Yardımlıda ötən ilin yekunları müzakirə edilib

Son illərdə dağlar diyarı Yardımlıda sosial-iqtisadi inkişaf meylləri daha da güclənmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. 2011-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında bu barədə ətraflı danışılmış, uğurlar təqdir olunmaqla bərabər, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı Xəzər Aslanov əvvəlcə abadlıq-quruculuq işlərini diqqətə çatdırdı. O dedi ki, ötən il rayonda tikinti-quruculuq işlərinin vüsəti daha da artmışdır. Şəhərin girişindən başlayaraq Qala qapısı və istinad divarları hörülərək ağ üzlük daşlarla bəzədilmişdir. Həmin istiqamətdə yollar genişləndirilir, suaxarları salınır, piyada səkiləri tikilir. Heydər Əliyev adına park və "Bulaq" kompleksi müasir tələblər səviyyəsində əsaslı təmir edilmiş, 200 yerlik xeyir-şər evi tiklimişdir. Bundan əlavə, hazırda YAP Yardımlı rayon təşkilatı və statistika idarəsi üçün inzibati binalar, həmçinin vergi terminalı inşa olunur. Bütün tikinti işləri keyfiyyətlə aparılır. Telavar kənd orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun büstü ucaldılmışdır. Şəhərdə əhalinin içməli su probleminin həlli məqsədilə Təzə bazar adlanan ərazidə qazılan subartezyan quyusunun suyu 1 kilometrlik məsafədə mərkəzi su xəttinə birləşdirilmişdir. Əhalinin fasiləsiz içməli su ilə təminatı və kanalizasiya xətlərinin çəkilişi məqsədilə şəhərdə işlərə başlanılmışdır. Bu layihə həyata keçirildikdən sonra şəhərə 24 saat su verilişi təmin olunacaq.
Qış mövsümündə əhalinin hərəkətini çətinləşdirən kəndarası yolların təmiri davam etdirilmişdir. Uzunluğu 7,5 kilometr olan Yardımlı-Hamarkənd yolunun yarıya qədərinə çınqıl döşənmiş, 800 metrinə asfalt çəkilmişdir. Digər kənd yollarında da təmir işləri aparılmışdır. Noyabr-dekabr aylarında intensiv yağan yağışlar nəticəsində Yardımlı-Masallı, Astanlı, Arvana və Sırıq-Horavar avtomobil yollarında torpaq sürüşməsi baş vermiş və Nəqliyyat Nazirliyinin mütəxəssisləri dəymiş ziyanı müəyyənləşdirmişlər. Müvafiq sənədlər aidiyyatı üzrə təqdim olunmuşdur. Rayon mərkəzindən dörd istiqamət üzrə on yaşayış məntəqəsini birləşdirən yolların təmiri məsələsi də gündəmdədir.
Rayonda ATS-lərin elektronlaşdırılması 100 faiz həyata keçirilmişdir. Artıq Yardımlıda çoxşaxəli sürətli internet xətti istifadəyə verilmişdir və hazırda abunəçilər bu xidmətdən istifadə edirlər.
Bu gün əksər kənd yaşayış məntəqələrinə işığın verilməsi 17-18 saata çatdırılmış, elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə orta illik göstərici 82 faiz, təbii qazın dəyərinin ödənilməsi isə 100 faiz təşkil etmişdir. İl ərzində rayona mavi yanacaq xətlərinin çəkilişi davam etdirilmişdir. Ümumilkdə 149 ünvana qaz xəttinin çəkilişi həyata keçirilmiş və qazdan istifadə edən abonentlərin sayı rayon üzrə 1168-ə çatmışdır.
Daha sonra məruzəçi məlumat verdi ki, 2011-ci il ərzində rayon üzrə 65,1 milyon manatlıq ümumi məhsul istehsal olunmuşdur. Bu, 2003-cü illə müqayisədə 7,2 dəfə çoxdur. Ümumilikdə 578,4 min manatlıq sənaye, 22,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, əhaliyə 38,6 milyon manatlıq ticarət, 1 milyon 24 min manatlıq nəqliyyat, 239,6 min manatlıq rabitə xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin həcmi 2010-cu illə müqayisədə 9,2 faiz artmışdır.
Rayonun büdcəsi hesabına il ərzində 2 milyon 343 min manatlıq, 2003-cü illə müqayisədə 6,6 dəfə çox tikinti işləri həyata keçirilmişdir. 2011-ci ildə rayonun büdcəsi 12 milyon 31 min manat təşkil etmiş, büdcənin gəlirləri 121 faiz, xərcləri isə 92,5 faiz icra olunmuşdur.
2011-ci ildə rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 3,4 dəfə artaraq 225 manata çatmışdır.
Hesabat dövründə rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmiş, iş adamlarının fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Məhz bunun nəticəsidir ki, sahibkarlıq subyektləri tərəfindən 63,1 milyon manatlıq məhsul istehsal olunmuşdur, bu da rayon üzrə istehsal olunmuş ümumi məhsulun 97 faizini təşkil edir.
Rayonda əhalinin əsas hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Ötən il rayonda 73734 sentner kartof, 19584 sentner tərəvəz, 4350 sentner meyvə istehsal edilmiş, mal-qaranın sayı 27557 başa, davarların sayı isə 78368 başa çatmışdır ki, bunun da nəticəsində ət və süd istehsalı artmışdır. Bundan başqa, 63790 sentner taxıl istehsal olunmuşdur: bunun 48650 sentneri buğdadır. 2 min 983 hektar sahədə şumlama, 2 min 872 hektar sahədə səpin aparılmışdır. Əkinçilərin reproduksiyalı elit toxumla təmin olunması üçün rayona 200 tona yaxın toxum və məhsuldarlığın artırılması məqsədilə 89 ton azot gətirilmişdir.
Son illər rayonda arıçılığın inkişafı məqsədilə də bir sıra işlər görülmüşdür. Bal istehsalı 2011-ci ildə 459 sentnerə çatmışdır. Hər il olduğu kimi, ötən il də Bakı şəhərində keçirilən arıçılıq yarmarkasında Yardımlı sahibkarları 800 kiloqramdan artıq yüksək keyfiyyətli bal satmışlar.
Ağac əkini işləri də müntəzəm olaraq davam etdirilir. Təkcə 2009-2011-ci illərdə rayonda 24 minə yaxın, o cümlədən ötən il 5 minə yaxın müxtəlif növ dekorativ, meşə və meyvə ağacları əkilmişdir.
Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğını artırmaq üçün 809 ailənin 4560 nəfər üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunmuş, onlara 956 min 88 manat həcmində vəsait ödənilmişdir. Bu isə hər bir ailəyə ayda 98 manat, hər bir ailə üzvünə 17,4 manat yardım deməkdir. Ünvanlı sosial yardım alanlar rayon əhalisinin 7,5 faizini təşkil edir. Rayonda işsizliyin aradan qaldırılması məqsədilə 2003-2011-ci illərdə yeni yaradılmış müəssisələrin hesabına 3692 yeni iş yeri açılmışdır ki, bunun da 2535-i daimidir.
Xəzər Aslanov təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı barədə də danışdı. O bildirdi ki, yeni məktəblərin tikilməsi ötən il də davam etmişdir. Belə ki, Dövlət Proqramına uyğun olaraq 220 yerlik Ostayır, Alçabulaq və Şəfəqli, 80 yerlik Gendərə və Gügəvar, eyni zamanda, 360 yerlik Kürəkçi məktəblərinin tikintisi və Çayüzü uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. Hazırda 180 yerlik Anzov məktəbinin və 55 yerlik Yolocaq uşaq bağçasının tikintisi üçün layihə sənədləri hazırlanır. 2011-ci ildə rayonda 150 yerlik yeni uşaq musiqi məktəbi tikilərək istifadəyə verilmişdir. Burada 5 ixtisas üzrə 95 şagird təhsil alır.
Möhtərəm cənab Prezidentin tapşırığı ilə rayon xəstəxanasının əsaslı təmiri və rayona ən müasir tibb avadanlığının verilməsi hesabına səhiyyə xidməti və onun maddi-texniki bazası genişlənmişdir. Turizm ili ilə əlaqədar bir neçə veb-sayt yaradılmış və rayonun turizm potensialını əks etdirən video-çarxlar, fotoşəkillər yerləşdirilmişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır.
Rayonun idmançıları respublika yarışlarında ilbəil daha uğurla iştirak edirlər. Ötən il respublika miqyaslı yarışlarda Yardımlıdan 147 idmançı iştirak etmiş, 7 qızıl, 5 gümüş və 8 bürünc medal qazanılmışlar.
Rayon bələdiyyələri yerli problemlərin həllində fəal iştirak edirlər. Qarşılıqlı fəaliyyətin hesabına kəndlərdə 7 bulaq kompleksi, 1 artezian quyusu qazılmış, 60 kilometrə yaxın kənddaxili və kəndarası yollar cari təmir olunmuşdur. Sonra məruzə ətrafında çıxışlar oldu. İdarə və təşkilatların rəhbərləri, fermefrlər görülmüş işlərdən bəhs etdilər, cari ildə də səmərəli fəaliyyət üçün hər cür şərait olduğunu bildirdilər.
Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov və Milli Məclisin üzvü, xalq şairi Sabir Rüstəmxanlı da hesabat yığıncağında çıxış etdilər. Ölkədə aparılan sosial-iqtisadi siyasətin aspektlərinə toxundular, eyni zamanda, haqqında bəhs olunan məsələlərə münasibət bildirdilər.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında