Şriftin ölçüsü:
28.01.2012 02:06 | Oxunma sayı: 402
"Türkiyədə bəzi dairələr Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər".
APA-nın məlumatına görə, bu fikirlər professor Ümit Özdağın Türkiyə mətbuatında dərc olunan "Azərbaycan yalanları" adlı köşə yazısında öz əksini tapıb. Fransa Senatında qondarma "erməni soyqrımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulundan sonra Türkiyənin bəzi media qurumlarında Azərbaycan əleyhinə kampaniya aparıldığını xatırladan Ümid Özdağ bu iddiaların yalan olduğunu, Azərbaycanın Fransanın bu addımına qarşı lazımi addımlar atdığını bildirib: "Fransa Senatında məlum qanun qəbul olunduqdan sonra Türkiyədə bu dairələr Bakının Parisə zəruri etiraz etmədiyi barədə yalanlar yaymağa başladılar. Təəssüf ki, bu yalanlara inanan, yaxud yalan olduğunu bilərək səhifələrində yer verən AKP hökumətinin nəzarətində olan qəzetlər qardaş Azərbaycan haqqında əsası olmayan yalan xəbərlər yayımlayırlar. Amma bir müddət əvvəl Bakıya səfər edən və Prezident İlham Əliyev də daxil olmaqla bir çox rəsmi şəxslərlə görüşən MHP İğdır millət vəkili Sinan Oğan tam fərqli məlumatlar verir. Sinan Oğanla görüşdüm və əldə etdiyi məlumatları ictimaiyyətlə bölüşmək üçün söyləməyi rica etdim. Sinan Oğanın söylədiklərindən kiçik bir hissə: "Ötən həftə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərliyində təmsil olunan şəxs kimi Azərbaycana səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbəri Allahşükür Paşazadə, xarici işlər naziri Elmar Məmmədyarov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və bir çox qurumların rəhbərləri və media təmsilçiləri ilə görüşdük və hamının bu məsələdə bizə dəstək verdiyinin şahidi oldum".
Professor Ümid Özdağ rəsmi Bakının Fransaya münasibətdə atdığı addımlara da köşə yazısında yer verib. Azərbaycan rəhbərliyinin Fransanın atdığı bu addımın səhv olduğunu və Azərbaycan-Fransa münasibətlərinə xələl gətirəcəyi barədə bəyanatla çıxış etdiyini, Azərbaycan parlamentində bu məsələ ilə bağlı xüsusi müzakirələr keçirildiyini və 125 millət vəkilinin imzası ilə Fransa Senatına müraciət göndərildiyini, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etdiyini, Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunaraq etiraz bildirildiyini, Azərbaycanın Fransadakı səfirinə Türkiyənin bu ölkədəki səfiri ilə birlikdə Senata getmək və görülən işləri birgə koordinasiya etmək təlimatı verildiyini, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Fransa prezidentinə məktub yazdığını qeyd edib.
"Bundan başqa Azərbaycan Fransa Senatında yaxşı münasibətlərdə olduğu senatorlarla əlaqə quraraq qanunun əleyhinə səs verəcəkləri barədə qarantiya alıb, Azərbaycan qeyri-hökumət təşkilatları Fransa səfirliyi qarşısında mitinqlər keçirib, diaspor qurumları Parisdə aksiyalar təşkil edib, türk lobbisi ilə birgə fəaliyyət göstərib, Kiyevdəki Fransa səfirliyinin önündə etiraz nümayişləri təşkil ediblər. Siyasi partiyalar, millət vəkilləri və media təmsilçiləri qeyd olunan məsələ ilə bağlı etiraz bəyanatları, açıqlamalar verib, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında Fransa Senatının qəbul etdiyi qanunu pisləyiblər, bəzi fransız şirkətləri Azərbaycanda keçirilən tenderlərdə iştirakdan məhrum edilib".
Ümid Özdağ yazısında Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparanların İrəvanın dəyirmanına su tökənlər olduğunu bildirib: "Belə bir söz var: "Əsgərə düşmən olan düşmən əsgəri olar". Çox gözəl sözdür. Bunu "Bakıya düşmən olan İrəvanın əsgəri olar" şəklində də deyə bilərik. İndi Türkiyədə "Hamımız erməniyik" şüarı dəbdədir, deməli bəziləri üçün İrəvana əsgərlik etmək problem yaratmır. Allaha şükür ki, Bakıda hakimiyyəti hələ də türklər idarə edir".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.