Fevralın 1-də Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk iclası keçirilmişdir.
{nl}
Milli Məclisin sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Milli Məclisin sədri yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik etmiş, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulamışdır.
Parlamentin sədri bildirmişdir ki, yaz sessiyasında qanun layihələrinin qəbulu ilə yanaşı, Konstitusiyanın müvafiq müddəasına əsasən Nazirlər Kabinetinin hesabatı dinləniləcək, həmçinin 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı məsələ gündəliyə çıxarılacaqdır. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, insan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinləniləcəkdir.
Sonra Milli Məclis 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul etmişdir. (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).
Daha sonra Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil olunmuşdur. İntizam komissiyasına deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva, Hesablayıcı komissiyaya isə deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin üzv seçilmişlər. Sonra komissiyaların iclasları olmuşdur. Siyavuş Novruzov intizam, Mübariz Qurbanlı hesablayıcı komissiyaların sədrləri seçilmişlər.
İclasda cari məsələlərə də baxılmışdır. Çıxış edən deputat Siyavuş Novruzov demişdir ki, qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tədbirlərini nəzərdə tutan qanunun Fransa Senatında qəbul edilməsinə Azərbaycan dövləti kifayət qədər sərt mövqe bildirsə də, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri buna kölgə salmağa çalışır. Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni xətt üzrə hərəkət etməlidir. Azərbaycan dövləti və parlamenti bununla bağlı kifayət qədər ciddi addım atmışdır. Biz istənilən məsələdə qardaş Türkiyənin yanındayıq. Bu məsələdə də vəziyyəti izləyirik və ardıcıl olaraq hüquqi şəkildə mövqeyimizi bildiririk.
Deputat Qənirə Paşayeva isə demişdir ki, azərbaycanlı deputatlar dəfələrlə bununla bağlı öz sözünü demişlər. Xüsusilə, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu işdə çox səy göstərir. Q.Paşayeva Xocalı soyqırımının 20-ci ildönümündə Türkiyəyə müraciət edilməsini və bu soyqırımının rəsmi şəkildə tanınması üçün səy göstərilməsini təklif etmişdir. O demişdir ki, bu, bizim Türkiyə ilə qardaşlığımızın sübutu olar, həm də bütün dünya görər ki, əsl soyqırımına kim məruz qalmışdır.
Çıxış edən digər deputatlar Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması ilə bağlı məsələnin Milli Məclisdə müzakirə olunmasının vacibliyini vurğulamışlar.
Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirərək demişdir ki, bəzi qüvvələr Fransa Senatının bu qərarından sui-istifadə edib özlərini göstərirlər. Biz isə özümüzü göstərmək niyyətində deyilik, ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır.
Milli Məclisin sədri daha sonra demişdir: "Fransa Minsk qrupunda həmsədrliyin mənəvi haqqını itirib, lakin hüquqi haqqını saxlayır. Biz Fransanın uzaqlaşdırılmasının hüquqi formasını müəyyənləşdirməliyik. Bu bizim istəyimizdən asılı məsələ deyildir. Məsələ gündəmdədir, Azərbaycan ilə Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcəkdir".
Sonra iclasda Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunmuşdur. Deputatlar qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini bildirdikdən sonra işlər planı təsdiqlənmişdir.
İclasda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, dünyada 2,5 milyon adam bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə düçar olmuş şəxslərə dövlət qayğısının təşkili üçün Azərbaycanda bu cür xəstələrin statistikası aparılmalıdır.
O qeyd etmişdir ki, bu qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edəcək, xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir. Layihə ilə bağlı əlaqədar təşkilatlardan rəylər alınmış, deputatların və mütəxəssislərin rəy və təklifləri əsasında sənəd xeyli təkmilləşdirilmişdir.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.
Bununla da iclas öz işini başa çatdırmışdır.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.