Şirvan şəhərində 2011-ci ilin yekunları və qarşıda duran əsas vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra şəhərdə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış oldular. Hesabat məruzəsi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov ötən ilin uğurlu göstəricilərlə yadda qaldığını söyləyərək qeyd etdi ki, respublikamızda qazanılan və bütün sahələri əhatə edən uğurlarda Şirvan şəhər zəhmətkeşlərinin də payı vardır.
Hesabatda deyilir ki, 2011-ci ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında mühüm nəticələr əldə edilmiş, bir sıra məhsul növlərinin istehsalı sahəsində əsaslı dönüş yaradılmışdır. Nəticədə, ümumi məhsul buraxılışı artmış, əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır. Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan "Telemexanika" və "Araz" zavodlarında genişmiqyaslı işlər görülmüşdür. Bu sahədə görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bu istiqamətdə səylərin daha da sürətləndirilməsini tövsiyə etmişdir. Qeyd edək ki, 2011-ci ildə "Telemexanika" zavodu üzrə plan 100 faiz yerinə yetirilmiş, 56 yeni iş yeri açılmış, 4 yeni növ məhsulun istehsalına başlanılmışdır. Bu yaxınlarda "Araz" zavodunun nəzdində 4 istehsal sahəsi istifadəyə veriləcəkdir ki, bu da yüzlərlə şəhər sakininin daimi işlə təmin olunmasına şərait yaradacaqdır.
Natiq vurğuladı ki, 2011-ci ildə də Şirvan şəhərində "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 2011-ci ildə məhəllədaxili yollara 16 kilometrdən artıq asfalt-örtük salınmışdır. Bu da nəzərdə tutulduğundan xeyli çoxdur.
Dövlət Proqramı çərçivəsində əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə şəhər ərazisində "Azəriqaz" İB tərəfindən 77,4 min metr müxtəlif diametrli yeni qaz xətləri və Hacıqabul AQRS-dən Şirvan şəhərinin əhali abonentlərinə 7,5 min metr orta təzyiqli daşıyıcı qaz kəməri çəkilmişdir. "Şirvan Regional Elektrik Şəbəkəsi" MMC tərəfindən bir sıra səmərəli tədbirlər həyata keçirilmiş, nəticədə şəhərin elektrik enerjisi ilə fasiləsiz təminatı yaxşılaşdırılmış və əhaliyə satılan elektrik enerjisinin dəyəri 108,7 faiz ödənilmişdir.
Dövlət Proqramına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən şəhər poliklinikası, Uşaq Birləşmiş Xəstəxanasının anestizologiya, reanimatologiya, urologiya, terapiya şöbələri, məhkəmə tibbi ekspertizasının binası əsaslı təmir edilmiş, 5 min kvadratmetr sahəyə asfalt salınmış, avtomobillərin saxlanması üçün yeni dayanacaq binası tikilmişdir. Mərkəzi xəstəxananın vəsaiti hesabına Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası, vərəm şöbəsi təmir olunmuş, həyətyanı sahə abadlaşdırılmışdır. İl ərzində xəstəxanaya ətraf rayonlardan və şəhərimizdən 6584 xəstə daxil olmuş, imtiyazlı xəstələrə 162 min manatlıq pulsuz dərmanlar verilmişdir.
2011-ci ildə təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin yetişdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ali və orta ixtisas məktəblərinə qəbul zamanı 200-dən çox məzun tələbə adını qazanmış, onlardan 20 nəfəri 600-dən yuxarı bal toplamış, 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ilin 10 sentyabrında şəhər icra hakimiyyətində 600-dən yuxarı bal toplayan məzunlarla, onların valideynləri və müəllimləri ilə görüş keçirilmiş, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir.
Cari ildə ümumtəhsil məktəblərinə 30 mindən çox pulsuz dərslik, 70 ədəd elektron oxu vəsaiti verilmişdir. 2010-2011-ci tədris ilində 20 nömrəli tam orta məktəb "İlin ən yaxşı məktəbi", şəhər 4 saylı tam orta məktəbin kimya müəllimi Şamama Yolçuyeva isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə pedaqoji sahədə göstərdiyi xidmətlərə görə şəhər təhsil şöbəsinin müdiri Paşa Nəbiyev "Əməkdar müəllim", 14 saylı tam orta məktəbin idman müəllimi Vaqif Gözəlov "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülmüşdür.
Təhsil Nazirliyi tərəfindən 1 saylı uşaq bağçası-körpələr evində və 12 saylı tam orta məktəbdə bərpa-gücləndirmə işləri aparılmış, 21 saylı tam orta məktəbin bir hissəsinin əsaslı təmiri başa çatdırılmışdır. Dünya Bankının ayırdığı vəsait hesabına 16 saylı tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işləri, Bayramlı qəsəbəsində isə 480 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. 1 aprel 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Olimpiya İdman Kompleksində tikinti işləri layihəyə uyğun davam etdirilir.
Hazırda Şirvan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar layihələndirmə işləri tamamlanmaq üzrədir. Yaxın zamanlarda tikinti-quraşdırma işlərinə başlanılacaqdır.
2011-ci ildə Şirvan şəhərində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin həcminin xeyli artdığını bildirən İcra Hakimiyyəti başçısının məlumatına əsasən, ötən il M.Aydınov küçəsində Sənaye və Energetika Nazirliyinin sifarişi ilə "Dövlət Enerji Nəzarəti" İdarəsinin Şirvan Regional Sektorunun ikimərtəbəli inzibati binası tikilib istismara verilmişdir. Heydər Əliyev prospektində Daxili İşlər Nazirliyinin sifarişi ilə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Regional Mərkəzinin müasir memarlıq üslubunda ikimərtəbəli inzibati binasında tikinti işləri başa çatmaq üzrədir.
Şirvan memarlıq məktəbinin ənənələrini özündə əks etdirən "Xalq Bank" ASC-nin bank filialının tikintisi davam etdirilir. Hacıqabul-Şirvan avtomobil yolunun Şirvan şəhər ərazisindən keçən 6-11 kilometrliyində Heydər Əliyev prospektində 5,6 kilometr məsafədə asfalt-beton örtük əsaslı təmir olunmuşdur. Həmçinin şəhərin 30 küçəsində, Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində ümumilikdə 16,12 kilometr uzunluğunda asfalt-beton örtük qoyulmuş, İ.Qayıbov və Mehmandarov küçələrində cari təmir işləri görülmüşdür.
2010-cu ildə Kür çayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Komissiyasının verdiyi rəyə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhər ərazisində 23 ədəd birmərtəbəli fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, 127 nəfərə ümumilikdə 144,4 min manat məbləğində kompensasiya ödənilmişdir. Dövlət Komissiyasının rəyinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən əlavə olaraq 5 ailə üçün fərdi yaşayış evinin tikintisi, 90 nəfərin evində təmir işlərinin, 30 evdə isə bərpa-gücləndirmə işlərinin aparılacağı nəzərdə tutulur. Kür çayının sahilboyu ərazisində yerləşən barak tipli qəzalı evlərin sakinləri üçün şəhərin T.İsmayılov küçəsində 2 bloklu beşmərtəbəli, 20 mənzilli ictimai yaşayış binasının tikintisi planlaşdırılır.
2011-ci ildə şəhərin küçə və parklarında ümumilikdə 5 min 335 ədəd ağac, 3 min 800 ədəd qızılgül, 18 min 925 ədəd müxtəlif növ mövsümü gül kolları və 1580 kvadratmetr qazon ot toxumu əkilmişdir. Yaşayış massivlərində 4 yeni nümunəvi məhəllə salınmış, uşaq əyləncə və idman qurğuları, monolit konstruksiyalı günlük və oturacaqlar quraşdırılmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Mərasimlərinin keçirilməsi üçün 7 xeyir-şər evi tikilmiş və hər cür ləvazimatlarla təchiz edilmişdir. İctimai yaşayış binalarında 7948 kvadratmetr yararsız dam örtüyü sökülərək yenisi ilə əvəz olunmuşdur. Şəhidlər xiyabanında 36 məzar təmir edilmiş, sıradan çıxmış 280 kvadratmetr tamet yenisi ilə əvəz edilmişdir.
Genişmiqyaslı abadlıq-quruculuq işlərində Şirvan Şəhər Bələdiyyəsinin də yaxından iştirak etdiyini vurğulayan M.Camalov əlavə etdi ki, Hacıqəhrəmanlı qəsəbəsi də qaz, işıq və texniki su ilə tam təmin olunmuş, küçələrə 2500 metr uzunluğunda asfalt örtüyü vurulmuş, 5 küçə isə cari təmir edilmişdir. 2012-ci ildə 2 küçənin asfaltlaşdırılması, 3 küçənin isə qismən təmiri nəzərdə tutulmuşdur.
Bayramlı qəsəbəsinin də qaz təminatının yaxşılaşdırılması üçün Kür çayının altından 245 metr uzunluğu olan boru çəkilmişdir. Qəsəbədaxili yolların 1,5 kilometri asfaltlaşdırılmış, 500 metri isə qismən təmir edilmişdir. Hər iki qəsəbədə tam orta məktəb, həkim ambulatoriyası, ATS, Poçtamt fəaliyyət göstərir.
Çıxışının sonunda 2012-ci ildə görüləcək işlər, həyata keçiriləcək layihələr barəsində danışan natiq qeyd etdi ki, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün daha böyük fədakarlıq və əzmkarlıq tələb olunur. Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətin ən sadiq dəstəkçiləri olan şirvanlılar bundan sonra da Azərbaycan dövlətinin tərəqqisi naminə böyük fədakarlıq və əzmkarlıq nümayiş etdirməyə hazırdırlar.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.