədyarov Mexikoda nazirlərin G-20 çərçivəsində qeyri-formal görüşü zamanı "Cari qlobal çağırışların effektiv həll olunması" mövzusunda keçirilən ikinci sessiyada aparıcı spiker olacaq.
G-20 sammitinə üzv ölkələrlə yanaşı, daha 10 ölkə və bir təşkilat dəvət alıb. Afrika İttifaqı, Əlcəzair, Avstriya, Kamboca, Çili, Kolumbiya, Norveç, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirliyinin də dəvət aldığı tədbirdə Azərbaycanın iştirakı ölkəmizin əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.
Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması onun dünya siyasi arenasında rolunun yüksəlməsindən xəbər verir. Bu, dövlət başçısı tərəfindən müəyyən edilən düzgün strategiyanın uğurlu nəticəsidir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.