Fransa senatı... Uydurma "erməni soyqırımı" və yaşadığımız gerçəklər

Fransa Senatı yanvarın 23-də antidemokratik, insan hüquqlarına, söz və düşüncə azadlığına zidd, ağlasığmaz qərar qəbul etdi. 7,5 saatlıq müzakirələrin nəticəsi Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük etiraz doğurdu. 24-cü ildir ki, biz - 1988-ci ildə Ermənistan SSR-dəki dədə-baba torpaqlarından zor gücünə deportasiya edilmiş azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirik. Ermənilərə "can yandıran" Fransa da ATƏT-in Minsk qrupunun həmsədridir. Məlum qərardan sonra biz bu ölkənin sülh danışıqlarında obyektivliyinə ümid bəsləyə bilərikmi? Əlbəttə, yox! 
Niyə ötən 24 ildə Fransa Ermənistandan qovulmuş və Azərbaycan torpaqlarından didərgin salınmış 1 milyon qaçqın və köçkünün hüquqlarını düşünməyib? Əgər haqq-ədalət axtarırsa, niyə onun bərpası üçün Ermənistanı təcavüzkar dövlət kimi tanımayıb? Niyə cəmi 20 il əvvəl, 1992-ci ildə bütün dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını indiyədək tanımayıb? Amma 100 il öncə Türkiyədə baş vermiş hadisələri araşdırmadan tarixə damğa vurur? Bu boyda ədalətsizlik, tərəfkeşlik beynəlxalq hüququn hansı prinsiplərinə, hansı konvensiyalara, hansı qanunlara uyğun gəlir? Nədən qaynaqlanır? Sabah biz Fransaya işgüzar səfərə və ya turist gəzintisinə getsək, zorlamı dedizdirəcəklər bizə uydurma "erməni soyqırımı"nın gerçək olduğunu? Bizidəmi 1 il həbs və 45 min avro cərimə cəzası gözləyəcək? Fransa Senatının məlum qərarı elan edilən kimi, qaçqın ailəsində böyümüş məktəbli Arzu dedi ki, "daha bunlarla Koreya XDR-in nə fərqi oldu? Orda Kim Çen İrin dəfnində yaxşı ağlamayanları həbs edirlər, Fransa da "erməni soyqırımı"nı qəbul etməyənləri həbs edəcək. Bu nə təhər demokratiyadır??"
Fransa Senatının bədnam qərarı yadıma uşaqlıq illərini, "genosid" sözü ilə ilk tanışlığımı saldı: - 1965-ci ildə uydurma "erməni soyqırımı"nın 50 ili tamam olurdu. 1915-ci ildə Türkiyədə baş vermiş hadisələri genosid kimi qələmə verən ermənilər ilk dəfə o il aprelin 24-də Yerevan şəhərindəki Lenin meydanında mitinq keçirdilər. Mitinqə çıxanların "Bizim torpaqları ver, Türkiyə!", "Torpaqlarımızdan rədd olun, türklər!", "Türklərə ölüm!", "Yaşasın ermənilər!" bağırtıları evimizdə eşidilirdi. Biz azərbaycanlılar qədim İrəvanın yerli əhalisi olduğumuzdan şəhərin mərkəzində yaşayırdıq və sovetlərə məxsus bütün əlamətdar bayramların, nümayişlərin keçirildiyi Lenin meydanı evimizdən təxminən 500 metrlik məsafədəydi. Həmin gün şəhərdə qeyri-adi hadisələr baş verirdi və bizim məktəbin ətrafını saldatlar dövrəyə almışdı. Hörmətli oxucu, ona görə rus dilindəki "soldat" sözündən istifadə edir, "saldatlar" yazıram ki, "əsgər" sözü milli ifadədir və yaddaşımda dərin yaralar açmış 24 aprelləri ehtiva etmir.
Həmin gün bizi məktəbdən evə aparmaq üçün analarımız gəlmişdilər. Sanki sözləşmişdilər, hamının anası ordaydı. Yəqin atalar işdə-gücdə olduğundan bu missiya qadınların üzərinə düşmüşdü. Yolboyu küçələrin sağında və solunda düzülmüş silahlı saldatları gördükcə vahimələnirdik. Sualı sual üstdən yağdırırdıq. Nədənsə ehtiyat edən analarımız isə suallarımıza cavab vermir, "sus, küçədə danışma", - deyirdilər. Evə gəldikdən sonra böyüklərdən eşitdiklərimizi uşaq ağlımızla anlamağa, dərk etməyə çalışırdıq. Başa düşdüyümüz o oldu ki, ermənilər Türkiyədən torpaq istəyir və bir də biz türklər (Ermənistanda azərbaycanlılara həmişə türk deyilib) ermənilərin düşməni imişik. Amma niyə, bunu dərk edə bilmədik. Çünki o dövrdə biz ancaq bir düşmən tanıyırdıq, o da faşistlər idi.
XX əsrin 60-cı illəri sovet hökumətinin nərildəyib-guruldayan vaxtları idi. O dövrdə ölkə rəhbərliyindən xəbərsiz, özbaşına SSRİ-dəki paytaxt şəhərlərin baş meydanı sayılan Lenin meydanında belə bir həngamə çıxarılması müşkül məsələ olduğuna görə, aydındır ki, daşnaklar bu mitinqə illərlə zəmin hazırlayıbmışlar. SSRİ rəhbərliyində təmsil olunan ermənilər altdan-altdan iyrənc niyyətlərini, məkrli siyasətlərini yürüdürmüşlər. Və 1965-ci ildən başlayaraq hər il aprelin 24-də Yerevanda uydurma "erməni soyqırımı"nın ildönümləri qeyd olunmağa başladı. Sovet hökuməti bu məsələdə ermənilərə qadağa qoymurdu, ancaq şəhərdə baş verə biləcək iğtişaşları nəzərə alaraq azərbaycanlıları qoruma tədbiri düzənlənirdi. Azərbaycan məktəblərinin - M.F.Axundov adına orta məktəbin, M.Əzizbəyov adına səkkizillik məktəbin, texnikumun və institutun ətrafında, azərbaycanlılar yaşayan məhəllələrdə iki sıra düzülən silahlı saldatlar bizim əmin-amanlığımızı qoruyurdular. Deməli, hücum ehtimalı vardı və sovet hökuməti də buna bilə-bilə göz yumurdu!! Heç 1988-ci ildə də sovet hökuməti ermənilərə "durun" demədi, bizə "ölmək istəmirsinizsə, gedin" dedi.
İbtidai sinif şagirdi olduğum dövrdən başlayan 24 aprel mitinqləri, yürüşləri əslində Qərbi Azərbaycandakı dədə-baba torpaqlarında yaşayan biz azərbaycanlılara qarşı mənəvi terror idi. Görəsən, Fransa parlamentinin ermənipərəst deputatları illərlə sürən bu sayaq mənəvi terrorların uşaq psixologiyası üçün nə demək olduğunu bilirmi? 1965-ci ildə uydurma soyqırımın 50 illiyini qeyd edən ermənilər sonrakı illərdə türkə nifrətlərini daha cəsarətlə büruzə verməyə başladılar. Adi həyatda, gündəlik məişətdə azərbaycanlı qonşularıyla, iş yoldaşlarıyla mehriban davransalar da, "erməni-türk davası" söhbəti düşən kimi üzləri dönürdü. Küçəyə çarşabla çıxan azərbaycanlı qadınların sayı da ildən-ilə azalırdı, çünki müsəlmanlığın bariz ifadəsi olan çarşab daşıyıcısının həyatını təhlükə altına alırdı. İctimai yerlərdə ucadan ana dilimizdə danışmağımız mənfi reaksiya ilə qarşılanırdı. Və bu mənəvi terror sovet hakimiyyətinin süqutuna qədər davam etdi. İldən-ilə vüsət aldı. Ermənistanda milli ədavət qızışdırılırdı. Bu siyasətdə ədəbiyyat və incəsənətdən də geniş istifadə olunurdu (erməni ədəbiyyatında türkə nifrət aşılayan yüzlərlə bədii əsər var). Türkiyədən torpaq ala bilməyən ermənilər gözlərini Azərbaycan torpaqlarına dikməyə başladılar. Yəqin bu niyyətlərini daha asanlıqla reallaşdıra biləcəklərini hesablamışdılar. Ermənistanın eyni dövlətin ərazisində qonşu olduğu Azərbaycandan torpaq qoparmaq cəhdləri intensivləşdi. Son nəticədə Dağlıq Qarabağ problemi ortaya atıldı. Məkrli erməni-daşnak siyasəti 1988-ci ildə azərbaycanlıların Ermənistan SSR-dəki dədə-baba torpaqlarından kütləvi deportasiyası ilə nəticələndi. Ermənistan mono-etnik dövlətə çevrildi.
Ötən əsrin 60-cı illərində Türkiyəyə torpaq iddiası irəli sürən ermənilər deyirdilər ki, "erməni-türk davası"nda yarım milyon erməni qətlə yetirilib. İllər keçdikcə bu rəqəmi şişirdərək 1 milyona, daha sonra isə 1,5 milyona çatdırdılar. Çünki dünya ağalığı iddiasında olan böyük dövlətlər tərəfindən beynəlxalq siyasət nərdtaxtasında şeş-qoşa zərinə çevrilən Ermənistan üçün tarixi təhrif etmək problem deyil. Elə yanvarın 23-də Fransa Senatının qəbul etdiyi "erməni soyqırımını inkara görə cəza" qanunu da bunu bir daha təsdiqlədi. "Erməni soyqırımı"nı inkara görə cəza tətbiq olunması üçün dəridən-qabıqdan çıxan Fransa senatorları bu qanunla bölgədəki siyasi gərginliyi daha da artırdılar. İnsan haqlarına, düşüncə və media azadlığına xüsusi önəm verən Avropanın dəyərlərinə xəyanət etdilər.
Biz Fransada sağlam qüvvələrin olduğuna və ölkənin Konstitusiya Məhkəməsində bu qərarın ləğv ediləcəyinə inanmaq istəyirik. Məlumdur ki, Senatın Konstitusiya komissiyası bu qanunun Fransa Konstitusiyasına zidd olduğunu bildirərək, onu qəbuledilməz sayıb. Senatın 60 deputatı məsələni Konstitusiya Məhkəməsinə götürəcək. Hələ ümid var.

{nl}

Mənzərə SADIQOVA, filologiya üzrə fəlsəfə doktoru, Milli Məclisin mətbuat xidmətinin əməkdaşı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında