Azərbaycanda 120 min 478 ailə ünvanlı sosial yardım alır

Fevralın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir. 
İclasdan əvvəl Səyyar Əmək Birjalarının təşkili məqsədilə alınmış və müvafiq texniki imkanlarla təchiz edilmiş nəqliyyat vasitələrinə baxış olmuşdur. Bu avtomaşınlar şəhərin müxtəlif yerlərində müvəqqəti iş axtaran insanlara səyyar şəkildə xidmət etmək üçün lazımi texniki avadanlıqla təmin edilmişdir. Səyyar əmək birjaları müvəqqəti iş axtaranlara əmək bazarındakı vəziyyət barədə məlumat verəcək, onların iş yerləri ilə təminatına yardım göstərəcək, peşəyönümlü söhbətlər aparacaq, vətəndaşları peşə hazırlığı və əlavə təhsil, həmçinin haqqı ödənilən ictimai işlər barədə məlumatlandıracaqdır. Hüquqi və fiziki şəxslərdən bu və ya digər peşə üzrə müvəqqəti işləri yerinə yetirmək məqsədilə işçi sifarişlərinin qəbulu üçün həmin avtomaşınlarda mərkəzi serverlə birbaşa əlaqə imkanı yaradılmışdır.
Kollegiya iclasında çıxış edən nazir Füzuli Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmizin iqtisadi inkişaf dinamikasının davam etdiyini, sosial-iqtisadi göstəricilərin ötən il də yüksəldiyini, respublikanın iqtisadi imkanlarının artması fonunda əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin daha geniş vüsət aldığını bildirmişdir. Nazir əsas məqsədin dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması olduğunu vurğulamışdır.
F.Ələkbərov bildirmişdir ki, hazırda ölkə üzrə 541 min 989 nəfəri əhatə edən 120 min 478 ailə ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir. Ünvanlı yardım alan ailələrin 40,8 faizinin (49 min 189 ailə) tərkibində üç və daha çox uşağın olması bu proqramın uşaqların sosial müdafiəsində də mühüm rol oynadığını sübut edir.
Nazir diqqətə çatdırmışdır ki, ünvanlı sosial yardım təyin olunan ailələrdən 97,9 faizi vəsaiti plastik kart vasitəsilə alır. Ötən dövr ərzində bu mexanizm təkmilləşdirilmiş, onun əhatə dairəsi genişləndirilməklə, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmışdır. Eyni zamanda, ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının məbləği ötən müddətdə 84 manata çatdırılmışdır. Yardım alan ailələrin təqribən 27 faizi sosial reabilitasiya olunaraq yoxsulluq həddindən tam çıxarılmışdır.
Nazir qeyd etmişdir ki, təkcə son 10 il ərzində dövlətimizin başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 9,3 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlmişdir.
İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında