Qalib olmaq seyrçi olmaqdan yaxşıdır!
Keçən yazımızda, 2011-ci ilin son oyunları olan "Yeni il sevincləri" və "Qış Möcüzəsi" lotereyalarının bir neçə uduş sahibi haqqında məlumatları lotereya həvəskarlarına çatdırmaqla yanaşı, qeyd etmişdik ki, əsas prizlərin sahibləri "Azərlotereya" ASC-yə müraciət etdikcə, onlar da oxucularımıza təqdim olunacaqlar. Budur, bu lotereyaların əsas prizləri də öz sahiblərini tapdılar. Bakı sakinləri Axundov Toğrul İzzət oğlu "Qış Möcüzəsi" lotereyasından Toyota-"PRADO", Kərimli Elçin Xosrov oğlu isə "Yeni il Sevincləri" lotereyasından Hyundai-"Grandeur" avtomobillərinə sahib oldular. Bu avtomobillər, ötən 2011-ci ildə udulan və yanvar ayında təqdim olunan son uduşlar deyillər. Bakı şəhər sakini Qasımov Elçin Lətif oğlunun "Binqo" lotereyasında ötən ilin sonunda udduğu 10.002 manat da, ona cari ayda təqdim edildi. Bu "Binqo" lotereyasının həvəsləndirici turunda udulan, 10.000 manat məbləğində, son uduş oldu.
Lotereya həvəskarları bilirdilər ki, "Azərlotereya" ASC "Binqo" lotereyasının oyun şərtlərində dəyişiklik edib (bu barədə məlumat mətbuatda, o cümlədən, bizim qəzetdə dərc edilmişdi) və bu şərtlərə müvafiq olaraq ilin əvvəlindən başlayaraq, "Binqo" lotereyasında əsas oyun başlamazdan öncə, biletin seriya nömrəsi ilə oynanılan 10.000 manatın əvəzinə, 100% uduşlu Chevrolet-"Aveo" avtomobili oynanılmağa başlayıb və budur, bu dəyişiklik Biləsuvar rayon sakini Məmmədov Əlihəsən Abdulhəsən oğlu üçün düşərli oldu. O, "Binqo" lotereyasının 053-cü tirajında ilk Chevrolet "Aveo" avtomobilinə sahib oldu. Hal-hazırda "Abşeron" sanatoriyasında dincələn, 61 yaşlı Əlihəsən müəllim, bir qədər emosional və çox böyük səmimiyyətlə oyunun təşkilatçılarına minnətdarlıq edərək, bütün xalqa, təkcə lotereyada deyil, ümumiyyətlə, həyatın bütün sahələrində böyük uduşlar arzuladı. Biz də öz növbəmizdə, Əlihəsən müəllimə "xeyirli olsun" deyirik. Yeri gəlmişkən, onun əli çox yüngül oldu. "Binqo" lotereyasının 054-cü tirajında Şəmkir rayon sakini Bayramov Vaqif Musa oğlu, 055 -ci tirajında isə hazırda Bakıda məskunlaşan Kəlbəcərli Cəfərov Samir Oktay oğlu hərəyə bir Chevrolet-"Aveo" avtomobili uddular.
Ümumiyyətlə, ilin ilk ayının nəticələri göstərir ki, 2012-ci il son illər üçün "Azərlotereya" ASC-nin uduş rekordunu üstələyəcək.
Yuxarıda sadaladığımız uduşlara Zaqatala sakini Xəlilov Sabir Şükür oğlunun "Uğur" lotereyasının 023-cü tirajında udduğu Kia-"Rio" avtomobilini, "Ailə Sevinci" lotereyasının 053-cü tirajında Sabirabad sakini Camalov İlqar Samir oğlu Nissan-"Sunny" avtomobilini və Bakı sakini Kərimov Hüseyin Aflatun oğlunun udduğu 3020 manatı, həmçinin, Abşeron rayon sakini Salayev İmaməli Böyükağa oğlunun "5/36" lotereyasında udduğu 4500 manatı da əlavə etsək, cari ilin uduşların sayı və dəyəri üzrə rekord qazanacağına şübhə qalmır. Bu inam, təkcə yanvar ayındakı uduşların çoxluğundan deyil, həm də, cari ildə həyata keçiriləsi layihələrin unikallığından doğur.
Fevral ayında lotereya həvəskarlarının 100% udacağı, ən azı, 12 avtomobili və pul uduşlarını bir tərəfə qoyaraq, "Azərlotereya" ASC-nin təkcə mart ayında keçirəcəyi iki oyuna diqqət yetirək. Artıq xoş ənənəyə çevrilən "Binqo+8" və "Bahar Sevincləri" oyunlarında, lotereya həvəskarları, ən azı, 12 avtomobilə, çoxsaylı pul uduşlarına sahib olacaqlar.
Hələlik mart ayının 7-də keçiriləcək "Binqo+8" oyununa nəzər salaq. Əvvəlcə qeyd edək ki, lotereya bileti, nəfis forma və dizaynı ilə unikal açıqca kimi özü-özlüyündə gözəl hədiyyədir.
Uduşlara gəldikdə isə, əsas oyun başlanmazdan əvvəl biletin seriya nömrəsi ilə KİA- "Sportage" avtomobili udulur. Uduş 100%-lıdır. Oyun beş turdan ibarətdir və hər turda bir Chevrolet-"Aveo" avtomobili udulur. Bu son deyil. Əsas oyun başa catdıqdan sonra iki dəfə ayrı-ayrılıqda lotereya biletinin seriya nömrəsi ilə daha iki Chevrolet-"Aveo" avtomobili udulur. Beləliklə, martın 7-də, axşam, AzTV seyrçiləri canlı yayımda 8 avtomobilin uduşuna şahidlik edəcəklər. Qaliblər sırasında olmaq, bu avtomobillərdən birinə sahib olmaq, adi seyrçilər sırasında olmaqdan qat-qat yaxşıdır, deyilmi? Qisməti sınamağa dəyər!
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.