Gənclər daha parlaq qələbələr qazanmaq əzmindədirlər

Getdikcə müasirləşməkdə olan dünyada nəsillər dəyişir, ölkələr inkişaf edir. Mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhni olan gənc nəslin fiziki, mənəvi cəhətdən sağlam yetişməsi, ənənələr, milli dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Şübhəsiz, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir.
Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan xalqının mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan ümummilli liderimiz Heydər Əliyev bu xüsusiyyətlər arasında idmana meylliliyi yüksək dəyərləndirirdi: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fizki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir". Bu gün qürurla demək olar ki, Azərbaycan gəncliyi bu tarixi kökdən gələn milli-mənəvi dəyərlərimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Yüksək elmi biliyə, dünyagörüşə, mədəniyyətə malik müasir Azərbaycan gənci, həm də fiziki cəhətdən möhkəm və sağlam gənclərdir. Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları Asssosiasiyasının nəzdində fəaliyyət göstərən "Gənclik" Tələbə İdman Cəmiyyətinin (TİC) sıralarında birləşən Azərbaycan gəncləri bu gün dünyanın idman arenalarında da öz sözlərini cəsarətlə deyir, ölkəmizin üçrəngli bayrağını yüksəklərdə dalğalandırırlar.
Müstəqil ölkəmizin tələbə idmançıları 1993-cü ildə ilk dəfə olaraq ABŞ-da keçirilən tələbələrin ümumdünya universiadasında iştirak ediblər.
Tələbələrin dünya universiadası və dünya çempionatlarında ötən dövr ərzində təmsilçilərimiz bir sıra uğurlara imza atıblar. Tələbələr arasında ən kütləvi yarışlardan biri olan universiadada Azərbaycan təmsilçiləri böyük uğurlar qazanıblar. İki ildən bir keçirilən Azərbaycan universiadasında yüzlərlə gənc idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayırlar. Sevindirici haldır ki, hazırda təhsil ocaqlarımızda idman bazalarının qurulması istiqamətində mühüm işlər görülür. Tələbələrin təhsil müəssisələrində idmanla məşğul olmaları üçün hər bir şərait yaradılır. Ötən il keçirilən tələbələrin X Universiadasının yekunlarına görə Azərbaycan Tibb Universitetinin tələbələri hətta Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbələrini üstələyiblər.
Yekun nəticələrə görə Tibb Universitetinin komandası birinci, ADBTİA-nın komandası isə ikinci yeri tutub. Üçüncü pillədə Bakı Dövlət Universitetinin tələbə idmançıları qərarlaşıblar. Tibb Universitetinin bədən tərbiyəsi kafedrasının müdiri Kamal Kəbirlinski "Gənclik" TİC-in təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən universiada və çempionatlarda tələbə gənclərin böyük maraqla iştirak etdiklərini, bu turnirlərdə yarış təcrübəsi toplayaraq beynəlxalq arenalarda mühüm nailiyyətlər qazandıqlarını bildirir. Məhz bütün bunların nəticəsidir ki, tələbə gənclərimiz ümumdünya universiadalarında və tələbələr arasında keçirilən dünya çempionatlarında yüksək nəticə əldə edirlər.
Ötən il Çində keçirilmiş XVI Yay Universiadasında bədii gimnastika üzrə Aliyə Qarayeva, cüdo üzrə Rüstəm Alimli gümüş medala sahib çıxıblar. Ondan əvvəl 2009-cu ildə Serbiyanın paytaxtı Belqradda keçirilən XVI Yay Universiadasında Ramin Qurbanov (cüdo) və Ramil Quliyev (atletika) qızıl medal qazanmışdılar.
2007-ci ildə Tailandın Banqkok şəhərində keçirilən analoji yarışda yığmamız 1 qızıl medal, 2005-ci ildə Türkiyədə keçirilən ümumdünya universiadasında isə iki bürünc medal əldə etmişdi.
"Gənclik" TİC-in sədri Tofiq Əliyev ötən il ümumdünya universiadası ilə yanaşı, tələbə gənclərimizin bir sıra beynəlxalq turnirlərdə də iştirak etdiklərini bildirdi. O, Türkiyədə futbol, Finlandiyada futzal üzrə qitə çempionatlarında tələbə idmançılarımızın iştirak etdiklərini diqqətə çatdırdı. Tofiq müəllim cəmiyyət tərəfindən ölkəmizdə universiada, çempionat və birinciliklərlə yanaşı, ənənəvi olaraq orta ixtisas təhsil müəssisələrinin şagirdləri arasında spartakiada yarışlarının da təşkil edildiyini və bu yarışların kütləvi xarakter daşıdığını bildirdi.
"Spartakiadaları keçirməkdə məqsədimiz tələbə gənclərin sağlam həyat tərzi keçirməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə və idmana marağı daha da artırmaqdır. Ötən il orta ixtisas müəssisələrinin tələbələri arasında keçirilmiş spartakiadada kütləviliyin təmin olunmasına xüsusi diqqət yetirilmişdi. 6 idman növü üzrə keçirilmiş yarışların təkcə finalında yüzlərlə tələbə qüvvəsini sınadı. Bu yaxınlarda başa çatmış spartakiadanın yekunlarına görə Bakı 2 saylı Baza Tibb Kollecinin komandası birinci yeri tutdu. İkinci yerdə Bakı Biznes Kooperasiya Kolleci, üçüncü yerdə isə Bakı Rabitə və Nəqliyyat Kolleclərinin komandası qərarlaşdı", - deyə o, əlavə etdi.
Tofiq müəllim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı 2 saylı Baza Tibb, Rabitə və Nəqliyyat kollecləri və digər təhsil müəssisələrinin komandalarının universiada, çempionat, birincilik və spartakiadalarda daha fəal iştirak etdiklərini və böyük nailiyyətlər qazandıqlarını söylədi.
O, bu il tələbə idmançıların daha böyük qələbələr qazanmaq əzmində olduqlarını bildirdi: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il "İdman ili" elan olunub. Bu tələbə idmançıların üzərinə daha böyük məsuliyyət qoyur. 2012-ci ildə keçiriləcək mötəbər idman tədbirlərində çoxlu tələbə idmançılar iştirak edəcəklər. Bu, sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, gənc idmançılarımız da daha böyük qələbələr qazanmaq əzmindədirlər". Bu il tələbə gənclər arasında respublika çempionatı və birinciliklərinə start veriləcək. Təhsil müəssisələrində tələbələr artıq qələbə əzmi ilə gələcək yarışlara hazırlaşırlar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında