Şriftin ölçüsü:
28.01.2012 02:11 | Oxunma sayı: 402
Bu il Londonda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bu mötəbər yarışda iştirak etmək hüququ qazanan 7 nəfər idmançımıza "bp-Azərbaycan" şirkəti tərəfindən dəstək veriləcək. Bakının "Hilton" otelində "bp-Azərbaycan" şirkəti ilə Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında bununla əlaqədar olaraq tərəfdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirildi.
Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bu əlamətdar hadisənin şirkətin Azərbaycanda fəaliyyət göstərməsinin 20 illiyinə təsadüf etdiyini vurğulayaraq bildirdi ki, şirkət Azərbaycanın Milli Olimpiya və Paralimpiya komitələrinə, həmçinin "London-2012" Yay Olimpiya Oyunlarına hazırlaşan bir qrup Azərbaycan idmançısına dəstək verməkdən məmnundur. bp-nin Azərbaycandakı 20 illik fəaliyyəti ərzində bütün maraqlı tərəflərlə, eləcə də bu ölkə ilə cox yaxşı münasibətlərin və möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdıran R. Cavanşir bildirdi ki, bütün bunlar şirkətə olan etimadın məntiqi nəticəsidir. Qeyd olundu ki, bp hələ uzun müddət regionda güclü və dayanıqlı iqtisadiyyata malik lider ölkə kimi öz strateji roluna doğru irəliləyən Azərbaycanda qalaraq uğurlarını davam etdirmək niyyətindədir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək son illər Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğı və diqqətin uğurlu nəticələr verdiyini bildirdilər. Azərbaycan idmançılarının indiyədək London Olimpiya Oyunlarına 30, paralimpiyaçıların isə 22 lisenziya qazandıqlarını diqqətə çatdıran natiqlər bunu dövlətin idmana göstərdiyi qayğının məntiqi nəticəsi olduğunu vurğuladılar. Bu strateji tərəfdaşlığın bp şirkətinin ölkəmiz və xalqımız qarşısında götürdüyü öhdəliyə sadiqliyinin parlaq təzahürü olduğunu söyləyən natiqlər bp-nin əvvəllər Azərbaycanda reallaşdırdığı digər layihələr kimi bu addımın da uğurlu olacağına əminliyini ifadə etdilər. İdmançılarımıza göstərilən dəstək yüksək qiymətləndirilməklə yanaşı, 2012-ci ilin "İdman ili" elan olunmasının gənclər arasında idmana marağın daha da artıracağına səbəb olacağı diqqətə çatdırıldı.
Sonra bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfdaşlıq müqavilələrini imzaladılar.
Tədbirdə bp tərəfindən xüsusi nümayəndə kimi seçilən idmançılardan yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu Rövşən Bayramov və cüdo üzrə ikiqat Paralimpiya oyunları çempionu, ikiqat dünya və üçqat qitə çempionu İlham Zəkiyev çıxış edərək göstərilən etimada görə minnətdarlıqlarını bildirdilər və onlara bəslənilən ümidləri doğruldacaqlarına söz verdilər. . İmzalanmış müqavilələrə əsasən, "bp-Azərbaycan" şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələrinin "London-2012" Olimpiya Oyunlarında rəsmi tərəfdaşı olacaqdır. Şirkət, həmçinin Londonda medallar uğrunda mübarizə aparacaq 3 olimpiya və 4 paralimpiya idmançısının - Cəbrayıl Həsənovun (sərbəst güləş), Fəridə Əzizovanın (taekvondo), Rövşən Bayramovun (yunan-Roma güləşi), İlham Zəkiyevin (cüdo), Afaq Sultanovanın (cüdo), Oloxan Musayevin (atletika), Oleq Panyutinin (atletika) Olimpiya Oyunlarına hazırlığını, həm də bu oyunlarda iştiraklarını dəstəkləyəcəkdir.
Xatırladaq ki, bp-Azərbaycan şirkətinin milli komitələrlə tərəfdaşlığı, eləcə də idmançılarımıza dəstəyi bütün il boyu - həm olimpiya oyunlarından əvvəl, həm də sonra davam etdiriləcək.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.