Gədəbəy: Göstərilən diqqət və qayğı məsuliyyət hissini artırır

Gədəbəyin son illər sürətli inkişafı ilə bağlı qəzetimizdə müxtəlif səpkili məqalələr dərc olunub, yeni açılan sosial obyektlər, yollar, körpülər, istehsal xarakterli müəssisələr haqqında yazılar verilib, ayrı-ayrı adamlardan müsahibələr götürülüb, problemlərdən söhbət açılıb. Xüsusilə ölkə Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 1-də ilk dəfə olaraq ucqar dağ rayonuna səfərindən sonra Gədəbəy haqqında, onun dünəni, bu günü, sabahı ilə bağlı yazılara daha çox yer ayrılmağa başlandı ki, bu da təbiidir. Çünki Gədəbəydə ölkə Prezidentinin diqqəti və qayğısı sayəsində bir-birindən gözəl, xeyirxah, vacib işlər görüldü, yeni müəssisələr, sosial obyektlər açıldı, abadlıq, yenidənqurma işləri vüsət aldı.
Artıq 2012-ci ilin ikinci ayı başa çatmaq üzrədir. Gədəbəy yenə diqqət mərkəzindədir. Rayon 2012-ci ildə Azərbaycanın əfsanələr paytaxtı elan olunub. Gədəbəylilər bununla fəxr etməklə yanaşı, dərin məsuliyyət hissi də keçirirlər. Rayonda aparılan abadlıq-quruculuq, yenidənqurma işləri daha geniş vüsət alıb. İcra hakimiyyətinin başçısı Kamran Rzazadənin rayonun 2011-ci ilin yekunlarına həsr olunmuş yığıncaqdakı hesabat məruzəsində bunu açıq-aşkar görmək mümkün idi.
Ötən il Gədəbəy rayonu üçün uğurlu olmuşdur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı respublikamızın digər rayonlarında olduğu kimi, Gədəbəydə də uğurla həyata keçirilir.
Ötən il Dövlət Proqramına əsasən, Gədəbəy şəhərinin küçə və səkilərində 484 min 200 manat dəyərində tikinti-quruculuq işləri aparılmışdır. Şəhərin küçələri təmir edilmiş, "Şəhidlər Xiyabanı", "Xatirə" kompleksi abadlaşdırılmış, Nərimankənddə yeni seysmoloji stansiya tikilmişdir.
2011-ci ildə Gədəbəy şəhərində təməli ölkə Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş "Aşıqlar evi", gündəlik istehsal gücü 100 ton olan Zəhmətkənddə yerləşən "Mineral suları" fabrikində tikinti işləri başa çatmış və artıq istifadəyə hazırdır. Rayon məhkəməsinin binasında və tutumu 10 min ton olan kartof emalı və saxlama müəssisəsində son tamamlama işləri aparılır. Statistika idarəsinin inzibati binasında tikinti işləri davam etdirilir.
"Fındıqlı" çayı üzərində olan nəhəng körpünün tikintisinə başlanmış və yaxın vaxtlarda istismara veriləcəkdir. Eyni zamanda, rayonun İnəkboğan - Qasımlı kəndində aşırımı 54 metr, Çobankənd - Arabaçı kəndində isə aşırımı 36 metr, eni 3 metr olan körpü-keçidlər quraşdırılmış, əhalinin istifadəsinə verilmişdir. Yeri gəlmişkən, onu da xatırladaq ki, həmin körpü-keçidlərin uzun illər olmaması ucbatından daşqınlar zamanı onlarla insan həlak olmuşdur.
Yerli əhəmiyyətli yolların saxlanması, çalaların doldurulması, orta və cari təmir işləri üçün 623 min 600 manat vəsait xərclənmişdir.
Azərbaycan kənd investisiya layihələri çərçivəsində rayonun Arabaçı, Şahdağ, Söyüdlü, Novosaratovka, Daryurd, Çalburun, Qoşabulaq, Ərtəpə, Kərimli, Köhnəqışlaq, Arabaçı, Dəyəqarabulaq və s. kənd yollarında ümumi uzunluğu təxminən 150 kilometrə yaxın məsafədə təmir işləri aparılmışdır. Daxili imkanlar hesabına rayonun Düzyurd, Miskinli avtomobil yoluna qum-çınqıl qarışığı tökülmüş və düzlənmişdir. Avtomobil yolunun qalan hissəsində təmir işləri davam etdirilir.
Son 8 ildə Gədəbəy rayonunda 8887 yeni iş yeri açılmışdır ki, bunun da 542-si ötən il yaradılmışdır. Yeni açılmış iş yerlərinin 2326-sı daimidir.
2003-cü ildə rayonda orta aylıq əmək haqqı 48,8 manat olduğu halda, hazırda bu rəqəm 278 manatdır. 2003-cü ildə rayon büdcəsi 3 milyon 549 min 399 manat olmuşdursa, 2011-ci ildə 23 milyon 939 min 305 manata çatmışdır.
Rayonda sahibkarlıq fəaliyyəti ilə 1961 nəfər məşğul olur ki, onlardan da 1682-si fiziki şəxs, 261-i hüquqi şəxs, 18-i fermerdir. Ölkə Prezidentinin sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması ilə bağlı göstərişlərini əsas tutaraq, iş adamları ilə rayon icra hakimiyyətində görüşlər təşkil olunmuş, onları maraqlandıran məsələlər və problemlər ətrafında geniş müzakirələr aparılmış, normal fəaliyyəti üçün şərait yaradılmışdır.
2003-cü ildə rayonda ümumi daxili məhsul 69 milyon 169 min 200 manat olduğu halda, 2011-ci ildə bu rəqəm 4,1 dəfə artaraq 288 milyon 190 min 300 manat təşkil etmişdir. Həmçinin 2003-cü ildə adambaşına düşən ÜDM-in həcmi 773 manat 70 qəpik təşkil edirdi. 2011-ci ildə bu rəqəm 3049 manat 63 qəpiyə çatmışdır.
2011-ci ildə rayonda 3995 istehsalçıya 3 min 69 hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 123 min 173 manat yardım verilmişdir.
Rayon "Aqroservis" xidməti tərəfindən istehsalçılara 50 faiz güzəştlə 265 ton azot gübrəsi satılmışdır. 2011-ci ildə Dövlət Proqramına əsasən Gədəbəy "Aqroservis" filialı tərəfindən 2 ədəd kotan alınmışdır. Ümumiyyətlə, servisdə 4 ədəd kombayn, 7 ədəd traktor və 25 ədəd aqreqat vardır.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2003-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, kartof istehsalı 2011-ci ildə 201 min ton olmuşdur. Rayon üzrə adambaşına 2 ton 126 kiloqram kartof məhsulu düşür.
Hesabat ilində 14250 ton ət istehsal edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 11624 ton çox olmuşdur. Eləcə də digər kənd təsərrüfatı məhsulları istehsalı da dinamik şəkildə artmışdır. İribuynuzlu mal-qaranın baş sayı 2003-cü ildə 44 min 827 baş olduğu halda, 2011-ci ildə bu rəqəm 89 min 649 başa, yəni 44 min 822 baş çox, qoyun və keçilərin baş sayı 2003-cü ildə 206 min 824 baş olduğu halda, 2011-ci ildə 366 min 955 baş, yəni 160 min 131 baş çox olmuşdur.
Rayonda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları mütəmadi olaraq Bakı şəhərində keçirilən satış-yarmarkalarına göndərilir. 2011-ci ildə satış-yarmarkalara 433 ton kartof, 77,2 ton kök, 192,6 ton kələm, 22,4 pendir, 10,1 ton bal, 8,7 ton armud, 13,2 ton alma, 24,8 ton çuğundur məhsulu göndərilmişdir.
Göründüyü kimi, bu gün Gədəbəy respublikamızda aqrar rayon kimi tanınır və ölkəmizin iri şəhərlərini kənd təsərrüfatı məhsulları ilə təmin edir.
Rayonda ünvanlı sosial yardım proqramı uğurla həyata keçirilir. 2011-ci il ərzində 2915 ailə ünvanlı sosial yardım almışdır. İl ərzində ünvanlı sosial yardımların ödənilməsi üçün 4 milyon 15 min 302 manat vəsait ayrılmışdır.
2011-ci ildə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 351 nəfər tənha və əlilə sosial-məişət xidməti göstərilmiş, 14 ahıl və tənha vətəndaş müalicə ilə bağlı sanatoriyaya və 6 nəfər pulsuz müalicə üçün pansionata göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 17704 nəfər pensiyaçının il ərzində tələbata görə 24 milyon 313 min 700 manat vəsaiti ödəniş müəssisələrinin hesabına köçürülmüşdür.
Hazırda rayonda 9 bankomat fəaliyyət göstərir və əhali pensiya və əmək haqlarını plastik kart vasitəsi ilə alır.
Hesabat ilində əhalinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür.
2011-ci ildə 10 kv-luq hava xəttinin 9,63 kilomterlik, 0,4 kv-luq hava xəttinin 7,8 kilometrlik məsafəsində eləcə də 125 ədəd transformatorda əsaslı və cari təmir işləri aparılmışdır. 19 ədəd zədələnmiş güc transformatoru təmir olunmuşdur. 55 ədəd ağac dayaq, 23 ədəd dəmir beton dayaq alınaraq sıradan çıxmış dayaqlarla əvəz olunmuşdur.
2011-ci ildə Alnabat kəndində yeni EATS quraşdırılmışdır. Kənd EATS-lərinin birləşdirici xətlərində təmir işləri aparılmışdır. Hazırda Gədəbəy - Şəmkirarası "FO-20" tipli kabelin çəkilişi davam etdirilir.
Rayonda son 30 ildə mərkəzi poçtamt istisna olmaqla 1 ədəd belə inzibati poçt binası tikilməmişdir. Əksər kənd poçt şöbələri uyğunlaşdırılımış və yararsız binalarda yerləşirdi.
2009-2011-ci ildə Dövlət Proqramına əsasən rayonun 8 kəndində poçt şöbələri üçün yeni binalar tikilmişdir.
Rayonun 84 ümumtəhsil məktəbində 11997 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1599 nəfər pedaqoji işçi məşğul olur. Ötən tədris ilində məktəblərin 11-ci sinfini 919 nəfər şagird bitirmiş, onlardan 570 nəfəri attestat almış, 165 nəfəri ali məktəblərə qəbul olunmuşdur. 600-dən artıq bal toplayanların sayı 4 nəfər, 500-dən yuxarı bal toplayanların sayı isə 20 nəfər olmuşdur. Məktəblərin maddi-texniki bazası 20-25 il əvvəlki dövrlə müqayisə olunmayacaq dərəcədə möhkəmlənmişdir. Belə ki, 2003-cü ilə qədər rayon məktəblərində 1 ədəd kompyuter olmadığı halda, hazırda 494 ədəd kompyuter vardır və 24 şagirdə 1 ədəd düşür.
2011-ci ildə məktəblərə 1000 ədəd parta, 300 ədəd lövhə, 250 ədəd stol, 660 stul, 110 ədəd rəf verilmiş və məktəblilər pulsuz dərsliklərlə təmin edilmişdir.
Son 8 ildə rayonda 30 yeni məktəb binası tikilib isifadəyə verilmiş, 49 məktəb binası əsaslı təmir edilmiş, 84-dən artıq əlavə sinif otağı inşa olunmuşdur.
2011-ci ildə rayonda Səbətkeçməz kənd tam orta məktəbinin və uşaq gənclər idman məktəbinin yeni binası tikilmiş, 2 saylı şəhər və Moruxlu kənd tam orta məktəbləri əsaslı təmir edilmiş, 1 saylı Qoşabulaq, Novosaratovka, 2 saylı Slavyanka kənd tam orta məktəbləri isə tikilməkdədir. Samanlıq kənd tam orta məktəbinin layihə-smeta sənədləri hazırlanır.
Yeri gəlmişkən, qeyd edək ki, 20-25 il əvvəl rayonun 84 ümumtəhsil məktəbinin yalnız 4-ü birtipli layihə əsasında tikilmişdi. Qalan məktəblər isə uyğunlaşdırılmış və qəza vəziyyətində olan binalarda yerləşirdi.
Təbii ki, problemlər də var. Məsələn, hazırda rayonun ümumtəhsil məktəblərində 161 nəfər müxtəlif ixtisasdan olan müəllimə zəruri ehtiyac vardır. Ən çox coğrafiya, xarici dil, riyaziyyat-informatika, kimya-biologiya müəllimlərinə ehtiyac duyulur. Dəfələrlə bu məsələ ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırılsa da, problem indiyədək öz həllini tapmamışdır. Amma rayonun sərhəd bölgəsində olmasını, dağlıq ərazidə yerləşməsini nəzərə alaraq, göndərilən gənc kadrların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən müəyyən imtiyazlar tətbiq edilsə və yaxud, güzəştli qaydalarla yeni kadrların təhsil almasına şərait yaradılsa, bu sahədə vəziyyəti nizama salmaq mümkündür.
Rayonda əhaliyə tibbi xidmət göstərən 121 çarpayılıq Akademik Z.Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq uşaq xəstəxanası, 5 kənd sahə klinikası, 19 həkim ambulatoriyası, 24 tibb məntəqəsi və GEM mövcuddur.
Əhalinin sağlamlığı keşiyində 343 nəfər tibb işçisi dayanır ki, onlardan da 86 nəfəri ali təhsilli həkim, 257-si orta tibb işçiləridir. Göründüyü kimi, əhalinin hər 10000 nəfərinə 9 nəfər həkim düşür.
Son 8 ildə rayonda tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. 2003-cü ildən indiyədək 4 xəstəxana, 1 diaqnostika mərkəzi, 3 həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. 5 kənd sahə xəstəxanası, 5 həkim məntəqəsi təmir edilərək müasir avadanlıqlarla təchiz edilmişdir.
Təhsil sahəsində olduğu kimi, tibb müəssisələrində də ixtisaslı kadrlara ciddi ehtiyac duyulur. Rayonda müxtəlif ixtisaslar üzrə 40 nəfər həkimə zəruri ehtiyac duyulur. Bu məsələ barədə də aidiyyəti təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırılmışdır.
Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də bir sıra işlər görülmüşdür. Son 8 ildə 17 mədəniyyət müəssisəsində təmir işləri, o cümlədən 3 mədəniyyət evi, 30 kitabxana, 2 klub əsaslı və 3 kənd klubu cari təmir olunmuşdur. 2011-ci ildə Dövlət Proqramına əsasən Çalburun, Qaraməmmədli, Plankənd mədəniyyət evi, Çanaqçı, Qoşabulaq kənd klubu və Çalburun kənd kitabxanası əsaslı, Daryurd kənd klubu və mərkəzi kitabxananın inzibati binası cari təmir olunmuşdur. Ötən il mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri üçün 110 min manat vəsait xərclənmişdir.
Simens qardaşları tərəfindən Gədəbəy şəhərində inşa edilmiş tarixi binaların əksəriyyətinin sıradan çıxmış dam örtükləri ötən il yeniləşdirilmişdir.
Rayonun ictimai-siyasi həyatında qazanılmış müsbət dəyişilkliklərin əldə edilməsində hüquq-mühafizə orqanlarının da əməyi olmuşdur. RİH başçısının və aparat işçilərinin rayonun hüquq-mühafizə oranları ilə qarşılıqlı münasibət və fəaliyyətləri mövcud problemlərin düzgün və ədalətli icra edilməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, 2011-ci il ərzində rayon ərazisində cəmi 105 cinayət hadisəsi törədilməsi faktı qeydə alınmış və onlardan yalnız 7 hadisə açılmamış qalmış, cinayətlərin açılma faizi 96,4 faiz təşkil etmişdir. Bundan başqa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 cinayət hadisəsi qeydə alınmışdır.
Rayonda 1 şəhər, 30 kənd bələdiyyəsi fəaliyyət göstərir. Bələdiyyələr kəndarası yolların təmirində, əhalinin içməli suya olan tələbatının ödənilməsində xeyli iş görmüşlər.
2010-cu ildə vətəndaşların şəxsi vəsaiti hesabına 10620 kvadratmetr sahədə 63 fərdi yaşayış evi tikilmişdisə, 2011-ci ildə 500 min kvadratmetr sahədə 457 fərdi yaşayış evi tikilmişdir. Bu göstərici əhalinin ilbəil sosial rifah halının yaxşılaşmasından xəbər verir.
2011-ci ildə icra hakimiyyəti başçısı aparatında vətəndaşların şikayətlərinə baxılması işinə diqqət gücləndirilmiş, RİH başçısı tərəfindən hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə hər həftə rayonun bir nümayəndəliyində əhali ilə görüş keçirilmiş, vətəndaşların qaldırdıqları bir sıra problemlər yerində həll edilmişdir. Ümumiyyətlə, qəbullarda 8291 nəfər iştirak etmiş, vətəndaşlar tərəfindən 224 təklif irəli sürülmüşdür.
2012-ci ildə Gədəbəydə daha irimiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulub. Sərhəddə yerləşən kəndlər qazla təmin ediləcək, uzunluğu 57 kilometr olan Gədəbəy - Qaravəllər yolu əsaslı təmir olunacaq, 20 kəndin daxili yolları qaydaya salınacaq, şəhərdaxili yollar asfaltlanacaq, bir sıra kəndlərdə yeni məktəb binaları tikiləcək, digər infrastruktur layihələri həyata keçiriləcək. Şəhərdəki Heydər Əliyev prospektinin, parkın əsaslı təmiri, Bayraq meydanının tikilməsi və sair işlər də nəzərdə tutulub.
...Hesabat yığıncağından sonra rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə ilə söhbət etdik. Öyrəndik ki, rayonda irəli sürülən hər bir xeyirxah təşəbbüsə əhali həvəslə qoşulur. Adamların məsuliyyət hissi, fəallığı xeyli artıb.
- Ölkə Prezidenti cənab İlham Əliyev Gədəbəy və gədəbəylilərə bu qədər diqqət və qayğı göstərir. Onun müqabilində məsuliyyətimiz qat-qat yüksəlib. Gərək etimadı doğruldaq. Məsuliyyət hissi olan yerdə isə istənilən işin öhdəsindən gəlmək olur...

{nl}

Başçının bu sözləri ilə razılaşmamaq mümkün deyil.
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında