"Qədər mənsiz yozub məni..."

...Uzanan yolların ayrıcında saçlarına dağların bəyaz qarı ələnmiş, çöhrəsində nur, qəlbi xatirələrlə dolu insan arxaya baxa-baxa köksünü ötürdü. Sonra illəri yerə vermədiyinə görə məmnunluqla gülümsədi. Kitab vərəqləri kimi çevrilən ömür yollarının hər addımlığında yaşadığı həyatın özəllikləri, çəkdiyi əziyyətlər, qazandığı uğurlar, sevincinə yoldaş olan kədəri öz əksini tapmışdı. Artıq yalnız xatirələrində yaşanmayacaqdı bütün vicudunu çulğalayan hiss və həyəcanı, demək istədikləri, düşündükləri, yaşantıları. Yüzlərlə oxucusu bəhrələnəcək həyat təcrübəsindən, kimlərsə nümunə götürəcək əsərlərindən, kimlərsə özünü görəcək, kimlərsə də itirdiklərini tapacaq. Beləliklə, Novruz Nəcəfoğlunu yaxşı və yaxından tanımayanlar da söz karvanına qoşulub addım-addım gəzəcəklər sətirlərdə. Gün-gündən uzanacaq bu yollar. Ömür yolunun içindən keçən söz yolu...
Novruz Nəcəfoğlunun "Yollar uzanan gün..." kitabının adı məni həm düşündürdü, həm də çox uzaqlara apardı...
Yazıçının bir-birindən maraqlı, düşündürücü, həyatı olduğu kimi əks etdirən əsərlərini oxuduqca mənəvi zənginliyinin şahidi olursan. Hadisələr elə qələmə alınıb ki, sən özünü onların içində hiss edirsən. Və sənə elə gəlir ki, bu surətlərin hər birini - Rəhman kişini, Əhlimanı, Bəhruzu, Ələkbəri, gənc rəssam qızı da şəxsən tanıyırsan. Mələk kimi uçub getmiş qızcığazın anası Zöhrənin övlad itkisindən doğan ağrı-acısı da, Ərkinaz ananın narahatlıqları da sənə tanışdır, Qıztamam ananın bütün müsibətlərdən sonra qəfil ölümü də sənin gözlərin qarşısında olub. Sanki "Bir qonaqlığın sərgüzəştləri"ndə də olmusan, fərəhruzi qonaq da sənin evinə gəlib, Əmiraslan kişinin xofunu da duymusan, İbrahimlə Əhlimanın möhkəm dostluğunun şahidi də olmusan. Ən əsası isə xoşbəxtlikdən o "köhnə kişilər"i tanımısan.
Novruz Nəcəfoğlu elə indiki zamanda köhnə kişilərdəndir - xeyirxahlığı, bir qədər sərt, bir qədər mülayim xarakteri, el-obasına bağlılığı, comərdliyi, ədaləti, səxavəti ilə. Nahaq yerə haqqında demirlər: "Çörək verən kişidir." Lap elə köhnə kişilər kimi...
Hər kəlmə sözündə, hər sətrində yaşayır o köhnə kişi. Gənckən müdrikləşən, cavan yaşından ağsaqqal adını qazanan elinin təəssübkeş oğlu.
Yazıçının əsərləri boyunca əsl Azərbaycan kişisini görmək olar - dəyanəti, qeyrəti, vətənpərvərliyi, zəhmətkeşliyi, alicənablığı ilə.
Lakin etiraf edim ki, bu əsərlərdən birini uzun müddət oxuya bilmədim. "Çarəsiz yolçu...". Əsərin adı mənə yaxşı bələd olduğum çarəsizliyin ağrı-acısından xəbər verdiyinə görə də oxumağa cürət etmirdim. Nəhayət, özümü toplayıb müəllifin sözlərini oxuyuram: "Bu yazını onlara - övlad əziyyətinə qatlaşan analarımıza ittihaf edirəm..." Qeyri-ixtiyari gözlərimdən yaş sellənir. İsti göz yaşlarım üzümü yandırır qəlbim kimi. Uzanan yolların çarəsiz yolçusunun müsibətlərindən xəbər tutacağımdan qorxuram. Bu yolu getməyə məcbur olan cəfakeş anadır. Ən ağrılısı da budur. Bir anlıq əzab-əziyyətlə, zəhmətlə, möhnətlə dolu ömür yolunun yolçusuna dönürəm mən də. Vərəqlər ötdükcə addım-addım keçirəm o yolları yazıçı ilə birlikdə. Fərqimizsə, Novruz Nəcəfoğlunun çarəsiz yolçunun əzablarını qələmə almaqda gücünün olması, mənimsə bu əzabların qarşısında gücsüzlüyümdür. Ömrümün qəm səhifəsini yazmaq istərkən qələmə acıyıram, bir də onu tutacaq barmaqlarıma. Onların bu əzabların qarşısında sınmasından qorxuram.
Deyirlər, kişilər ağlamaz. Yox, kişilər də ağlayar, elə Novruz Nəcəfoğlu kimi - səssiz-səmirsiz... Bir ananın qəlbinin sızıltısında, acı göz yaşlarında, haqsız tənələrə, zillətə məcbur olub dözəndə.
Kişilər belə ağlayar - çarəsiz yolçuya yoldaş olanda...
Görəsən Tanrımı güc verib, yoxsa bir ananın, bir qadının məhkum olduğu dərdləri, əzabları yazdırıb bu əsəri?! Həm güclü, həm də həssas, kövrək olmaq çox çətindir eyni zamanda.
... Qızına cehizlik hazırladığı, yazıçının diliylə desək "payızdan bəri çəngə-çəngə, tel-tel, bağ-bağ topladığı, səliqə ilə büküb bağladığı" unutduğu bir xaral yun o dəm həyatından qiymətliydi ana üçün. Övladlarına görə özünü oda atan zəhmətkeş, əzabkeş, cəfakeş ana obrazı Novruz Nəcəfoğlunun bir sıra əsərələrində diqqət mərkəzində, ən uca yerdə durur. "Anamın dilindən", "Anam eyvandan baxır" şeirlərində yazıçının ucaltdığı fədakar ana heykəli qarşısında oxucu baş əyir. Bu analar da Qıztamamın müxtəlif zamanlarda dərdlərini, sitəmlərini yaşayanlar deyillərmi?
"Çarəsiz yolçu" da əsər başlanandan yazıçı ananın yol uzunu çəkdiyi əzabları, mətanətlə dözərək yaşadıqlarını qələmə alarkən onu sonacan əsərin qəhrəmanı olaraq saxlamağı bacarır.
Yayın qızmar istisində "bir az əvvəl üz-gözünün sel-suyunu köynəyinin ətəyi ilə silirdi, indi isə elə bil buna da taqəti qalmamışdı, köynəyinin ətəyini qaldırmağa belə ərinirdi" sözləri bu yolun ağırlığından, məşəqqətindən xəbər verirdi. Burada qadının əri qarşısında xofu, mütiliyi də nəzərdən qaçmır. Ana min bir əziyyətə qatlaşaraq unutduğu yunun dalıyca gedir, qulaqlarında ərinin söyüşləri, canında həyəcan, qorxu. Gedir ki, bu söyüşlər daha dəhşətli dava-şavaya keçməsin, uşaqların onsuz da bir tikə olan ürəkləri üzülməsin. O, bütün əziyyətləri həmişəki kimi özü çəkir.
Əsərin ikinci yarısında oxucu bir qədər sakitləşir. Hər şeyin yaxşı olacağına inanmaq istərkən... Qıztamam ananın sevinci uzun sürmür. Sanki o kövrək, yaralı qəlbi qabaqcadan duymuşdu olacaqları. Ona görəmi oğlu Balaxanı evləndirməyə tələsirdi? Yoxsa ölüm onu ağuşuna alacaqdı deyə pişvazına gecikmək istəmirdi?
O qızmar yay günü dabanları kimi dodaqları da çatlayan, üz-gözünün tərini su əvəzinə içən, zəhərli ilanların məngənəsindən qopub ölümü arxada qoyan ana indi ondan qaça bilmədi. Lakin son olaraq gəlinini ata evindən xeyir-duayla çıxardı, ancaq doğma ocağında onu qarşılayıb ürək dolusu boyunu sevib əzizləyə bilmədi. Çünki ölüm daha cəld tərpənmişdi, özü sığal çəkməyə gəlmişdi ananın saçlarına, gözlərində.
Yenə çarəsiz yolçuya dönmüşdü. Bu dəfə həm Məmişin, həm də ölümün çarəsiz yolçusuydu. Kaş yenə o isti yay günü olaydı. Kaş yenə unudulaydı bir xaral yun, lap elə tapılmayaydı. Məmiş danışıb-danışıb kiriyəcəkdi. Ya da Mehrac indiki kimi onu tövlədə ağzı bağlı saxlayacaqdı. Kaş... kaş... Bütün bu "kaş"lar içində dilimdə inləyən kəlmələr ürəyimin sızıltısına qarışır: "Kaş ana ölməyəydi..."
Mən Novruz Nəcəfoğlunu xeyirxah, həssas, ədalətli insan kimi tanıyıram. Və ən ümdəsi də odur ki, bu məziyyətlər bütün yaradıcılığında öz əksini tapıb. Məhz buna görə də Qıztamam ananın ölümü ilə barışa bilmirəm. Həyatda da, yaradıcılıqda da daim ədalətli olan insan! Bu ölüm ədalətsiz deyilmi? Yoxsa gerçəkliyi dəyişib anaya həyat bəxş etmək qələmə xəyanət olardı?! Bəlkə də yazıçı olmuşlara söykənməsəydi, əsəri bu sonluqla bitirə bilməzdi. Yaşadardı ananı sözüylə, qəlbinin odundan, gözünün nurundan pay verib yaşadardı.
Ömür yolunun yorğununa, çarəsiz yolçusuna dönən ananın qayğılarla, acısı şirinindən çox olan ömrü yarımçıq qaldı. Səhrada su axtaran yolçu kimi bir xaral yun axtaran ananın dilindən qopan nəğmə pərdə-pərdə, misra-misra dolaşdı:
" Çarəsiz yolcu kimiyəm,
Qədər mənsiz yozub məni...".
Sanki yazıçı da ruhən o qızmar yay günü yoldaş olmuşdu çarəsiz yolçuya. Addım-addım keçmişdi ayağını tikan əzən, od-alov qalxan yolları anayla birgə. Bürküdən dodağı da çatlamışdı, bağrı-başı da yanmışdı. Yoxsa yaza bilməzdi çarəsiz yolçunun çarəsizliyini, müsibətlərini...
P.S. Məmişin Qıztamam anaya yaşatdığı acı həyatı görübmüş kimi əsərin təsirindən qurtula bilmirdim: "Bu ailənin aqibəti necə oldu? Məmiş onlara gün verdimi? Axı Qıztamam ana bu evin ən möhkəm dirəyi idi. Amma bu dirək də yıxılmışdı sonda". Məni narahat edən sualların cavabını isə "Bu dərənin uzunu" əsərinin sonunda İbrahimlə Əhlimanın söhbətində aldım. İbrahim Məmişi xəbər alarkən dostu cavabında deyir: "Qız- tamam zəhmətkeş qadın idi. Düzdür, Məmiş ona bu dünyada bir gün vermədi, ancaq etibarlı imiş, arvadının ölümündən sonra dözmədi, çox yaşamadı. Yası arvadının ilinə dəymədi. O da dünyasını dəyişdi".
İlk dəfə olaraq Məmişə yazığım gəldi. Dirisinə hörmət qoymadığı arvadının ölüsünü torpağa vermək istəməyəndə bəlkə də anlamışdı günahını. Həyat yoldaşını itirdikdən sonra yazıqlamış, yetim uşaqlar kimi olmuşdu. O da çarəsiz yolçuya dönmüşdü Qıztamamın yoxluğundan. Və bu yolçuluq onu ölümə aparmışdı...

{nl}

Aida ŞÜKÜRLÜ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında