BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi, Avstriya hökuməti, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi və başqa maraqlı tərəflərin birgə təşəbbüsü ilə ötən il təsis edilmiş beynəlxalq təşkilatın - Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər Akademiyanın Beynəlxalq Keçid Heyətinin və Beynəlxalq Məşvərət Şurasının rəhbəri Martin Kreutnerin rəhbərlik etdiyi missiyanın ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində aparılan işlərlə, eləcə də dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində dövlət siyasəti ilə tanış olmaq və "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfransda iştirak etməsi məqsədilə həyata keçirilir.
Fevralın 14-də nümayəndə heyəti vergilər naziri Fazil Məmmədov, baş prokuror Zakir Qaralov və ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. Görüşlərdə Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı həyata kecirilən tədbirlər, onların səmərəliliyi, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı məsələləri müzakirə edilmişdir.
Fevralın 15-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyasının, Prezident Administrasiyasının, Milli Məclisin, respublika Baş Prokurorluğunun, Vergilər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov qonaqları və tədbir iştirakçılarını salamlamış, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin korrupsiya ilə mübarizəyə dair strateji kursunun əsasları ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu sahədə bir sıra qanunvericilik sənədləri qəbul edilmişdir. Hazırda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsilə bağlı hökumət qarşısında yeni tələblər irəli sürdüyünü bildirmişdir. Qarşıya qoyulan məsələlərin icrasını təmin etmək üçün "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu, bununla bağlı Dövlət Proqramı və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya qəbul edilmişdir.
F.Məmmədov vurğulamışdır ki, dövlət tərəfindən korrupsiyaya qarşı həyata kecirilən tədbirlərin səmərəliliyi bu prosesdə muxtəlif tərəflərin, o cümlədən beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin bütün təbəqələrinin fəal iştirakını tələb edir. Korrupsiyaya qarşı mübarizənin Vergilər Nazirliyinin də diqqət mərkəzində olduğunu bildirən F.Məmmədov korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərini vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılmasında, vətəndaş-məmur təmaslarının minimuma endirilməsində, nəzarət mexanizmlərinin gücləndirilməsində və kadrların bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsində gördüklərini demişdir.
Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasının ən səmərəli üsulu kimi müasir informasiya texnologiyalarından istifadə edilməsinin və elektron xidmətlərin tətbiqinin əhəmiyyətli olduğunu bildirən nazir bu sahədə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə danışmış, vergi sistemində şəffaflığın yaradılmasına imkan verən elektron xidmətlər barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət tərəfindən korrupsiyaya qarşı həyata keçirilən tədbirlər, bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər barədə danışmışdır. Natiq bildirmişdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində kifayət qədər güclü normativ hüquqi baza yaradılmış və dövlət qulluqçularının etik davranış kodeksləri qəbul edilmişdir. Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və müxtəlif beynəlxalq konvensiyalara qoşulmuşdur.
Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutner Azərbaycanda keçirilən konfransın əhəmiyyətini vurğulayaraq beynəlxalq antikorrupsiya hərəkatı barədə danışmış, korrupsiyanın cəmiyyətin inkişafına mane olduğunu, ciddi sosial-iqtisadi, mənəvi-hüquqi problemlər və vətəndaşlarda dövlət orqanlarına inamsızlıq yaratdığını bildirmişdir. M.Kreutner korrupsiyanın qarşısının alınmasında profilaktik tədbirlərin mühüm rol oynadığını, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin korrupsiya ilə mübarizə üzrə fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsinin də çox vacib olduğunu qeyd etmişdir.
M.Kreutner akademiyanın beynəlxalq, innovativ mərkəz kimi tanındığını və bu sahədə peşəkar mütəxəssisləri birləşdirdiyini qeyd etmiş və bildirmişdir ki, akademiya BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının məqsədlərini rəhbər tutur, ölkələrə, təşkilatlara, korporasiyalara və digər maraqlı tərəflərə yardım və texniki dəstək göstərir.
Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli, QHT-lərin Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Aysu Məmmədova çıxış etmişlər.
Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Beynəlxalq Antikorrupsiya Akademiyası və Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.