Radikal müxalifətçilər təbii fəlakətdən də yararlanmaq istəyirlər

Təbii fəlakətlər dünyanı bürüyüb. Hər dəqiqə bir hadisə baş verir. Son vaxtlar Azərbaycanda baş verən subasma, torpaq sürüşməsi, zəlzələ və digər təbii hadisələr ilk andan dövlət tərəfindən ciddi nəzarətə götürülür, əhaliyə dəymiş ziyana görə kompensasiya ödəniləcəyinə yüksək səviyyədə zəmanət verilir.
Artıq bir aya yaxındır ki, Kür və Araz çaylarının, "Sarısu" gölünün daşması nəticəsində Mərkəzi Aran rayonlarında ərazilərin xeyli hissəsini, bəzi yaşayış məntəqələrini su basaraq gərgin vəziyyət yaratmışdır. Təbii fəlakət ilk gündən ölkə başçısı tərəfindən nəzarətə götürülmüş, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iki dəfə müşavirə keçirilmiş, kompleks tədbirlər müəyyənləşdirilmişdir. Dövlətimizin rəhbərinin sərəncamı ilə yaradılan Hökumət Komissiyası təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə almış, ötən müddət ərzində çox böyük işlər görmüşdür.
Qısa vaxtda həyata keçirilən tədbirlərin miqyası ölçüyəgəlməzdir. Fəlakət bölgəsində on minlərlə adam təbiətin şıltaqlığına qarşı gərgin mübarizə aparır. Fövqəladə hallar, daxili işlər, müdafiə nazirliklərinin, daxili qoşunların əsgərləri, "Meliorasiya və su təsərrüfatı", "Azərenerji", "Azərsu", "Azərkörpü" ASC-nin canlı qüvvələri, yüzlərlə ağır texnikası, nəqliyyat nazirliyinin yükünü özüboşaldan çox tonnajlı avtomaşınları gecə-gündüz işləyərək sel sularının, daşqınların qarşısını almağa çalışır.
Görülən işlər hədər getmir. Şükürlər olsun ki, başqa ölkələrdən fərqli olaraq bizdə insan tələfatı yoxdur, fəlakətə düçar olanlar dövlətin gördüyü tədbirlər sayəsində hər cür qayğı ilə əhatə ediliblər.
Bütün bunları görməmək, insanların əsəbləri ilə oynamaq, sadəcə desək, ədalətsizlikdir. Hər şeydən yararlanmağa adət etmiş radikal müxalifətçilər təbiətin sınağa çəkdiyi indiki məqamda "xal" qazanmağa, insanları çaşbaş salmağa səy göstərirlər. Milli Məclisdə təmsil olunan Müsavat partiyasının üzvləri bu mənada daha çox "canfəşanlıq" edirlər. Pozucu əməllərini anonim mənbələr üzərində quran "Yeni Müsavat", "Azadlıq" və başqa bu kimi qəzetlər də onlara səs verərək öz səhifələrində reallıqla heç bir əlaqəsi olmayan böhtan xarakterli yazılarla ictimai rəyi çaşdırmağa səy göstərirlər. Məsələn, "Yeni Müsavat" qəzeti 26 may 2010-cu il tarixli nömrəsində yazır ki, "Hökumət Sabirabadı köçürür.... Fövqəladə hallar naziri Kəmaləddin Heydərov xarici ekspertləri fəlakət bölgəsinə buraxmadı; "Sarısu" gölü 8 kəndi basdı; Müsavat deputat qrupunun üzvləri Milli Məclisin iclasını tərk edərək Sabirabada yola düşdü?! "Yeni Müsavat" qəzetinin yazarları bu xəbərləri oxucularına tələm-tələsik çatdırmaq üçün Azərbaycan dilinin orfoqrafik qaydalarını pozmaqdan belə çəkinmirlər.
Müsavatçıların yazdıqlarından belə çıxır ki, guya fəlakət bölgəsində hərki-hərkilikdir, adamlar vahimə içərisindədirlər, vəziyyətdən çıxış yolu gözlənilmir və sair. Biz "Xalq qəzeti" olaraq fəlakət bölgəsindən material hazırlayarkən anonim mənbələrə deyil, real faktlara, məsul şəxslərin verdiyi rəsmi məlumatlara əsaslanırıq. Reallıq isə radikal müxalifətçilərin söylədiklərini təkzib edir.
Hökumət Komissiyasının üzvü, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd ƏHMƏDZADƏ:
- Təbii fəlakət baş verən gündən indiyədək görülən bütün işlər tam nəzarətdədir. Daşqınlar baş verən ərazilərdə bəndbərkitmə tədbirləri bir an belə dayanmır. Araz çayının məcrasını dəyişdirmək istiqamətində aparılan kanal qazıntısı işləri yekunlaşmaq üzrədir. Hökumət Komissiyasının üzvləri təhlükəli ərazilərdə növbə çəkirlər. Hamı vahid bir komanda kimi çalışır. Dedi-qodu, şayiə yayanlara xalq nifrət edir.
Milli Məclisin üzvü Rüstəm XƏLİLOV:
- Sabirabadın köçürülməsi əsassız, qeyri-ciddi söz-söhbətdir. Mən həmin rayonun Milli Məclisdəki nümayəndəsiyəm. Camaatımız belə xəbərlərdən hiddətlənir, onu səsləndirənlərə "ar olsun" deyir. Sabirabadlılar ölkə başçısının diqqət və qayğısını həmişə hiss ediblər. İndi də möhkəm əmindirlər ki, yaranmış gərgin vəziyyətdə onlar tək deyillər. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət onların sabaha inamını daha da artırır.
Sonda onu da qeyd edək ki, İctimai televiziyanın yaydığı məlumata görə Rusiya Federasiyasından gələn ekspertlər Kür çayının Xəzər dənizinə tökülən hissəsində olmuş, deltanın vəziyyətini öyrənmiş və öz rəylərini, məsləhətlərini bildirmişlər.{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında