Naxçıvan Muxtar Respublikasının 2011-ci ildə sosial-iqtisadi uğurları

2011 -ci ildə sənaye məhsulunun həcmi 2,1 dəfə, əsas kapitala yönəldilən investisiyalar 62,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 13 faiz, nəqliyyat sektorunda yük daşınması 14 faiz, informasiya və rabitə xidmətləri 7,4 faiz, o cümlədən mobil rabitə xidməti 7,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 21,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 12,9 faiz, xarici ticarət dövriyyəsi 55,4 faiz, əhalinin gəlirləri 43,5 faiz, hər bir nəfərə düşən gəlirlər 40,7 faiz, orta aylıq əməkhaqqı isə 12,8 faiz artmışdır.

{nl}


Ü mummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasət nəticəsində ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı sosial-iqtisadi çağırışlara qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, hərtərəfli inkişafın sürətlənməsi və sakinlərin rifahının daha da yüksəlməsi istiqamətlərində yeni uğurlar qazanılmışdır.
Muxtar respublika tarixində ilk dəfə olaraq iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2 milyard Amerika Birləşmiş Ştatları dollarını üstələmişdir. Belə ki, 2011-ci ildə muxtar respublikada yaradılmış ümumi daxili məhsulun həcmi 2010-cu ildəki səviyyəni 49,5 faiz üstələməklə, 1 milyard 786 milyon 341 min 600 manata çatmışdır. Digər bir xarakterik xüsusiyyət ondan ibarətdir ki, ümumi daxili məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır. Bu isə, öz növbəsində, sübut edir ki, səmərəli iqtisadi siyasətin nəticəsi olaraq aqrar sektorun muxtar respublika iqtisadiyyatında ənənəvi birinciliyi başa çatmış və sənaye potensialı aparıcı mövqe qazanmışdır.
2011-ci ildə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 49,6 faiz artaraq 4311,7 manata (5459,9 ABŞ dollarına) çatmışdır. Ümumi daxili məhsul istehsalının 86,5 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür ki, bu da muxtar respublikada sahibkarlığın inkişafını dəstəkləyən kompleks tədbirlərin səmərəliliyini daha aydın xarakterizə etməyə imkan verir.
ÜDM-in 65,5 faizi məhsul istehsalı, 33,1 faizi xidmətlərin göstərilməsi, 1,4 faizi isə məhsula və idxala xalis vergilər sahələrinin payına düşür.
2010-cu illə müqayisədə 2011-ci ildə sənaye məhsulunun həcmi 2,1 dəfə, əsas kapitala yönəldilən investisiyalar 62,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 13 faiz, nəqliyyat sektorunda yük daşınması 14 faiz, informasiya və rabitə xidmətləri 7,4 faiz, o cümlədən mobil rabitə xidməti 7,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 21,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 12,9 faiz, xarici ticarət dövriyyəsi 55,4 faiz, əhalinin gəlirləri 43,5 faiz, hər bir nəfərə düşən gəlirlər 40,7 faiz, orta aylıq əməkhaqqı isə 12,8 faiz artmışdır.
Sənaye
Hazırda muxtar respublikada sənaye sahəsinin dayanıqlı yüksəlişi müşahidə olunmaqdadır. Sənaye sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, yeni müəssisələrin yaradılması, rəqabətədavamlı və ixracyönümlü sənaye məhsullarının istehsalının dəstəklənməsi işi ötən il ərzində də intensiv aparılmışdır. Uğurlu islahatların nəticəsidir ki, 2011-ci il ərzində 680 milyon 921 min manatlıq sənaye məhsulu istehsal olunmuş və bu göstərici 2010-cu ildəki səviyyəni 2,1 dəfə üstələmişdir. Sənaye istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 56 milyon 138 min manatlıq, qeyri-dövlət sektorunda isə 624 milyon 783 min manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 91,8 faizi özəl sektorun payına düşmüşdür.
Yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil əsas götürülərək yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2011-ci ildə də davam etdirilmişdir. Ötən il muxtar respublikada dövlət dəstəyi ilə 66 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində taxıl və süd emalı, çörək, unlu qənnadı məhsulları, kartof cipsi, alma sirkəsi, araq, mineral su istehsalı, balın emalı və qablaşdırılması, dam örtüyü, sement, karton tara, plastik tara üçün kapsul və qapaq, müxtəlif geyim paltarları, plastik məişət əşyaları və qarışıq qüvvəli yem istehsalı sahələri istifadəyə verilmişdir.
İqtisadi fəaliyyətin müxtəlif sahələrində 34 layihə üzrə, o cümlədən elektrik enerjisi, güzgü, plastik lövhələr, panel radiator və PVC profil, parçadan hazırlanmış uşaq oyuncaqları, pendir, kvas, şəkər, siqaret istehsalı, qablaşdırılmış bal, ət və süd məhsullarının emalı, ətin konservləşdirilməsi, şəkər tozunun və çayın qablaşdırılması sahələri, heyvandarlıq və quşçuluq təsərrüfatları, avtomobillərə texniki baxış və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.
Hərbi quruculuq
Əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci il ərzində də muxtar respublikanın müdafiəsinin daha da gücləndirilməsi məqsədilə hərbi qurumların müasir tələblər səviyyəsində texnika və digər maddi-texniki vasitələrlə təchizatı, bu sahədə irimiqyaslı tikinti-quruculuq işləri üzrə zəruri tədbirlər həyata keçirilmişdir. Naxçıvan şəhərində iki anbarın tikintisi, Mənzil İstismar Hissəsi binasının əsaslı təmiri başa çatdırılmış, qərargah binasının, hərbi xəstəxananın, üç anbarın və bir yaşayış binasının tikintisi, uşaq bağçası binasının isə əsaslı təmiri hazırda davam etdirilməkdədir.
Kəngərli rayonundakı hərbi hissədə tibb məntəqəsi binasının, əsgəri-məişət kompleksinin tikintisi, əsgər yataqxanası kompleksinin isə əsaslı təmiri başa çatdırılmış, qərargah binasının tikintisi aparılmaqdadır. Şahbuz rayonundakı hərbi hissədə tabor mərkəzinin tikintisi başa çatdırılmış, Sədərək rayonunda sərhəd məntəqəsinin tikintisi davam etdirilir. Culfa rayonunda sərhəd məntəqəsinin, əsgər yataqxanasının, bir yaşayış binasının və yardımçı binaların tikintisi, bir yaşayış binasının, qərargah və qazanxana binalarının, avtomobillərin təmiri sexinin isə yenidən qurulması başa çatdırılmışdır.
Tikinti-quruculuq
Muxtar respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən birini davamlı olaraq intensivləşdirilən inşaat işləri, irimiqyaslı infrastruktur quruculuğu tədbirləri təşkil edir. 2011-ci il ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 815 milyon 573 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 62,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 728 milyon 160 min manatı və ya 89,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2011-ci il ərzində muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 539 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 92 müxtəlif təyinatlı obyektin isə inşası hazırda davam etdirilməkdədir. Ümumilikdə 41 inzibati bina inşa olunaraq istifadəyə verilmiş, 12 inzibati binanın isə inşası hazırda davam etdirilməkdədir.
Aparılan irimiqyaslı infrastruktur quruculuğu ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Ötən il muxtar respublikada 15 kənd mərkəzi istifadəyə verilmiş, 1 kənd mərkəzinin inşası isə hazırda davam etdirilməkdədir.
Əvvəlki dövrlərdə olduğu kimi, genişmiqyaslı kommunal infrastruktur quruculuğu tədbirləri 2011-ci ildə də üstün istiqamət kimi saxlanılmışdır. Ötən il muxtar respublikada 25 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 4 yaşayış binasında isə müvafiq işlər hazırda davam etdirilməkdədir. Bu dövr ərzində 6 qazanxana tikilmiş, 5 qazanxana isə yenidən qurulmuşdur. Hazırda 3 qazanxananın tikintisi işləri aparılmaqdadır.
Bu gün inşaat işlərinin yüksək dinamikası dövlət sektoru ilə yanaşı, əhali təsərrüfatlarında da müşahidə olunmaqdadır. Gəlirlərin davamlı artımı əhalinin həyat tərzinin daha da yaxşılaşmasını şərtləndirməkdədir. Belə ki, 2011-ci il ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 339 min 468 kvadratmetr yaşayış sahəsi (yaşayış evlərinin təmiri istisna olmaqla) istifadəyə verilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 80 min 54 kvadratmetr və ya 30,9 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər hazırda davam etdirilməkdədir. Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. 40,6 kilometr uzunluğunda kanalizasiya və 34,2 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bu dövr ərzində yaşayış mənzillərinə su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilmişdir. Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq, kanalizasiya sistemi isə şəhərin bütün məhəllələrini əhatə etməklə tamamilə yeniləşdiriləcəkdir.
Babək rayonunun yeddi yaşayış məntəqəsində (Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə, Araz, Badaşqan və Hacıvar kəndlərində) içməli su, beş yaşayış məntəqəsində (Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində) kanalizasiya sistemlərinin, Ordubad rayonunun Şəhriyar qəsəbəsində və Ordubad şəhərində isə içməli su və kanalizasiya sistemlərinin tikintisinə başlanılmışdır. Şərur rayonunda on yeddi, Culfa rayonunda iki, Kəngərli rayonunda altı, Şahbuz rayonunda dörd, Sədərək rayonunda üç yaşayış məntəqəsində içməli su, Şərur rayonunda on, Culfa rayonunda bir, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birində iki yaşayış məntəqəsində kanalizasiya sistemlərinin tikintisi nəzərdə tutulmuşdur.
Bu müddət ərzində muxtar respublikada 43 kəhriz bərpa olunmuş, 11 kəhrizin isə hazırda bərpası davam etdirilir. Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Kənd təsərrüfatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pronqramı"nın icrasından ötən üç il ərzində bu sahədə ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2011-ci ildə 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,1 dəfə artaraq 193 milyon manata, heyvandarlıq məhsullarının həcmi isə 72 faiz artaraq 102 milyon manata çatmışdır.
Məhsul istehsalçılarının texnika ilə təchizatına da diqqət artırılmış, 2011-ci ildə 108 ədəd müxtəlif adda texnika gətirilərək lizinq yolu ilə icarəyə verilmişdir. Bütövlükdə, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaranandan muxtar respublikaya gətirilmiş kənd təsərrüfatı təyinatlı texnikaların sayı 685-ə çatdırılmışdır. Məhsuldarlığın artırılmasında üzvi və mineral gübrələrdən səmərəli istifadənin də rolu böyükdür. 2011-ci il ərzində güzəştli şərtlərlə buğda istehsalçılarına 3721 ton azot və 108 ton fosfor gübrəsi, şəkər çuğunduru istehsalçılarına isə 250 ton azot gübrəsi olmaqla, cəmi 4079 ton gübrə verilmişdir. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Ordubad, Kəngərli və Sədərək bazalarının inzibati binaları, anbarları və texniki parkları yaradılmışdır.
Əkinəyararlı torpaq sahələri tam şəkildə əkin dövriyyəsinə cəlb olunmuşdur. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin aparılmışdır ki, bu da 2010-cu ilin məhsulu üçün əkilmiş 59 min 204 hektar sahədən 815 hektar və ya 1,4 faiz çoxdur. 2011-ci ilin məhsulu üçün 34 min 751 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdi ki, bunun da 25 min 856 hektarını buğda, 8 min 895 hektarını isə arpa təşkil edir. Taxıl zəmilərindən 101 min 28 ton məhsul toplanmışdır ki, bu da 2010-cu illə müqayisədə 5,2 faiz çoxdur. İstehsal olunan buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması istehsalçıların bu sahədə fəaliyyətinin gücləndirilməsinə yönəldilmiş ən əsas stimullardandır.
Son illər muxtar respublikada kartof istehsalı üzrə artıma nail olunmuşdur. 2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir ki, bu da 2010-cu ildəkindən 23,5 hektar çoxdur. Ötən il 2764 hektar kartof əkini sahəsindən 38309,6 ton məhsul yığılmışdır ki, bu da 2010-cu ildə olan göstəricini 408,6 ton üstələyir. 2011-ci ildə muxtar respublikada şəkər çuğunduru əkini sahəsi 7,9 faiz artaraq 1852 hektara çatmışdır. Sahələrdən 39042 ton məhsul yığılmışdır ki, bu da 2010-cu illə müqayisədə 12267,4 ton çoxdur. 2011-ci ildə 36835 hektar sahədən 107398 ton dənli və dənli-paxlalı, 744 hektar sahədən 2965 ton dən üçün qarğıdalı, 249,5 hektar sahədən 657,4 ton dən üçün günəbaxan, 6044 hektar sahədən 65246,9 ton tərəvəz, 2829 hektar sahədən 40192,9 ton ərzaq üçün bostan məhsulları, barverən meyvə bağlarından 40309 ton meyvə, barverən üzüm bağlarından 14313,5 ton üzüm məhsulu toplanmışdır.
Aqrar sektorun inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması işi davam etdirilməkdədir. Ötən dövr ərzində ümumi tutumu 3 min ton olan 2 soyuducu anbar istifadəyə verilmişdir.
Ötən il muxtar respublikaya 770 baş cins mal gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir. 1 yanvar 2012-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 102 min 900 baş, qoyun və keçilərin sayı isə 613 min 594 baş olmuşdur ki, bu da ötənilki göstəriciləri müvafiq olaraq 1,7 və 1,8 faiz üstələyir. 2011-ci ildə muxtar respublikada diri çəkidə 18244,4 ton ət, 77119,6 ton süd istehsal olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 2 və 1,5 faiz çoxdur.
2011-ci ildə quşçuluq sahəsində 11 yeni təsərrüfat fəaliyyətə başlamışdır. 7 quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər hazırda davam etdirilir. Ötən il quşların sayı 4,7 faiz artaraq 943 min başdan çox olmuşdur. Muxtar respublikada 60 min 627 arı ailəsi mövcuddur ki, bu da 1 yanvar 2011-ci il tarixə olan göstəricini 15,1 faiz üstələmişdir. 2010-cu ildəkindən 45,2 faiz çox, yəni 1031 ton bal istehsal edilmişdir.
2011-ci ildə əlavə olaraq 1 yeni balıqyetişdirmə təsərrüfatının yaradılması işləri başa çatdırılmışdır.
Kompleks tədbirlərin səmərəli nəticəsidir ki, muxtar respublikanın kənd təsərrüfatı sahəsində dinamik artım davam etdirilmişdir. 2011-ci ildə 296 milyon 117 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2010-cu ildəki müvafiq göstəricini 13 faiz üstələyir.
2011-ci ildə 4 nasos stansiyası, 15 subartezian quyusu istifadəyə verilmiş, 2 nasos stansiyasının yenidən qurulması, 1 subartezian quyusunun tikintisi hazırda davam etdirilir. Muxtar respublikada 527,3 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 467 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Nəqliyyat, informasiya
Əvvəlki illərdə olduğu kimi, 2011-ci il ərzində də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmiş, 101,2 kilometr uzunluğunda (təmir olunmuş avtomobil yolları istisna olmaqla) yeni yollar salınmışdır. İstifadəyə verilmiş yolların 42,9 kilometrini magistral, 58,3 kilometrini isə yerli əhəmiyyətli yollar təşkil etmişdir. Bundan əlavə, 5 yeni körpü tikilmiş, 3 körpü bərpa edilmişdir.
Ötən il muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2010-cu illə müqayisədə 14 faiz, sərnişin daşınması isə 20,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 39 milyon 262 min manat gəlir əldə edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 14,5 faiz çoxdur.
(ardı 4-cü səhifədə)

{nl}


(əvvəli 3-cü səhifədə)
2011-ci ildə hava nəqliyyatı infrastrukturunun daha da yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına müxtəlif təyinatlı yeni maşın-mexanizmlər gətirilmişdir. Muxtar respublikada avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə 2011-ci il ərzində 64 milyon 156 min manatdan artıq investisiya yönəldilmişdir.
2010-cu ildə Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən yeni nəsil telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Müvafiq işin Şərur və Sədərək rayonlarının ərazilərində davam etdirilməsi üçün hazırlıq işləri başa çatdırılmış, avadanlıqların quraşdırılması işlərinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulmuşdur.
2011-ci ildə muxtar respublikada 17 poçt bölməsi və 14 avtomat telefon stansiyası yeni binalara köçürülərək istifadəyə verilmişdir. İstifadəyə verilən poçt bölmələrindən 8-i yeni açılmış, avtomat telefon stansiyalardan isə 7-si yeni qurulmuşdur. Ötən dövr ərzində 41 kilometr uzunluğunda Naxçıvan - Şahbuz optik magistralının tikintisi başa çatdırılmışdır. İstehlakçılara yeni xidmətlərin göstərilməsi məqsədilə 70 poçt bölməsi üçün kompyuter dəstləri və digər avadanlıqlar quraşdırılmışdır. 71 dövlət orqanına elektron poçt ünvanları və domen adları verilmiş, həmin orqanların veb səhifələri yaradılmışdır.
Muxtar respublika ərazisində DHL beynəlxalq poçt xidməti fəaliyyətə başlamışdır. İnformasiya və kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi müntəzəm əsasda gücləndirilməkdədir. Bu istiqamətdə əsaslı tədbirlər davam etdirilmiş və 2011-ci il ərzində muxtar respublikada 2305 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuşdur. 1 yanvar 2012-ci il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 65-ə çatmışdır. Aktiv istifadə olunan mobil telefonların sayı 422680 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 102 ədəd olmuşdur.
2011-ci il ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2010-cu ildəki göstəricini 7,4 faiz üstələyərək 39 milyon 269 min manat olmuşdur. Ümumi xidmətlərin 85,8 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da 2010-cu ildəki göstəricidən 7,1 faiz çoxdur.
Energetika
Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına imkan yaratmışdır.
Ötən il Şərur rayonunda Arpaçay, Ordubad rayonunda Ordubad Su Elektrik stansiyalarının inşası davam etdirilmiş, Şərur rayonunda 110/35/10 kilovoltluq "Şərur" və Naxçıvan şəhərində 35/10 kilovoltluq "Sənaye qovşağı" elektrik yarımstansiyalarının qurulması başa çatdırılmışdır. Muxtar respublikada 28 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 34,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır. 2011-ci ildə istehlak olunan 19 milyon 598 min manat dəyərində 326 milyon 636 min kilovat-saat elektrik enerjisinin müqabilində 19 milyon 642 min manat vəsait toplanmış, ödənilmə faizi 100,2 olmuşdur.
Enerji təhlükəsizliyimizin mühüm mərhələsi kimi muxtar respublikanın təbii qazla tam təmin olunması prosesi iqtisadi inkişafı xeyli sürətləndirməkdədir. Muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmışdır. 1 yanvar 2012-ci il tarixə 78 min 982 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Sahibkarlıq
Hazırda muxtar respublikada liberal bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, sahibkarlığın inkişafına yönəldilmiş məqsədyönlü islahatlar sahibkarlıq subyektlərinin say tərkibinin davamlı artımını şərtləndirməkdədir. 2011-ci ildə muxtar respublika üzrə 27 hüquqi və 1490 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyin yüksələn səviyyəsini səciyyələndirməkdədir.
Sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmış və 2011-ci ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 47 milyon 228 min 752 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2010-cu ildəki göstəricidən 31,5 faiz çoxdur. Verilmiş kreditlərin 28 milyon 192 min 246 manatı və yaxud 59,7 faizi qısamüddətli, 19 milyon 36 min 506 manatı və yaxud 40,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, 2011-ci ildə ümumi daxili məhsulda özəl bölmənin payı 86,5 faiz olmuşdur.
İstehsal və xidmət infrastrukturunun davamlı inkişafına uyğun olaraq, bu gün muxtar respublikada 308 növdə məhsul istehsal olunur. Bunun 113-ü ərzaq, 195-i qeyri-ərzaq məhsullarıdır. 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 259 məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Gəlirlər və məşğulluq
2011-ci ildə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 43,5 faiz artaraq 1 milyard 445 milyon 748 min manatdan çox, onun hər bir nəfərə düşən həcmi isə 40,7 faizlik artımla 3 min 490 manata çatmışdır. Orta aylıq əməkhaqqının məbləği ötən il 341,4 manata çatmışdır ki, bu da 2010-cu ildəki göstəricidən 12,8 faiz çoxdur.
2003-cü il oktyabr ayının 1-dən 1 yanvar 2012-ci il tarixədək muxtar respublikada 49040 yeni iş yeri yaradılmışdır ki, onun da 33055-i və ya 67,4 faizi daimi iş yerləridir. 2011-ci il ərzində 3669 yeni iş yerinin 3085-i və ya 84,1 faizi daimi iş yerlərinin payına düşür.
Əhalinin alıcılıq qabiliyyətinin xeyli güclənməsi əldə olunmuş başlıca iqtisadi uğurlardandır. 2011-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 942 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 19,8 faiz çoxdur.
Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə 2011-ci il ərzində Naxçıvan şəhərində və Culfa Gömrük İdarəsinin ərazisində ticarət mərkəzlərinin, Şərur rayonunun Siyaqut, Yuxarı Daşarx, Düdəngə və Çomaxtur, Babək rayonunun Nəzərabad və Didivar, Culfa rayonunun Xanəgah və Nəhəcir, Kəngərli rayonunun Qabıllı, Şahbuz rayonunun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs və Keçili kəndlərində xidmət mərkəzlərinin inşası, Şərur rayonunda Mahmudkənddə xidmət mərkəzinin, Şərur şəhərində mebel mağazasının, Naxçıvan şəhərində mebel salonunun, qiymətli metal və daşlar mağazasının yenidən qurulması, Tədris-Ticarət Mərkəzinin genişləndirilməsi işləri başa çatdırılmışdır.
Xarici ticarət, maliyyə və sığorta
2011-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 55,4 faiz artaraq 400 milyon 861 min ABŞ dollarına çatmışdır. Xarici ticarət dövriyyəsinin 322 milyon 612 min ABŞ dollarını ixrac, 78 milyon 249 min ABŞ dollarını isə idxal təşkil etmişdir. Son bir ildə ixracın həcmi 52,4 faiz artmışdır.
Bu dövr ərzində büdcə daxilolmalarının da həcmində müsbət dinamika saxlanılmışdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə nəzərdə tutulandan 24,3 faiz çox vəsait daxil olmuşdur.
İqtisadi münasibətlərin dərinləşməsi, öz növbəsində, bank işinin daha da güclənməsini şərtləndirmişdir. 1 yanvar 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış hesabların sayı 12951-ə çatmışdır ki, bunun da 10246-sı və ya 79,1 faizi aktiv hesablardır. 2011-ci il ərzində açılmış 3810 bank hesabının 3698-i və ya 97,1 faizi aktiv hesab olmuşdur. İqtisadi inkişafın yüksələn səviyyəsinə uyğun olaraq, sığorta işi daha da genişlənməkdədir. 2011-ci ildə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2259,8 min manat olmuşdur ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 804,4 min manat və ya 55,3 faiz çoxdur. Sığorta ödəmələrinin həcmi 1333,6 min manat təşkil etmişdir ki, bu da 2010-cu ildəki göstəricini 16,3 faiz üstələyir.
Humanitar sahə
2011-ci ildə elm və ali təhsil müəssisələri tərəfindən elmi kadrların yetişdirilməsinə də diqqət artırılmış, 8 nəfər elmlər doktoru, 11 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 9 beynəlxalq əhəmiyyətli konfrans və simpozium keçirilmişdir. Alim və tədqiqatçılar tərəfindən 67 kitab və monoqrafiya, 147 metodik vəsait, 1000-ə yaxın elmi məqalə və tezis hazırlanaraq çap olunmuşdur.
Əvvəlki dövrlərdə olduğu kimi, ötən il ərzində də təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri intensiv xarakterli olmuşdur. 2011-ci il ərzində Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığının inzibati və tədris binasının əsaslı təmiri, Naxçıvan Müəllimlər İnstitutunun binasının təmiri başa çatdırılmışdır.
Naxçıvan Dövlət Universitetinin pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin binasının yenidən qurulması hazırda davam etdirilməkdədir.
Şərur rayonunun Çomaxtur kəndində 468, Siyaqut kəndində 216, Babək rayonunun Didivar kəndində 540, Ordubad rayonunun Gənzə kəndində 306, Culfa rayonunun Nəhəcir kəndində 132, Şahbuz rayonunun Aşağı Qışlaq kəndində 272 şagird yerlik məktəb binaları tikilmişdir, Naxçıvan şəhərində 1242 şagird yerlik 12 nömrəli, Şərur rayonunun Yuxarı Daşarx kəndində 288, Kəngərli rayonunun Qabıllı kəndində 234 şagird yerlik məktəb binaları yenidən qurulmuşdur. Şərur rayonunun Düdəngə, Babək rayonunun Hacıvar və Yarımca, Culfa rayonunun Xanəgah və Milax, Ordubad rayonunun Xanağa, Kotam və Bist, Şahbuz rayonunun Yuxarı Qışlaq, Keçili və Külüs kəndlərində məktəb binalarının təmiri başa çatdırılmışdır. Şahbuz rayonunun Ağbulaq kəndində məktəb binasının tikintisi, Naxçıvan şəhərində 17 nömrəli məktəbin, Naxçıvan Qızlar Liseyinin, Culfa rayonunun Yaycı kəndində 1 nömrəli məktəbin yenidən qurulması işləri isə hazırda davam etdirilməkdədir.
Naxçıvan şəhərində 280 yerlik 3 nömrəli uşaq bağçası, Şərur şəhər incəsənət məktəbi və Culfa şəhər uşaq musiqi məktəbi binalarının tikintisi başa çatdırılmışdır. Naxçıvan şəhərində 1 nömrəli uşaq bağçası binasının tikintisi, Naxçıvan texniki peşə və sürücülük məktəbinin və Şərur rayonunun Yuxarı Daşarx kəndində uşaq musiqi məktəbinin binalarının yenidən qurulması hazırda davam etdirilir.
Bu gün muxtar respublikada bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. 2896 dəst kompyuter quraşdırılmış, hər 17 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2896 dəst kompyuterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha da keyfiyyətlə aparılması məqsədilə 373 elektron lövhə quraşdırılmışdır.
Təhsil sahəsində reallaşdırılan islahatların effektiv nəticələri ali məktəblərə qəbulun dinamikasında və qəbul imtahanlarında 500-700 bal nəticə əldə edən abituriyentlərin sayının ilbəil artmasında özünü göstərməkdədir. 2010-cu ildə abituriyentlərin 1435 nəfəri və ya 46 faizi ali məktəblərə qəbul olunmuşdursa, 2011-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1764-ü və ya 50,8 faizi tələbə adını qazanmışdır. Bundan başqa, 358 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Təhsildə keyfiyyət göstəriciləri üzrə müsbət dinamika müşahidə olunmaqdadır. Belə ki, 2011-ci ildə məktəbi yüksək qiymətlərlə bitirən şagirdlərdən 15-i qızıl, 12-si gümüş medalla təltif edilmişdir. Bu şagirdlərdən hər biri keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar. 2010-cu ildə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunanların sayı 280 nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 296 nəfərə çatmışdır.
Hərbi təhsilə maraq ilbəil güclənməkdədir. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 216 kursantdan 213-ü ali hərbi məktəblərə qəbul olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərindən də ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbulda artım mövcuddur. Əgər 2010-cu ildə orta məktəb məzunlarından 41-i ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunmuşdursa, 2011-ci ilin məzunlarından 46-sı bu məktəblərin tələbəsi adını qazanmışdır.
Səhiyyə sahəsində infrastruktur quruculuğu tədbirləri ötən il ərzində də üstün istiqamət kimi saxlanılmışdır. 2011-ci il ərzində Ordubad şəhərində 66 çarpayılıq Ordubad Rayon Mərkəzi Xəstəxanasının, 8 çarpayılıq yoluxucu xəstəliklər şöbəsinin, Şərur rayonunun Yuxarı Daşarx, Siyaqut və Çomaxtur, Babək rayonunun Didivar, Şahbuz rayonunun Aşağı Qışlaq və Keçili kəndlərində həkim ambulatoriyası binalarının, Culfa rayonunun Nəhəcir, Kəngərli rayonunun Qabıllı kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Naxçıvan şəhərində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası və Ordubad rayonunun Gənzə kəndində həkim ambulatoriyası binalarının təmiri başa çatdırılmışdır.
Babək Rayon Mərkəzi Xəstəxanası binasının tikintisi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yenidən qurulması davam etdirilir. Bundan əlavə, Kəngərli rayonundakı hərbi hissədə tibb məntəqəsi binasının tikintisi başa çatdırılmışdır, Naxçıvan şəhərində hərbi xəstəxana binasının tikintisi aparılmaqdadır.
Davamlı olaraq yaxşılaşan əhali rifahı demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8 min 419 nəfər artaraq 418 min 520 nəfər təşkil etmişdir. 2011-ci ildə muxtar respublikada 10 min 404 körpə doğulmuşdur ki, bu da 2010-cu ildəki göstəricini 288 nəfər üstələyir.
Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi təmin olunmaqdadır. 2011-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 85 milyon 189 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da 2010-cu illə müqayisədə 23 faiz çoxdur. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 48,5 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar xüsusi qayğıyla əhatə olunmuş, 22 nəfər Azərbaycan Vətən müharibəsi əlilinə, 7 nəfər 1941-1945-ci illər müharibəsi əlilinə və Çernobıl qəzasının aradan qaldırılması zamanı sağlamlığını itirənlərdən 1 nəfərə "NAZ Lifan-320" markalı, 4 nəfərə isə "Slavuta" markalı avtomobil verilmişdir. Ümumilikdə bu dövr ərzində 119 nəfər əlil müxtəlif sanatoriya və pansionatlara yollayışlarla təmin edilmişdir. 2011-ci ildə muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 542 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Ötən dövr ərzində təbii fəlakətdən zərər çəkən ailələr üçün Şahbuz rayonunun Külüs və Keçili kəndləri arasındakı ərazidə on iki və sosial qayğıya ehtiyacı olan bir ailə üçün Keçili kəndində fərdi yaşayış evi inşa olunmuşdur.
2011-ci il ərzində 3 beynəlxalq turnirin, eləcə də Prezident İlham Əliyevin 50 illik yubileyi münasibətilə "Prezident mükafatı" uğrunda çempionatların keçirilməsi muxtar respublikada idmanın kütləviliyinin artırılmasının bariz nümunəsidir. Bədən tərbiyəsi və idman infrastrukturunun yaxşılaşdırılması tədbirləri çərçivəsində Ordubad rayonunda şahmat məktəbi binasının inşası başa çatdırılmış, Sədərək rayonunun Heydərabad qəsəbəsində şahmat məktəbi binasının inşası davam etdirilir.
2011-ci ildə mədəniyyət obyektlərinin inşası və bərpası üzrə genişmiqyaslı tədbirlər davam etdirilmişdir. Kəngərli Rayon Mədəniyyət Evinin tikintisi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının, Naxçıvan Şəhər Nigah Evinin yenidən qurulması, Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi "Qeysəriyyə" tarixi abidəsinin, qədim məbəd və digər iki abidənin bərpası başa çatdırılmışdır. Naxçıvan şəhərində Mustafa Kamal Atatürkün, "Ana və Uşaq" abidələrinin yaradılması, "Dədə Qorqud" abidəsinin bərpası başa çatdırılmışdır. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının tikintisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Kitabxanası binasının yenidən qurulması, Qədim Qala tarixi abidəsinin bərpası hazırda davam etdirilməkdədir. Ordubad rayonunda Sabirkənddə məscidin tikintisi, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının binasının təmiri başa çatdırılmışdır. Şahbuz rayonunun Ağbulaq kəndində uşaq istirahət mərkəzinin tikintisi hazırda davam etdirilir.
Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binası yenidən qurulmuş, daha müasir iş və efir şəraiti yaradılmışdır. Yeni televiziya avadanlıqları HD formatlı yüksək keyfiyyətli son texnologiyaya əsaslanır. Bundan başqa, Naxçıvan Dövlət Universitetində "Universitet" televiziyası, "Nuhçıxan" radiosu üçün yeni studiyalar yaradılmış, avadanlıqlar quraşdırılmışdır.
2011-ci il ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 343 min 139 nəfər turist gəlmişdir ki, bu da 2010-cu ildəki göstəricini 19,3 faiz və ya 55 min 505 nəfər üstələyir.
Qeyd olunanlar deməyə əsas verir ki, bu gün muxtar respublikada sosial və iqtisadi sferada dinamik yüksəliş mövcuddur. Hazırda qlobal sosial-iqtisadi çağırışlar fonunda, çətin şəraitdə ictimai və iqtisadi yüksəlişin əldə olunması Naxçıvan Muxtar Respublikasının gələcək tərəqqi yolunun daha möhtəşəm uğurlarla zəngin olacağından xəbər verir.

{nl}

"Xalq qəzeti" (Yazı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır)

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında