Fransa Senatının qəbul etdiyi qanuna Azərbaycan Türkiyədən daha çox etiraz edib

Bunu "Hürriyet" qəzeti və "Haber Türk" internet qəzeti yazır

{nl}

Türkiyənin nüfuzlu "Hürriyet" qəzetində və "Haber Türk" internet qəzetində Azərbaycan ilə bağlı geniş yazılar dərc olunmuşdur. Yazılarda Azərbaycan ilə Türkiyə arasında münasibətlər, Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul olunmasına Azərbaycanın etirazı, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Sürixdə protokolun imzalanmasının yaratdığı narahatlıq barədə ölkəmizin bir sıra dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının fikirlərinə geniş yer verilmişdir.
"Hürriyet" qəzetindəki məqalənin müəllifi Zeynəb Gürcanlı Azərbaycanda, xüsusilə də paytaxt Bakıda gedən genişmiqyaslı tikinti-quruculuq işlərindən söz açaraq yazır: "Şəhər tikinti meydançasını xatırladır. Hər tərəfdə yeni binalar ucaldılır, bərpa işləri görülür".
Ölkəmizə səfəri zamanı "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə arasındakı əlaqələrin hazırkı vəziyyətini araşdırmağa çalışdığını vurğulayan müəllif əvvəlcə son günlərin ən aktual mövzusundan - qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmağı vacib hesab edir.
Müəllif yazır ki, bu qanunun qəbul olunmasına guya Azərbaycanın kifayət qədər etiraz etməməsi ilə bağlı Türkiyədə yaranan təəssüratlar azərbaycanlılar arasında ciddi narahatlıq doğurur. Z.Gürcanlı yazır: "Bakıda adi vətəndaşdan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmilərinə, alimlərdən jurnalistlərə, eləcə də iqtidarı və müxalifəti təmsil edən deputatlara qədər hər kəs bundan incimişdir. Ümumi fikir belədir: "Biz əlimizdən gələn hər şeyi etdik, yenə də edəcəyik. Amma Türkiyə bunu lazımınca görmədi".
Yazıda bu məsələ ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikirlərinə istinad edilir: "Biz sizdən daha çox çalışdıq. Bizim parlamentdə qərar qəbul olundu. Deputatlar, parlamentin sədri - hamımız bəyanatlar verərək bildirdik ki, bu, bizim Fransa ilə münasibətlərimizə zərər gətirəcəkdir. Fransa Senatından nümayəndə heyəti dəvət etdik. Biz onlara da etirazımızı çatdırdıq. Biz də çox çalışdıq. Sadəcə, bunu görmək lazımdır".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun da fikirləri məqalədə yer almışdır: "Biz Azərbaycan xalqını təmsil edərək yekdil səslə qərar qəbul etdik. Bu qanunun heç bir şəkildə qəbul oluna bilməyəcəyini bütün dünyaya çatdırdıq. Türkiyə parlamenti isə yalnız sədr Cəmil Çiçəyin fransız həmkarına yazdığı məktubla kifayətləndi. Türkiyə Böyük Millət Məclisinin iclasında Azərbaycanda qəbul olunan qərara bənzər sənəd qəbul edilmədi".
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə məsələ ilə bağlı iqtidar, müxalifət və müstəqil deputatların bir yerdə çalışdığını diqqətə çatdırmışdır: "Qanun layihəsinin 77 imza ilə Konstitusiya Şurasına göndərilməsində Azərbaycanın da böyük rolu vardır".
Məqalədə xarici işlər nazirinin müavini Xələf Xələfovun məsələ ilə bağlı fikirləri də verilmişdir. Xələf Xələfovun Fransanın Azərbaycandakı səfirinin iki dəfə Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı sözlərini xüsusi vurğulayan müəllif yazır ki, bu məsələ Türkiyə ictimaiyyətinin diqqətinə lazımi səviyyədə çatdırılmamışdır:
"Azərbaycan bunu öz məsələsi kimi qəbul edir. Azərbaycanın bu siyasəti davamlıdır. Bu, həm xarici siyasət, həm qeyri-hökumət, həm də parlament səviyyəsində davam etdirilir. Azərbaycan həm nota verməklə, həm də müxtəlif bəyanatlar səsləndirməklə bu siyasətə qarşı olduğunu bildirmişdir".
Məqalədə qeyd olunur ki, Türkiyə Azərbaycandan Fransanın ATƏT-in Minsk qrupunun tərkibindən çıxarılmasını tələb etməsini gözləyir.
Bu barədə yazıda Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun fikirlərindən sitat gətirilir: "Fransanın Minsk qrupunun tərkibindən çıxarılmasını biz də düşündük. Amma praktikada bu, mümkün deyildir. Məsələ yalnız Azərbaycanın istəyi ilə həll olunmur. Bunun üçün konsensus lazımdır. Bu konsensusu təmin etmək isə mümkün deyildir".
"Biz Fransa ilə danışıqlarda bu məsələlərə də toxunduq. Amma bu, qlobal siyasətdir. Biz Fransanı Minsk qrupunda Avropa İttifaqı kimi görürük. Məsələlərin bir-biri ilə əlaqələndirilməsi bu prosesə müsbət təsir etməz və daha böyük problemlərin yaranmasına səbəb olar. Bu, çətin məsələdir. Bizim qarşımızdakı ən böyük problem Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Ona görə də biz Minsk qrupundan istifadə edib bu problemi həll etməyə çalışırıq. Amma bu, Azərbaycanın Türkiyənin yanında olmaması demək deyildir. Hətta Türkiyənin yanında Azərbaycan qədər dayanan ikinci bir ölkə yoxdur", - bu fikirləri isə Xələf Xələfov söyləmişdir.
Məqalədə qeyd olunur ki, azərbaycanlılar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı imzalanmış protokolun qüvvəyə minməməsindən son dərəcə məmnundurlar.
Bu barədə Xələf Xələfovun fikirlərinə yer verən müəllif yazır: "Ermənistan-Türkiyə sərhədinin açılmasının müzakirə edilməsindən xəbərdar deyildik. Biz protokolun hazırlanmasından son anda xəbər tutduq. Türkiyə Ermənistan ilə sərhədini Azərbaycan torpaqlarının işğalına görə bağlamışdır. Yaxşı, Azərbaycan əraziləri işğaldan azad edilibmi ki, protokol imzalandı? Burada bir məntiqsizlik olmuşdu. Təbii ki, türk xalqı bizi tək qoymadı, dərhal reaksiya verdi və bu protokol Türkiyə Böyük Millət Məclisində təsdiq olunmadı".
Yazıda qeyd olunur ki, Asim Mollazadə bu məsələdə bir az daha sərt mövqedən çıxış edir: "Ən böyük erməni lobbisi nə Fransadadır, nə də ABŞ-dadır. Ən böyük erməni lobbisi Türkiyədədir. "Hamımız erməniyik" şüarı nə deməkdir? Əlbəttə, bir insanın öldürülməsi pis haldır. Amma "Hamımız erməniyik" demək düzgündürmü?"
Müəllif Səməd Seyidovun da eyni fikirdə olduğunu qeyd edir: "Almaniyada türklər öldürüldü. Almanlar da buna etiraz olaraq nümayişlər keçirdilər, şüarlar səsləndirdilər. Amma "Hamımız türkük" demədilər".
Z.Gürcanlı diqqəti Türkiyə-Ermənistan sərhədi ilə bağlı Səməd Seyidovun dediklərinə cəlb edir: "Türkiyə-Ermənistan sərhədi həqiqətən bağlıdır. Ancaq azərbaycanlılara görə, praktikada sərhəd açıqdır. İstanbuldan Yerevana gün ərzində dörd təyyarə uçur. Türkiyədə yüz minə yaxın erməni miqrant işləyir. Türk uşaqları erməni dayələrə əmanət edilir. Bu, necə sərhəd bağlamaqdır? Sərhəd virtual olaraq bağlıdır".
Müəllif məqalənin sonunda səfərinin təəssüratlarını ümumiləşdirərək qeyd edir ki, Azərbaycan protokollara görə Türkiyədən incimişdi. Amma bu, geridə qalmışdır. Fransaya qarşı isə Azərbaycan bəlkə Türkiyədən daha çox çalışmışdır və gördüyüm odur ki, çalışmağa da davam edəcəkdir. Neft və təbii qazın satışı ilə iqtisadiyyatını inkişaf etdirən Azərbaycanın hazırda hədəfi bütün dünyada diasporunu gücləndirməkdir.
Sonda müəllif yazır ki, Bakıda "birlikdə hərəkət etməliyik. Türkiyə və Azərbaycan diasporlarının keçə bilməyəcəyi maneə yoxdur" ab-havası hakimdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında