Şriftin ölçüsü:
16.02.2012 01:41 | Oxunma sayı: 401
Kürdəmirdə 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İştirakçılar və qonaqlar ilk növbədə iclasın keçirildiyi mədəniyyət evinin foyesində təşkil edilmiş sərgiyə baxmışlar. Sərgidə rayonda istehsal olunan 60-dək müxtəlif növ sənaye və kənd təsərrüfatı məhsullarından nümunələr nümayiş etdirilmişdir. Məhsulların çeşidi, keyfiyyəti və yüksək zövqlə təqdimatı hər kəsdə böyük maraq doğururdu. Xüsusilə un və heyvandarlıq məhsulları öz zənginliyi ilə seçilirdi.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun hesabat məruzəsi dinlənilmiş, sonra müzakirələr aparılmışdır. İcra başçısı ilk növbədə diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasına, iclasda dövlət başçısının nitqində irəli sürülən müddəalara cəlb etmişdir. Keçən il ölkə iqtisadiyyatında qeyri-neft sektorunun 9,4 faiz, əhalinin pul gəlirlərinin 19,6 faiz artması, sosialyönümlü dövlətin yaradılması istiqamətində böyük uğurlara nail olunması və digər nailiyyətləri bir daha xatırladan məruzəçi bu uğurları məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqli nəticəsi kimi diqqətə çatdırmışdır.
Sonra məruzəçi respublikamızda qazanılan nailiyyətlərdə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramından irəli gələn vəzifələri uğurla yerinə yetirən kürdəmirlilərin də layiqli payı olduğunu söyləmişdir. Göstərmişdir ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışı əvvəlki ildəkinə nisbətən 10,9 faiz artaraq 254 milyon 797 min manat təşkil etmişdir. 2011-ci ildə 631 yeni iş yeri açılmışdır ki, bunun da 526-sı daimidir. Ötən il orta aylıq əmək haqqı 1,1 faiz artmış, 175,5 manat olmuşdur.
Rayon iqtisadiyyatının əsas sahəsi olan kənd təsərrüfatında dinamik inkişaf davam edir. Ötən il hava şəraitinin taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq dənlik qarğıdalı da daxil olmaqla 35,08 min hektar sahədən 55,8 min ton məhsul yığılmışdır ki, bu göstərici əvvəlki ildəkindən 4391 ton və ya 8,5 faiz çoxdur. Hesabat ilində 12910 ton, yəni inişilkindən 2900 ton çox kartof, 132 ton günəbaxan məhsulları (artım 14 ton) istehsal olunmuşdur.
Hesabat məruzəsində və müzakirələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi və yüksək məhsuldarlığa nail olunmasında həm də meliorasiya sistemlərinin mühüm rol oynadığı, ötən il bu sahədə xeyli işlərin görüldüyü diqqətə çatdırılmışdır.Belə ki, 6 kəndin 5 min hektaradək ərazisini su ilə təmin edəcək 18 kilometrlik Axtaçı-Ərəbqubalı beton üzlüklü kanalın 14 kilometrlik hissəsi, 5-6 min hektaradək ərazini su ilə təmin edəcək 33 kilometrlik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın 22 kilometrlik torpaq hissəsi işlənmiş, 7 kilometrlik hissəsi tikilmiş, o cümlədən Çərtəyəz kəndini əhatə edən 2 kilometri istifadəyə verilmişdir.
Məlum olduğu kimi, 2010-cu ildə Kür çayında suyun səviyyəsinin qalxması, güclü leysan yağışları rayona, o cümlədən yaşayış evlərinə ciddi ziyan vurmuşdu. FHN tərəfindən qəzalı olduğu müəyyən edilən 347 ailə üçün yeni fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər ətraflı təhlil olunmuşdur. Qeyd edilmişdir ki, son səkkiz ildə rayonda 24 yeni məktəb binası və ya 7 min şagird yerlik 350 sinif otağı tikilib istifadəyə verilmişdir. Bu da əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 6 dəfə çoxdur. Ötən il Dövlət Proqramına müvafiq olaraq şəhər 3 saylı tam orta məktəb üçün 640 şagird yerlik üçmərtəbəli məktəb binası tikilib istifadəyə verilmişdir. Keçən il habelə Bala Kəngərli kənd ümumi orta məktəbi üçün 200 şagird yerlik tədris ocağı tikilmişdir.
Hazırda dövlət vəsaiti hesabına 220 şagird yerlik Xırdapay və Sor-Sor, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi aparılır. Yaxın günlərdə Qarabucaq ümumi orta məktəbi üçün binanın inşasına başlanılacaqdır.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu sahələrdə xeyli işlər görülmüşdür. Xüsusilə sakinlərin içməli təmiz suya tələbatının ödənilməsi diqqət mərkəzində saxlanılmışdır.
Yığıncaqda regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı ilə əlaqədar cari ildə həyata keçiriləcək layihələrdən, ayrı-ayrı sahələrdə görüləcək həlli vacib işlərdən ətraflı danışılmış və belə bir əminlik ifadə olunmuşdur ki, kürdəmirlilər bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gənc, müstəqil Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər. Tədbirdə rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fərqlənən bir qrup qabaqcıl işçiyə rayon icra hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyəsi verilmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış etmiş, ölkəmizin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən, bu sahədə bölgələrdə görüləcək həlli vacib məsələlərdən danışmışdır.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.