Şriftin ölçüsü:
14.02.2012 10:45 | Oxunma sayı: 427
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
DSMF-nin sədri Səlim Müslümov vurğulamışdır ki, ötən il ölkəmiz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlamış, bütün proqramlar icra olunmuş, pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm addımlar atılmışdır.
S.Müslümov bildirmişdir ki, ilkin məlumatlara əsasən, 2011-ci ildə fondun gəlirləri 2119,1 milyon manat olmuşdur ki, bu da 2010-cu ilə nisbətən 354 milyon manat və ya 20,1 faiz çoxdur. 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilə nisbətən 10,8 faiz və ya 119,4 milyon manat artaraq 1228,7 milyon manat təşkil etmişdir. Ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,6 faizi və ya 719,4 milyon manatı qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının payına düşür. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 79,9 milyon manat artmış, proqnoz 102 faiz icra olunmuşdur.
Fondun sədri diqqətə çatdırmışdır ki, hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslərdən və torpaq mülkiyyətçilərindən daxil olmalar 13,3 faiz artmışdır. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 509,2 milyon manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilə nisbətən 8,4 faiz və ya 39,5 milyon manat artmışdır. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2011-ci ildə fondun xərcləri 2118 milyon manat olmuşdur.
S.Müslümov qeyd etmişdir ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, ilin sonuna 1278,3 min nəfər təşkil etmişdir. 2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuşdur. 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir.
S.Müslümov vurğulamışdır ki, ötən il Fond Aparatı ilə yerli orqanlar arasında korporativ şəbəkənin qurulması başa çatdırılmışdır. Fond sistemində pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması ilə bağlı tədbirlər görülür. Fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 166,4 min nəfər artmışdır. Bununla yanaşı, sığortaedənlərdən 2006-2010-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi davam etdirilir. Bunun nəticəsində fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması işi təşkil olunacaqdır. Hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olacaq, beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənəcəkdir. Artıq bu məqsədlə müvafiq proqram təminatı hazırlanaraq sınaqdan keçirilir.
Sonra fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin rəhbərləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar etmişlər.
İclasda fondun yerli orqanlarının 2011-ci ildəki fəaliyyəti ətraflı təhlil edilmiş və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilmiş, vətəndaşların müraciətlərinə baxılması, müraciətlərin operativ cavablandırılması müzakirə olunmuşdur. Şöbə müdirlərinə əhalinin hər hansı müraciətinin diqqətlə araşdırılması barədə ciddi tapşırıqlar verilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.