Jurnalistlərin müəllimi

Haqqında danışmaq istədiyim insan geniş dünyagörüşü, savad və davranışları ilə tələbələrinə örnək olan bir ziyalı, alim, sağlam demokratik düşüncəli müəllim və özünün də qeyd etdiyi kimi "sadə bir vətəndaşdır." Mənim tanıdığım, özümə dost bildiyim müəllimim Cahangir Məmmədli belə bir insandır. Həyatda xoşbəxtlikdir ki, müəllimi özünə dost biləsən. 
Mənim Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığım ilk gündən qayğıkeş, mehriban bir kollektivlə münasibət qurmağa, onları daha yaxından tanımağa, məhz o, köməklik göstərdi. Müəllimlərimin yaradıcılığı, tələbələrə olan münasibəti mənim üçün, ucqar bir rayondan gəlib tələbə adını qazanan bir insan üçün maraqlı idi. Elə ilk gündən mənimlə dostcasına salamlaşıb hal-əhval tutan və sonra "doğrudanmı jurnalist olmaq istəyirsən, dədə?" sualını verərkən bu insanın simasında qayğıkeş bir müəllim ifadəsini gördüm. Düşündüyüm bütün obrazları və illərdir jurnalist olmaq istəyimi xatırlayaraq doğru istəkdə olduğumu, yaxşı müəllimlərdən dərs alacağımı anladım. Cavabımda "bu ixtisası sevərək gəldiyimi, jurnalist olmaq istədiyimi" söylədim. Mənim gələcək dostum, mənim müəllimim artıq hər şeyi anlamışdı və xoş bir təbəssümlə nəsə problemim olarsa ona müraciət edə biləcəyimi bildirdi. Mənim üçün "dostluğun zirvəsində dayanan insanla", Cahangir Məmmədli ilə tanışlığım bu cür başladı.
Sonralar Cahangir Məmmədli yaradıcılığının nəfis nümunələrini oxumağa başladım. Həqiqətən də, jurnalistikamıza töhfə edilən bu qiymətli əsərlərdən çox şey öyrəndim. Nəzəriyyə bölgüsü, etikodekslər və s.. Jurnalist qələminin ağ kağız üzərində doğru hərəkətini də o kitablardan, o insanın yaradıcılığından öyrəndim.
Bu günə qədər Cahangir Məmmədli yazıb-yaradıb və sabah da belə olacaq. Onun qələmindən çıxan yüzlərlə məqalə, ədəbi tənqidə və jurnalistikaya dair yeddi kitab və s. doğrudan da, bizlərə örnək və ərmağandır.
Cahangir Məmmədli əzmkar bir insandır. Onun uzun illər Mətbuat Şurası sədrinin müavini kimi təqdirəlayiq fəaliyyəti hər kəsə məlumdur. Gərgin əməyi sayəsində qərarların qəbulu, gələcək perspektivlərin müzakirəsində və s. əsas söz sahiblərindən biri idi.
Hələ 2005-ci ildə "İctimai televiziya haqqında" Qanun layihəsi hazırlanarkən Cahangir Məmmədli önəmli müzakirələrə dəvət almışdı və indi də həmin layihənin həmmüəlliflərindən biri sayılır. İTV yaranan zaman onun yayım şurası təşkil olunmalı idi. Uzun müzakirələrdən sonra doqquz nəfərlik İctimai Teleradio Yayımları Şurası" qanunverici orqanda təsdiq olundu. Daha sonra İTV Yayım Şurası sədrliyinə Cahangir Məmmədli layiq görüldü və qısa bir müddətdə inkişaf strategiyası müəyyən olundu, qabaqcıl yayım texnologiyaları ilə təchiz olunmuş müasir bir binada 500 nəfərə yaxın bir kollektivlə yayıma başlandı.
İctimai Televiziya modelinə uyğun verilişlər hazırlandı, milli-mənəvi dəyərlərimizin, tarix və ədəbiyyatımızın əvəzsiz nümunələri bir daha bu sehirli qutu vasitəsi ilə xalqın qəlbinə yol tapdı. Qısa bir zaman kəsiyində uğurlarını sıralayan İTV Avropa Yayımçılar Birliyinin (EBU) mühüm bir konfransını paytaxtımızda düzənlədi. Bu böyük bir uğur idi. Eyni zamanda, "Eurovision" musiqi yarışmasında ilbəil uğurlu iştirak İctimai Televiziyanın nüfuzunu yüksəltdi. Bu, Cahangir Məmmədlinin də uğuru idi. Onun amalı əsl xalq televiziyası, ictimai televiziya modelini Azərbaycanda möhkəmlətmək olub.
Bir neçə gün öncə həmsöhbət olduğum, 2005-2010-cu illərdə İTV YŞ-nın üzvü olmuş Altay Zahidov məhz o illərdən dostluq etdiyi Cahangir müəllim haqqında bir məqamı da vurğuladı : "Onun yorulmaq bilmədən xalqı üçün çalışmaq istəyi bütün dostlarının diqqətindədir. Cahangir Məmmədli elə bir insan, elə bir ziyalıdır ki, onunla danışarkən insan mənəvi rahatlıq tapır. Mən onunla dostluğumdan həmişə qürur duyacağam."
O, eyni zamanda, qayğıkeş və tələbkar bir müəllim kimi həmişə tələbələrinin qəlbinə yol tapa bilir. Həqiqətən də, örnək bir ziyalı təbiəti ilə mənəvi zənginliyin vəhdətində gördüyümüz bu insanın münasibət sferası bizlər üçün özünəməxsuz bir nümunədir. Biz tələbələrin iki il öncə Gənc Repartyorlar Klubunu yaratmaq istəyimizi sevinclə qarşılayan və fəaliyyətimizə hər cür dəstək olan Cahangir müəllim, sözün əsl mənasında, bizimlə dostlaşmışdı. Əksər media mənsubları ilə görüşlərimizdə iştirak edərək bizim sərbəst şəkildə fikir bildirməyimizi məsləhət görüb. Məhz onun əzmkarlığı və göstərdiyi mənəvi dəstəyin nəticəsində, az qala, unudulmaq təhlükəsində olan "Jurnalist" tədris qəzeti yenidən və daha maraqlı nümunələrlə "525-ci" və "Şərq" qəzetlərinin iç səhifəsi olaraq yayımlanmağa başladı. Onun məsləhəti ilə ilk dəfə olaraq tələbə-yazarlara qonorar verilməyə başladı. Öz tələbələrinə belə qayğıkeş müəllim münasibəti bu gün də davam edir.
Hələ 20-30 il əvvəl müəllimləri olmuş Cahangir Məmmədli haqqında "o, çox məğrur bir insan, uzaqgörən bir müəllim kimi tələbələrinə həmişə doğru yolu göstərirdi. Onun amalı bizim Vətənini sevən, tarixini, ədəbiyyatını doğru tanıyan vətəndaş kimi yetişməyimiz olub" - deyən tələbələri bu gün də onunla çiyin-çiyinə çalışır və ən əsası da Azərbaycan jurnalistikasının inkişafı yolunda müəllimlərinə sadiqdirlər.
Bu gün ömrünün çox mühüm bir gününü, 70 illik yubileyini gülər, alnıaçıq üzlə qeyd edən Cahangir Məmmədli hər kəsə doğmadır, əzizdir. Xalqına, ailəsinə, biz tələbələrinə, müəllim yoldaşlarına və dostlarına...
Hər sözünün, kəlməsinin yerini və qiymətini bilən Cahangir müəllimin söylədiyi fikirlər, yazdıqlarının hər abzası bizlər üçün sənət dərsidir.
70 illik yubileyini qeyd etdiyimiz və bu gün də yaratmağa, yaşatmağa davam edən müəllimim, dostluğun zirvəsində dayanan insana - professor Cahangir Məmmədliyə BDU jurnalistika fakültəsinin tələbələri adından ən xoş və səmimi təbriklərimizi bildiririk.

{nl}

Baba YAŞAROĞLU

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında