Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilmişdir

Fevralın 14-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Mili Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlikdəki qanun layihələri barədə deputatlara məlumat vermişdir. Sonra cari məsələlərə baxılmış, deputatlar ölkəmizin sosial-iqtisadi inkişafı, mövcud problemlər, eləcə də regionda və dünyada baş verən proseslər barədə fikirlərini bölüşmüşlər.
Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələri müzakirə olunmuşdur.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki birinci məsələ - namizədliyi Azərbaycan Prezidenti tərəfindən növbəti müddətə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunmuş Alim Quliyev, Aftandil Babayev və Vadim Xubanov haqqında deputatlara məlumat vermişdir. Bildirilmişdir ki, hər üç namizəd uzun müddətdir ki, bank sistemində çalışır və bu sahədə zəngin təcrübəyə malikdir.
Deputatlar Mərkəzi Bankın fəaliyyəti və namizədlər barədə rəy və təkliflərini bildirmişlər.
Sonda səsvermə keçirilmiş və hər üç şəxs MB İdarə Heyətinin üzvü təsdiq olunmuşlar.
Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov gündəlikdəki ikinci məsələ - "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" məlumat vermişdir. Nazir müavini demişdir ki, dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində ölkəmizdə siyasi, sosial, iqtisadi sahələrlə yanaşı, yerli özünüidarəetmənin həyata keçirilməsi istiqamətində də önəmli nailiyyətlər əldə edilmişdir. Azərbaycan dövləti yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm sosial və hüquqi baza yaratmışdır.
V.Zahirov diqqətə çatdırmışdır ki, 2011-ci il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyə vətəndaşlardan və ayrı-ayrı qurumlardan 2387 müraciət daxil olmuşdur. Bunlardan 1693-nə əsaslandırılmış cavablar verilmiş, 28-i təmin edilmiş, 49 müraciət əsasında inzibati nəzarət qaydasında araşdırma aparılmışdır. Müraciətlərə baxılarkən aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilmişdir.
Ötən il bələdiyyələrin qəbul etdikləri 31 min 974 akt ekspertizadan keçirilmək üçün Ədliyyə Nazirliyinə göndərilmişdir ki, bu da 2010-cu illə müqayisədə 20 faiz çoxdur. Ekspertiza zamanı aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanan 28 bələdiyyəyə dair müvafiq materiallar toplanaraq prokurorluq orqanlarına göndərilmişdir. Onlardan 15-i üzrə cinayət işi başlanılmış, qalanları baxılma mərhələsindədir. Bütövlükdə il ərzində inzibati xəta haqqında 690 protokol tərtib edilmiş, həmin sənədlər əsasında 581 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunmuşdur. 71 bələdiyyə sədri isə təkrar məsuliyyətə cəlb edilmişdir.
Başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır. Halbuki torpaqlardan səmərəli istifadə olunması yerli büdcənin gəlirlərinin artırılmasının əsas qaynaqlarından biri ola bilər.
Məruzə dinlənildikdən sonra deputatlar təklif, irad və qeydlərini bildirmişlər. Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rolu yüksək qiymətləndirilmişdir.
Müzakirələrdən sonra məruzə səsə qoyularaq nəzərə alınmışdır.
Axşam iclasında deputatlar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, eləcə də İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavələr və dəyişikliklər etmişlər.
Qeyd olunmuşdur ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin daha da təkmilləşməsinə və inkişafına xidmət edir.
Sonra "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki qanun layihəsi barədə iclas iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, müzakirə olunan sənəd Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı İnsan hüquqlarının daha səmərəli qorunmasına dair milli fəaliyyət planının həyata keçirilməsində ilk addım kimi qiymətləndirilməlidir. Dörd fəsil, əlli maddədən ibarət olan qanun layihəsi tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının təmin edilməsinə yönəlmişdir. Burada şəxsin tutulmasının əsasları, onun təhlükəsizliyi, hüquqları, maddi, tibbi təminatı və digər məsələlər öz əksini tapmışdır. Sənəddə həbs yerlərində daxili intizam qaydaları, müdiriyyətin vəzifələri müəyyən edilmişdir.
Sənəddə yetkinlik yaşına çatmayanların və qadınların saxlanılması barədə ayrıca maddələr vardır. Qanun layihəsi ilə bağlı ATƏT-in müvafiq institutlarından da müsbət rəy alınmışdır.
İclasda çıxış edən deputatlar qanun layihəsinin Avropa standartlarına cavab verdiyini vurğulamış, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm addımlardan biri kimi qiymətləndirmişlər.
Sonda qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında