Vaşinqtondakı SGA analitik qrupu: Fransa Senatda qəbul olunan qərar səbəbindən artıq Dağlıq Qarabağ məsələsinin həlli prosesində obyektiv və ədalətli vasitəçi ola bilməz

Türkiyənin Fransaya qarşı tətbiq edə biləcəyi çoxlu sayda diplomatik, siyasi və iqtisadi sanksiya var
Fransa 1915-ci il hadisələrinə dair Senatda qəbul olunan qərara görə Dağlıq Qarabağ məsələsinin həlli prosesində artıq obyektiv və ədalətli vasitəçi ola bilməz. APA-nın müxbiri xəbər verir ki, bu barədə Vaşinqtondakı Sidar Global Advisors (SGA) analitik qrupunun növbəti xüsusi tədqiqat işində qeyd edilib.
"Azərbaycan Fransa Senatında qəbul olunan qərarı pisləyir və bildirir ki, Fransa artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən Minsk qrupunun həmsədrliyində qala bilməz. Ermənistan prezidenti isə qəbul etdikləri qanun layihəsinə görə Fransa qanunvericilərinə təşəkkür edib", - deyə analitik qrup bildirir.
SGA analitikləri qeyd edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qəbul olunan sənədi "diskriminasiya xarakterli irqçi layihə" adlandıraraq, onun qəbuluna görə Fransa parlamentini sərt tənqid edib: "Amma Türkiyə siyasətçiləri hələlik cavab tədbirləri görməyə tələsmir, əvəzində Fransa senatorlarından Konstitusiya Məhkəməsinə müraciət etməyi tələb edirlər".
Analitiklərin fikrincə, Türkiyənin Fransaya qarşı tətbiq edə biləcəyi çoxlu sayda diplomatik, siyasi və iqtisadi sanksiya var: "Diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsinə endirilə, Türkiyənin hava və su məkanı Fransa üçün bağlana, təhsil və mədəniyyət sahəsində əlaqələr zəiflədilə, Fransanın 1950-60-cı illərdə Əlcəzair xalqına qarşı soyqırımı törətdiyi Ankara tərəfindən iddia edilə bilər".
Analitiklər belə hesab edirlər ki, Türkiyə və Fransa Ümumdünya Ticarət Təşkilatının və Avropa İttifaqı Gömrük Birliyinin üzvü olduğu üçün Türkiyənin Fransa mallarını və xidmətlərini rəsmən boykot etməsi mümkün olmayacaq: "Türkiyədə ictimaiyyətin qəzəbi artır, müxalifət partiyaları da bu məsələdə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyirlər. Belə olan halda Türkiyə istehlakçıları fransız mallarını qeyri-rəsmi şəkildə boykot edə bilərlər ki, bu da ötən il 14 milyard ABŞ dolları həcmində olan ikitərəfli ticarət dövriyyəsinə ciddi ziyan vurar".
SGA əmindir ki, Fransa-Türkiyə əlaqələrinin zəifləməsindən ən çox ziyan çəkən Türkiyə ilə müdafiə sənayesi sahəsində sərfəli sazişlər imzalayan fransız şirkətləri olacaq. Türkiyənin Fransadan 4 milyard dollar məbləğində uzaq mənzilli raket və raketdən müdafiə sistemləri alacağı gözlənilirdi. Ankara bu ilin yayında bu barədə qərar qəbul etməli idi: "Bunun əvəzində Türkiyənin Avropa Birliyinə daxil olması bir qədər də çətinləşəcək. Türkiyənin NATO əməliyyatlarında həlledici rolunu nəzərə alsaq, onda belə hesab etmək olar ki, gələcəkdə NATO-nun Suriyaya müdaxiləsi də problemli olacaq. Türkiyə və Ermənistan arasında hər hansı yaxınlaşma isə bundan sonra mümkün olmayacaq".
Analitiklərin fikrincə, ABŞ-dakı erməni diasporunun 24 apreli rəsmən "erməni soyqırımı" günü kimi qeyd etmək cəhdləri indi Türkiyəni daha çox narahat edəcək: Türkiyə və İsrail arasında münasibətlərin korlanması göstərir ki, İsrail lobbisi də belə bir qanun layihəsinin qəbuluna mane olmayacaq. Erməni diasporunun cəhdlərinin qarşısını almaq üçün Türkiyə rəsmiləri bir daha Türkiyənin ABŞ üçün strateji əhəmiyyətini vurğulamalı, bunu prezident Obamaya qəbul etdirməli olacaqlar".
SGA-da hesab edirlər ki, ABŞ Türkiyəni hərbi cəhətdən təchiz edir və bu məsələdə Türkiyə ondan asılı olduğu üçün qondarma "erməni soyqırımı" ABŞ-da rəsmən qəbul olunsa belə, Ankaranın Vaşinqtonla hərbi sazişləri ləğv edəcəyini təsəvvür etmək çətindir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında