Yanvarın 27-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2011-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirmişdir.
Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2011-ci il ərzində kompleks tədbirlər həyata keçirilməklə korrupsiyaya qarşı mübarizə mahiyyəti etibarilə yeni müstəviyə qalxmışdır.
Belə ki, ölkə rəhbərliyi tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət idarəetməsində şəffaflığın təmin edilməsi, ədalətli məhkəmə sisteminin yaradılması məqsədi ilə köklü islahatların həyata keçirilməsi, habelə səmərəli antikorrupsiya qurumlarının təsis edilərək fəaliyyətə başlaması mümkün olmuşdur.
Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında verdiyi göstərişlərə müvafiq olaraq, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 2011-ci il yanvarın 27-də keçirilmiş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən mənfi halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuş, rüşvətxorluğa və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir.
Bütün bunların nəticəsində 2011-ci il korrupsiyaya qarşı mübarizə siyasəti mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymuş, bu müddət ərzində bir sıra mühüm qanunvericilik aktları hazırlanmış və praktiki tədbirlər həyata keçirilmişdir.
Belə ki, Azərbaycan Prezidentinin 2011-ci il 11 mart tarixli fərmanı ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılmış, eyni zamanda texniki işçilərin sayında da əhəmiyyətli dəyişiklik edilmişdir. Bundan əlavə, Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 saylı qərarı ilə idarə əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması məqsədilə xüsusi iş şəraitinə görə aylıq vəzifə maaşlarına 50 faiz məbləğində əlavə müəyyən edilmişdir.
Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə 2011-ci il martın 18-də Milli Məclisdə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilməklə MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir. Qeyd olunan dəyişikliklərə əsasən korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirlərinin yalnız Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılması müəyyənləşdirilməklə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2011-ci il mayın 12-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır. Həmin əmrə əsasən idarədə 4 yeni şöbə yaradılmış, iki şöbə ləğv edilərək onların bazasında yeni şöbələr təsis edilmiş və beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatdırılmışdır.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətlərini daha da təkmilləşdirməklə bu işi özləri üçün prioritet müəyyən etmişlər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə əvvəlki illərdə olduğu kimi 2011-ci il ərzində də fəaliyyətini uğurla davam etdirmişdir.
Hesabat dövründə idarə tərəfindən vətəndaşların 1084 müraciətinə baxılmışdır. 2011-ci ildə idarəyə daxil olmuş cinayət xarakterli 234 müraciət və digər məlumatlardan (onlardan 100-ü müraciət, 134-ü digər məlumatlar) 128-i və ya 55 faizi üzrə cinayət işi başlanılmışdır. Korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmaqla 2011-ci il martın 3-dən fəaliyyətə başlamışdır. Ötən müddət ərzində "Qaynar xətt" əlaqə mərkəzinə 3578 müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir.
Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması müşahidə olunur. Cari ilin mart ayında daxil olmuş müraciətlərin sayı 1028 olduğu halda, iyul ayında bu göstərici azalaraq 285, noyabr ayında isə 223-ə enmişdir. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşların çoxsaylı müraciətləri müsbət həll olunmuş, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 27 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq 33 şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işlərindən 14-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, digər cinayət işlərinin istintaqı davam etdirilir.
"Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə aparılan təhlillər onu göstərir ki, bir sıra nazirliklər, komitələr və digər dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə işinin kifayət qədər düzgün təşkil olunmaması vətəndaşlar arasında haqlı narazılıqların yaranmasına səbəb olur ki, bu da vətəndaşların müvafiq dövlət qurumlarına, o cümlədən prokurorluğa müraciətlərinin davam etməsi ilə nəticələnir.
Belə ki, son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların haqlı tələblərinin təmin olunması sahəsində bir sıra müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq, nazirliyin yerli qurumları tərəfindən hələ də vətəndaşların süründürməçilik hallarına rast gəlinir.
Son zamanlar Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindən də vətəndaşların şikayətlərinin daxil olması müşahidə olunur.
Həmçinin, Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi xəstəxanalarda və digər tibb-müalicə müəssisələrində dərman vəsaitlərinin alınması və sair bəhanələrlə qanunsuz olaraq vətəndaşlardan pul tələb olunması, təhsil, bələdiyyələr, torpaq və xəritəçəkmə sahəsində, bank və digər kredit təşkilatlarında qanunsuzluqlar, bəzi yerli icra hakimiyyəti orqanlarında müraciətlərə baxılması zamanı vətəndaşların süründürməçilik hallarına yol verilməsi, hüquq-mühafizə orqanlarında süründürməçilik və digər mənfi hallara yol verilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olur.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizənin daha kəsərli aparılması üçün bütün dövlət orqanlarının birgə səylərinin tələb olunmasını nəzərə alaraq prokurorluq digər hüquq- mühafizə orqanları ilə sıx əməkdaşlıq etmişdir.
Ötən il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə digər hüquq-mühafizə orqanlarından cinayət xarakterli 30 məlumat daxil olmuşdur. Onlardan Fövqəladə Hallar Nazirliyindən 9, Ədliyyə Nazirliyindən 9, Məhkəmə Hüquq Şurasından 1, Daxili İşlər Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Milli Təhlükəsizlik Nazirliyindən 4 və digər hüquq mühafizə orqanlarından 5 məlumat olmuşdur. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanmışdır. Onlardan 15 iş müvafiq məhkəmələrə göndərilməklə, 5 cinayət işi üzrə ittihamedici hökmlər çıxarılmış, 10 iş isə məhkəmə baxışındadır. 10 cinayət işi üzrə hazırda ibtidai istintaq davam etdirilir.
Qeyd olunmuşdur ki, korrupsiya ilə barışmaz mübarizə prokurorluq orqanları daxilində də həyata keçirilməkdədir. Belə ki, ötən il ərzində 5 nəfər prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilmişdir. Həmin cinayət işlərindən 1-nin istintaqı yekunlaşdırılaraq baxılması üçün müvafiq məhkəməyə göndərilməklə ittiham hökmü çıxarılmış, 3-ü isə hazırda icraatdadır. Bundan əlavə, korrupsiya hüquqpozmalarına yol vermiş prokurorluq işçiləri barəsində idarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 6 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılmaqla, onlardan 1-i prokurorluq orqanlarından xaric edilmişdir.
Əməliyyat-axtarış fəaliyyətinin prokurorluq orqanları üçün yeni sahə olması nəzərə alınaraq hesabat dövründə əsas diqqət əməliyyat-axtarış işi və onun təşkili ilə əlaqədar müvafiq əmr, təlimat və qaydaların hazırlanmasına verilmişdir. Bu sahədə İdarə tərəfindən hazırlanmış müvafiq təlimat və qaydalar Baş Prokurorluq üzrə əmrlərlə təsdiq olunaraq icraya yönəldilmişdir.
Hesabat dövründə İdarəyə hazırlanan cinayətlər barədə 187 müraciət daxil olmuşdur ki, həmin müraciətlər üzrə həyata keçirilmiş təxirəsalınmaz və operativ əməliyyat tədbirləri nəticəsində korrupsiya cinayətləri törətmiş şəxslər cinayət başında yaxalanmış və onların barəsində 18 cinayət işi başlanılmışdır. Qeyd olunan cinayət işlərindən 8-i üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, 10-u üzrə isə istintaq davam etdirilir.
Həmin işlər arasında Səbail bələdiyyəsinin hüquqşünası Əlizadə Arif Məhəmməd oğlu, həmin bələdiyyənin ərazi torpaq tikinti komissiyasının sədr müavini Həsənov Cavid Hidayət oğlu və bələdiyyənin sədri İbrahimov Mübariz İbadulla oğlunun 8000 manat rüşvət almaları, Tovuz rayon 28 saylı TSEK-in sədri Məmmədov Rəhim Nəbi oğlu və həkim-ekspert, cərrah Həsənov Əli Əsəd oğlunun 1000 manat rüşvət almaları, Qaradağ rayon 11 saylı TSEK-nın sədri Gülmayılov Vahid İbrahim oğlunun 400 manat rüşvət alması, "Korçay" Dövlət Təbiət qoruğunun sabiq direktoru Bağırov Emil Gündüz oğlunun 5900 manat rüşvət alması, Vergilər Nazirliyinin əməkdaşı Cəlilov Xəyal Xəlil oğlu və sərəncamda olan Dadaşov İlham Əliş oğlunun 400 manat rüşvət almaları, "Evro Azia Az" MMC-nin icraçı direktoru Yusifov İlqar Kərim oğlu viza alınmasından ötrü Natiq Abbasovdan 3000 manat pulun rüşvət alması, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu tərəfindən rayon sakini Alışov Rasim Mirzağa oğlundan 2000 manat rüşvət alması, "Təfəkkür" Universitetinin həmkarlar komitəsinin sədri Rüstəmov Ruzbeh Nadir oğlunun Cəfərov Nazim Nadim oğlundan 15000 manat rüşvət alması faktları və digər işlər olmuşdur.
Ötən il İdarənin İstintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, 229 şəxs barəsində 142 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.
Əvvəlki illərlə müqayisədə hesabat dövründə korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) cinayət faktlarının sayı artmışdır. Belə ki, 2011-ci il ərzində 16 şəxs barəsində 11 iş rüşvət alma (passiv rüşvətxorluq), 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) işləri olmuşdur. Hazırda 10 cinayət işi üzrə istintaq davam etdirilir.
İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manat və ya 45,5 faizinin ödənilməsi təmin edilmişdir.
Korrupsiya cinayətlərinin qarşısının alınmasında preventiv tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində işlər 2011-ci ildə də davam etdirilmişdir. Bu zaman əsas diqqət daha cox korrupsiya cinayətləri və hüquqpozmaları yayılmış sahələrin müəyyənləşdirilməsinə və preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərdə artırılmasına yönəldilmişdir.
Hesabat dövründə İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, bu əməkdaşlığın təzahürü kimi 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş Prokurorluğun və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir.
Ötən müddət ərzində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" layihəsi uğurla başa çatdırılmışdır.
Bundan əlavə, Litva Respublikasının baş prokuroru Darius Valis və Litva Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçiusun 2011-ci il aprelin 26-dan 29-dək Bakıda səfərdə olarkən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında "Davamlı Əməkdaşlıq haqqında" Memorandumun imzalanması adıçəkilən qurumlar arasında layihə müddəti bitdikdən sonra qarşılıqlı əməkdaşlığın davam etdirilməsi baxımından əlamətdar olmuşdur. Ötən il ərzində idarə tərəfindən BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası, habelə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Agentliklərinin Assosiasiyası (İAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP) ilə, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilmişdir.
Tədbir çərçivəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən hazırlanmış "Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" adlı vəsaitin təqdimatı olmuşdur.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
Bir fikir xüsusi olaraq vurğulanmışdır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərini bundan sonra da qətiyyətlə davam etdirəcəkdir.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.