Şriftin ölçüsü:
17.02.2012 11:42 | Oxunma sayı: 599
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq narkotik vasitələr daşıyan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 14 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, İran İslam Respublikasının vətəndaşı Qəməryan Əli Yusif oğlu, Azərbaycan Respublikasının vətəndaşları Hüseynov Azər Namiq oğlu, Manafov Şakir Babulla oğlu və digərləri qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə İrandan Azərbaycana gətirmişlər. Müəyyən edilmişdir ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Əli Qəməryan və digər İran vətəndaşları külli miqdarda narkotik vasitə olan tiryəki qaçaq yolla Azərbaycan Respublikasına keçirmək məqsədilə İran ərazisində həmin narkotiki kapron materialdan hazırlanmış kanistirin içərisində gizlətmişlər. Əli Qəməryan içərisində narkotik vasitə olan kanistiri özünün idarə etdiyi "VOLVO" markalı avtomobildə gizlədərək qaçaq yolla Azərbaycan Respublikasına gətirmiş və Lənkəran rayonunun Pensər kəndi ərazisində qrupun digər üzvü Azər Hüseynova təhvil vermişdir. Əvvəlcədən əldə olunmuş razılığa əsasən Azər Hüseynov içərisində narkotik vasitə olan kanistiri özünün idarə etdiyi "VAZ-2107" markalı avtomobildə daşıyaraq, qrupun digər üzvü Şakir Manafovun yaşadığı Lənkəran şəhərindəki evinin zirzəmisində gizlətmişdir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Əli Qəməryan, Azər Hüseynov və Şakir Manafov yaxalanmış, sonuncunun evinin zirzəmisinə keçirilmiş baxış nəticəsində içərisində 10 kiloqrama yaxın tiryək olan kapron kanistir aşkar edilərək götürülmüşdür.
MTN-in digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Rəşidov Habil Xudaşirin oğlu yaxalanmışdır. Məlum olmuşdur ki, Habil Rəşidov, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətirmişlər. Belə ki, Habil Rəşidov cari il fevralın əvvəlində İranın Astara şəhərinə getmiş və orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədəli adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girib külli miqdarda tiryəki gizli yolla Azərbaycana gətirmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliyev İbadulla Yadulla oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, İbadulla Əliyev, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Həmid adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan tiryəki İran İslam Respublikasında satış məqsədilə qanunsuz olaraq əldə etmiş, gizli yolla İrandan Azərbaycana gətirmişlər.
Belə ki, İbadulla Əliyev İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən Həmid adlı iranlı ilə külli miqdarda tiryəkin Azərbaycana qaçaq yolla gətirilməsi barədə razılaşmışlar. Həmin iranlı tiryəkin qaçaq yolla keçirilməsi müqabilində İbadulla Əliyevə 1.000 ABŞ dolları və əlaqə üçün 1 mobil telefon vermişdir. İbadulla Əliyev Azərbaycana qayıtdıqdan bir neçə gün sonra Biləsuvar rayonunun Səmədabad kəndinin yaxınlığında hazırda şəxsiyyəti istintaqla araşdırılan digər iranlı ilə görüşüb İrandan gizli yolla göndərilmiş narkotik vasitə olan tiryəki ondan təhvil almışdır. Lakin İbadulla Əliyev yaxalanmış və baxış zamanı 3 kiloqramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.
Həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı İmanov Ayaz Musa oğlu saxlanılmışdır. Belə ki, Ayaz İmanov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Cəmşid adlı vətəndaşı ilə qabaqcadan əlbir olaraq İranda əldə etdikləri külli miqdarda heroini qaçaq yolla Azərbaycana gətirmişlər. Müəyyən edilmişdir ki, Ayaz İmanov İranın Ərdəbil şəhərində olarkən tanışı Cəmşidlə satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilərək gizli yolla İrandan Azərbaycana gətirilməsinə dair razılığa gəlmişlər. Bundan sonra Ayaz İmanov Cəmşid tərəfindən Azərbaycana qaçaq yolla gətirilməsi təşkil olunmuş həmin heroini əvvəlcədən razılaşdırılmış, yəni Bakı şəhərinin Balaxanı qəsəbəsində fəaliyyətsiz zavodun yaxınlığındakı gizli yerdən götürmüşdür. Lakin Ayaz İmanov yaxalanmış və keçirilmiş baxış zamanı ondan 1 kiloqram 217,2 qram heroin aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır.
Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.