Jurnalistlər və ekoloqlar Şirvan Milli Parkında

Mayın 22-də Şirvan Milli Parkında Azərbaycan media ictimaiyyəti nümayəndələri və ekoloqların iştirakı ilə görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Mövqe" qəzetinin həyata keçirdiyi "Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması" layihəsinin icrası çərçivəsində təşkil olunub. Görüşün keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması olub.
Jurnalistlərin və ekoloqların görüşünü giriş sözü ilə açan layihənin rəhbəri, "Mövqe" qəzetinin redaktoru İlham Ələsgərov bildirib ki, məqsəd əhali arasında ekologiya ilə bağlı maarifçiliyin genişləndirilməsinə, jurnalistlərin ekoloji məlumatlılığına, bu sahədə yazan jurnalistlərin peşəkarlığının artırılmasına, jurnalistlərin və əhalinin ekoloji qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı məlumatlandırılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərin qəzet vasitəsilə ardıcıl olaraq əhaliyə çatdırılmasına, ictimai fikrin bu yöndə inkişafına kömək etməkdən ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Milli Parkın direktor əvəzi Seymur Kərimov nazirliyin ətraf mühitin qorunması, ekoloji tarazlığın saxlanması, fauna və floranın zənginləşdirilməsi yönündə gördüyü işlərdən, eləcə də Şirvan Milli Parkı haqqında məlumat verib. O bildirib ki, Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılmışdır. Kür - Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Ekologiya ili" çərçivəsində Fondun maliyyələşdirdiyi layihələrdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə görülən işlərdən və əldə olunan uğurlardan danışıb.
Millət vəkili Aqil Abbas sağlam ekoloji mühitin rolundan söz açıb, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasət və qəbul olunan qanunlar haqqında məlumat verib. Yazıçı-jurnalist ekologiyanın mühafizəsi ilə bağlı publisistik əsərlərin az olduğunu, onun gənclərin ekoloji maariflənməsində mühüm əhəmiyyətini qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə görüşlər təkcə ekoloji maarifləndirməyə deyil, eyni zamanda bu sahədə jurnalistlərin peşəkarlığının artırılmasına, ekoloqlar və jurnalistlərin əlaqələrinin dərinləşməsinə də kömək edir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Mövqe" qəzetinin həyata keçirdiyi layihəni ekoloq və jurnalistlərin əməkdaşlıq mexanizmi kimi yüksək qiymətləndirib. O, tədbirin Şirvan Milli Parkında, təbiətin qoynunda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı müzakirələrdə iştirak edən MŞ idarə heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli belə tədbirlərin həm də jurnalistlərin istirahətinə kömək etdiyini nəzərə çatdırıb. Gələcəkdə belə tədbirlərin davam etdirilməsini arzulayıb.
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev ekologiya sahəsində yazan jurnalistlərin az olduğunu, təqdim olunan materialların peşəkarlıq səviyyəsinin aşağı olduğunu söyləyib. O bildirib ki, bəzi jurnalistlər peşəkar olsalar da, onların ekoloji bilik səviyyəsi kifayət qədər deyildir.
"Olaylar" İA-nın direktoru Yunus Oğuz təbiətin şıltaqlıqları nəticəsində baş verən təbii fəlakətlər zamanı əhalinin məlumatlandırılmasında jurnalistlərin rolundan söz açıb. O, dövlət orqanları və jurnalistlərin əməkdaşlığı ilə bağlı öz fikirlərini bildirib, ekoloji maarifçilik sahəsində KİV-lərin dövlət orqanları və QHT-lərlə daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
Həmin gün Şirvan Milli Parkına gəzinti təşkil edilib. Sonda iştirakçılara "Mövqe" qəzetinin Şirvan Milli Parkı haqqında hazırladığı xüsusi bukletlər paylanıb.
Tədbirdə "Xalq qəzeti"nin baş redaktoru H.Həsənov, MŞ-nin idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə, "Ədalət" qəzetinin baş redaktoru İ.Tuncay, "Palitra" qəzetinin baş redaktoru N.Əliyev, SİA-nın icraçı direktoru V.Vəliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru E.Mirzəbəyli, digər jurnalistlər və ekoloqlar iştirak etmişlər.

{nl}

T.AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında