Şriftin ölçüsü:
18.02.2012 02:24 | Oxunma sayı: 492
Fevralın 17-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
AzərTAc xəbər verir ki, Ali Məhkəmənin sədri R.Rzayev Plenumun iclasında bildirmişdir ki, 2011-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ən mühüm hadisələrdəndir. Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması da dövlət müstəqilliyimizin bəhrəsidir.
R.Rzayev qeyd etmişdir ki, ötən ildə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ali Məhkəmənin fəaliyyətinin hüququ və informasiya təminatı gücləndirilmiş, aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin maddi təminatı yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi də xeyli yüksəlmişdir.
Azərbaycan Respublikasının "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması və Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sisteminiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasını tanıması, ilk növbədə Azərbaycan vətəndaşları üçün faydalı olmuşdur. Vətəndaşlar İnsan hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Ədalət mühakiməsini həyata keçirən hakimlər beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəyirlər. Bunun üçün mütəmadi olaraq Ali Məhkəmədə seminarlar keçirilir və hakimlər beynəlxalq hüququ aktları, xüsusən "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasının, Avropa Məhkəməsinin presedent hüququnun müddəalarını öyrənirlər. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə "dəyirmi masalar" keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil olunur.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2011-ci ildə kollegiya fəaliyyətlərində nəzərəçarpacaq irəliləyişin olduğunu qeyd etmişlər.
Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında ötən il ərzində baxılmış işlərin sayı 2010-cu ilin müvafiq dövri ilə müqayisədə artmışdır. Bu artım mülki kollegiyada 2,5 faiz, inzibati-iqtisadi kollegiyada 25,5 faiz, cinayət kollegiyasında 26,6 faiz, hərbi kollegiyada 16,3 faiz təşkil etmişdir.
Ali Məhkəməyə daxil olmuş işlərin sayı 8,1 faiz artmışdır.
Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı azalmışdır. Bu isə aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
Ötən il Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavablandırılmasına diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə artım müşahidə olunmuşdur. Bu isə vətəndaşların məhkəmələrə olan inamının artması kimi qiymətləndirilməlidir.
Ali Məhkəmənin Plenumunun 2011-ci ildə 6 iclası keçirilmiş, 31 qərar çıxarılmışdır.
Plenumda Ali Məhkəmənin 2012-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
Plenumda konkret işlərə baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.