"Ölülər dağı"nın, "ölüm dərəsi"nin və "gəzən daşlar" ın müəmması nədədir?

Bəşər övladı yarandığı gündən bəri daim dünyanın sirrini öyrənməyə çalışıb. Əslində, elmin, texnikanın inkişafı nəticəsində bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Lakin dünyada bəzən elə hadisələr baş verir ki, hətta elm də onu izah edə, alimlər həmin hadisələrin üzərindəki sirr pərdəsini aça bilmir. Dünyanın müxtəlif bölgələrində olan və "ölülər təpəsi", "iblis bataqlığı", "ölüm dərəsi", "gəzən daşlar" kimi vahiməverici adlarla tanınan yerlər buna misal ola bilər. 
Həmin sirli-sehirli məkanlardan biri də Rusiya ərazisində yerləşir. Şimali Uralda 1079 metr yüksəklikdəki "Xolat Syaxıl" (tərcüməsi: "Ölülər dağı"-R.Ə.) adlandırılan bu yüksəklik zaman-zaman onlarca insanın müəmmalı ölümünə səbəb olmaqla öz adını "doğruldub". Bölgədə yaşayan yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, hadisələrdən biri 1959-cu il fevralın 2-də baş verib. Belə ki, həmin vaxt "Ölülər dağı"nın enişində Uraldan olan turistlər düşərgə salıb. Bir neçə gün turistlərdən xəbər ala bilməyən əlaqədar orqanlar onların axtarışına başlayıb və qeyd olunan yerdə turistlərin cansız cəsədləri ilə qarşılaşıblar. Faciənin səbəbləri bu günə qədər məlum deyil. Doqquz nəfər təcrübəli yürüşçünün ölümü ilə bağlı ildırım vurmasından tutmuş, uçan naməlum obyektlərin hücumunadək müxtəlif əsaslı və əsassız fərziyələr irəli sürülüb. Daha bir ehtimal isə o idi ki, guya turistlər "vakkum bombası"nın sınaqdan keçirildiyi əraziyə daxil olublar. Ancaq bu fikir də özünü doğrultmayıb. Çünki həmin bombanın partlaması nəticəsində yaranan simptomların heç biri - insanlarda yüksək təzyiqdən damarların partlaması və daxili qanaxma, partlayışın episentrində isə bədənin parçalanması kimi əlamətlər yox idi. Beləliklə, irəli sürülən versiyaların heç biri öz təsdiqini tapmayıb.
Hadisənin səbəblərini açıqlaya bilməyən alimlər bildirirlər ki, dünyanın bəzi yerlərində "ölümsaçan" adlar daşıyan coğrafi nöqtələr qeyri-adi təbii hadisələrin meydana gəldiyi "anomal zonalar"dır. Onlar Rusiyanın Kamçatka vilayətindəki "ölüm dərəsi" adlandırılan yerdə tez-tez rast gəlinən "sümük təpələri"ni buna misal göstərirlər. Alimlər müəyyənləşdiriblər ki, insanları vahiməyə salan - quşların, Sibir porsuqlarının, hətta ayıların ölümlərinin ilk baxışdan aydın olmayan səbəbi yerin çatlarından vaxtaşırı sızan və nəfəs orqanlarını iflic edən vulkanik sian qazıdır.
Qeyd olunduğu kimi, bəzi hadisələr də var ki, onları izah etmək və anlamaq insan idrakının imkanı xaricindədir. Rusiyanın Yakutiya vilayətindəki "ölüm dərəsi" və Vilyuy çayının açılmayan müəmmasını da bu qəbildən hesab etmək olar. Bunların sirri ondadır ki, əgər kimsə bu yerlərin yaxınlığında gecələsə, məlum olmayan səbəbdən ölür. Bu, daha çox radioaktiv zəhərlənmədən baş verən ölümə bənzədilir. Lakin Yakutiyada belə yüksək təbii radiasiya hardandır? Axı bu rayonda dəqiqliklə aparılmış geoloji tədqiqatlar nəticəsində belə bir fakt aşkarlanmayıb.
Çinin Sıçuan əyalətindəki "ölüm dərəsi" haqqında daha qorxunc məlumatlar dolaşmaqdadır. "Qara bambuk dərəsi" də adlandırılan bu yerdə 1950-ci ilin yayında yüzlərlə adam itkin düşüb, heç bir səbəb olmadan bir təyyarə partlayıb. 1962-ci ildə dərə özünün yeni qurbanlarını "udub". Geoloqlar karvanını müşayiət edən və yeganə sağ qalan şəxs - bələdçi sonradan baş verənləri belə təsvir edirdi: "Öndəki dəstə dərəyə girən kimi, oranı qatı duman bürüdü. Qarmaqarışıq səslər eşidildi, ərazi aydınlanandan sonra isə heç kimi tapa bilmədim. Sanki hər kəs birdən-birə yoxa çıxmışdı".
Alimlərin fikrincə, bütün olanlara səbəb irinli bitkilərin tərləməsidir ki, bundan insan boğulmağa başlayır, istiqamətini itirir, nəticədə məhv olur. Lakin baş verən hadisələrin kökü "qara bambuk dərəsi"nin qeyri-adi güclü maqnit sahəsindədir. Çinin Tzilin əyalətindəki Çanbayşan dağlarında yerləşən "ölüm dərəsi" də məhz bu xüsusiyyətinə görə seçilir. Orada da məlum olmayan səbəblərə görə təyyarələr qəzaya uğrayır, insanlar itkin düşür. Hətta dağa jenşen bitkisini toplamağa gedən və ərazini beş barmağı kimi bilən təcrübəli ovçular da geri qayıtmayıblar. O yerlərdə kompasın əqrəbləri "çaşır", insanlar yaddaşlarını və istiqamətlərini itirərək qəribə anlaşılmaz vəziyyətə düşürlər. Yolçular sehirlənmiş kimi eyni yerdə dolanıb - durur, çıxıb getmək üçün doğru yolu tapa bilmirlər.
ABŞ-ın Kaliforniya ştatındakı "gəzən daşlar səhrası" da təhlükəli yerlərdən biri hesab olunur. Bu böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla Yerin ən isti ərazisidir. Yaylanın bəzi yerlərində ilk baxışdan adi görünən və futbol topu ölçüsündə, ton yarıma qədər çəkisi olan qaya parçaları var. Məhz bu daşların sirrini alimlər uzun illərdir ki, çözə bilmirlər. Məsələ ondadır ki, bu daşlar naməlum səbəblərdən müəmmalı şəkildə özlərindən sonra iz qoyaraq hərəkət edirlər.
Belə bir hadisəyə Rusiya ərazisində də rast gəlinir. Mavi daş - əfsanəvi qaya parçası Pereslavl-Zalesski yaxınlığındakı Qorodişe kəndi ətrafında yerləşir. Qədim rus inancına görə, bu daşda arzu və niyyətləri yerinə yetirən ruh yaşayır. XVII əsrin əvvəllərində kilsə bütpərəstliklə mübarizəyə başladığı zaman Semyonov kilsəsinin keşişi Anufri dərin bir quyu qazmağı və Mavi daşı orda basdırmağı əmr edir. Bir neçə il sonra qaya parçası müəmmalı şəkildə torpağın altından çıxır. 150 il sonra Pereslavlın kilsə başçıları qərara alırlar ki, bu qaya parçasını tikiləcək kilsənin təməlinə qoysunlar. Daşı xizəyə yükləyib Pleşeyeva gölünün üzərindən keçirən zaman buz qırılır və daş gölün dibinə düşür. Lakin tezliklə balıqçılar müşahidə edirlər ki, daş gölün dibi ilə hərəkət edir, yavaş-yavaş yerini dəyişir. Yarım əsr sonra qaya parçası Yarilin dağının ətəyinə çatır və bu günə qədər də oradadır.
Rusiyadakı bəzi din xadimləri "gəzən daşlar"ı axirətin xəbərcisi adlandırırlar Materialistlər isə öz növbələrində qeyri-adi qüvvələrin mövcudluğuna inanmır və baş verənlərə daha real izahat axtarırlar. Həm Rusiyadakı, həm də ABŞ-dakı hadisəylə bağlı irəli sürülən versiyalar arasında yağış və küləyin təsiri qeyd olunur. Tədqiqatçılar iddia edirlər ki, Kaliforniyadakı daşlar yağış zamanı küləyin təzyiqi ilə gil üzərində sürüşürlər. Lakin burada yağışın yağması çox nadir hadisədir, eyni zamanda, daşların qoyduğu izlər hakim küləyin əks istiqamətindədir. Tədqiqat qrupu "yağış versiyası"nı praktikada tətbiq etmək istəyiblər. Ərazini su ilə islatdıqdan sonra daşların da üzərinə su töküblər, lakin daşı yerindən tərpətmək mümkün olmayıb. Aparılan hesablamalardan sonra aydın olub ki, ton yarımlıq qayanı yerindən tərpətmək üçün külək saatda 400 kilometr sürətlə əsməlidir. Hətta nəzəri cəhətdən də belə bir fırtınanı təsəvvür etmək çətindir.

{nl}

Hazırladı: R.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında