Masallı: abadlıq işləri ucqar kəndləri də əhatə edir

Yeni əsrin əvvəllərindən regionlarımızda başlanan abadlıq və quruculuq tədbirləri artiq rayon mərkəzlərindən kənd və qəsəbələrə, ən ucqar yaşayış məntəqələrinə doğru genişlənməkdədir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca, yaxın-uzaq olmasına baxmayaraq, hər yerdə əhalinin həyat şəraiti yaxşılaşır, sovet dönəmində belə təbii qaz almayan kəndlərə mavi yanacaq çəkilir, sakinlər günün 24 saatı işıqla təmin olunur. Masallı rayonu bu baxımdan nümunə sayıla bilər.
Rayonun ərazi nümayəndəliklərində ötən ilin yekunlarına həsr olunan hesabat yığıncaqlarında dönə-dönə vurğulanıb ki, ölkəmizdə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətdə insan amilinə xüsusi üstünlük verilir, atılan bütün addımlar məhz adamların maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. 2011-ci ildə Masallı kənd təsərrüfatının, sənayenin, xidmətin, abadlığın, tikintinin inkişafının ən yüksək mərhələsini yaşamış, rayonun yol infrastrukturu, demək olar ki, yenidən qurulmuşdur.
Hesabat yığıncağının yüksək işgüzarlıqla keçdiyi Güllütəpə ərazi nümayəndəliyi altı kəndi əhatə edir. Bu kəndlərdə 1431 təsərrüfat var, 6500-dən artıq əhali yaşayır. Camaatın əsas məşğulluğu heyvandarlıq və aqrar sahə ilə əlaqədardır. Taxıl, kələm, noxud, tərəvəz və bostan bitkiləri ailələrin dolanacağını təmin edir. Ərazidə 2 orta, 4 əsas məktəb, 4 klub, 6 kitabxana, 1 həkim və 2 feldşer-mama məntəqəsi, 600 yerlik elektron ATS və poçt fəaliyyət göstərir. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin də iştirak etdiyi yığıncaqda bildirildi ki, texniki vəziyyəti qənaətbəxş olmayan Köhnə Zuvand məktəbi yaxın vaxtlarda yenidən tikiləcək.
Ötən il Köhnə Alvadı - Tatyanoba - Güllütəpə kəndləri arasındakı üç kilometr yola asfalt çəkilib, digər kəndlərarası yollar əsaslı və cari təmir edilib. Yolağac kəndində müasir tipli məktəb, Güllütəpədə yeni elektron ATS tikilərək istifadəyə verilib. Tatyanobada iş adamlarının köməkliyi ilə yaraşıqlı dayanacaq inşa olunub. Rayon rəhbərliyinin tapşırığına əsasən Viləşçay su anbarının texnikası ilə Yolağac yoluna, həmçinin Əmirtürbəyə gedən yola çınqıl döşənib. Bütün məktəblərdə qışa hazırlıqla bağlı təmir işləri görülüb, o cümlədən Tatyanoba kənd məktəbinin dam örtüyü əsaslı təmir olunub. Yığıncaqda qeyd edildi ki, ərazidə tibbi xidmətin yaxşılaşdırılması, qazlaşdırma, yol kənarlarının işıqlandırılması və yeni körpü tikilməsi cari ildə qarşıda duran vəzifələrdəndir.
Qızılağac ərazi nümayəndəliyi 1200 təsərrüfatı və 6 min əhalisi olan eyniadlı kəndi əhatə edir. Hesabat məruzəsində bildirildi ki, nümayəndəlik öz işini "Yerli icra hakimiyyəti haqqında" Əsasnamənin tələblərinə müvafiq şəkildə qurub. Vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Kənddə iki tam orta məktəb və bir uşaq bağçası, EATS, poçt, tibb məntəqəsi var. Ötən il kəndin giriş hissəsində yol abadlaşdırılıb, ətrafına yüzlərlə ağac əkilib, hasarlar ağardılıb, idman meydançası təmir olunub, suaparıcı kanallar təmizlənib, kəndarası yollara çınqıl səpilib. Ən böyük abadlıq işi əraziyə gedən mərkəzi yolun yenidən tikilməsi olub. Buna görə rəhbərliyə minnətdarlıq bildirildi.
Qızılağacda kənd təsərrüfatı sahəsi genişlənməkdədir. Bu ilin məhsulu üçün 870 hektara şum vurulub, 834 hektarda taxıl əkilib. Xüsusi vurğulandı ki, əgər inişil kənddə taxıl istehsalı 14400 ton idisə, ötən il iki dəfədən də çox artaraq 31288 ton olub. Hər ailə təsərrüfatına iki iribuynuzlu, iki-üç xırdabuynuzlu mal-qara düşür. Ərazidə 28 ferma fəaliyyət göstərir.
Bu il kənd mədəniyyət evinin, Viləşçay üzərindəki körpünün əsaslı təmiri, küçələrin işıqlandırılması "1941-1945-ci illər" abidəsinin səliqəyə salınması və Şəhidlər abidəsinin inşası nəzərdə tutulur.
Sakinlər öz çıxışlarında uğurları təqdir etməklə bərabər, onları narahat edən məsələlərə də diqqəti cəlb etdilər. Hər iki yığıncaqda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək görülən işlərə münasibətini bildirdi, dövlət rəhbərliyinin regionların inkişafına qayğısını Masallının timsalında konkret faktlarla diqqətə çatdırdı və qarşıda duran vəzifələrdən danışaraq icra nümayəndəliklərinə cari ildə daha böyük nailiyyətlər arzuladı.
Xıl kəndi Ələt-Astara magstral yolunun kənarındakı düzənlik ərazidə yerləşir. Burada keçirilən illik hesabat yığıncağında fərəh hissilə qeyd edildi ki, ötən ilin aprelində icra hakimiyyətinin başçısı ilə təşkil olunan görüşdən sonra kənddə abadlıq-quruculuq işləri daha da sürətlənib. Hazırda kəndə qaz xətti çəkilir, bu günlərdə yeni məktəbin inşasına başlanacaq. Əlamətdar faktdır ki, 1186 təsərrüfatı, 4500-ə qədər əhalisi olan Xıl kəndindən ötən il nə rayon icra hakimiyyətinə, nə də yuxarı orqanlara bir şikayət məktubu belə yazılmayıb. Nümayəndəliyin adamlarla canlı ünsiyyətdə və tam aşkarlıq şəraitində fəaliyyətə üstünlük verməsi, təklif və tələblərə həssaslıqla yanaşması diqqətəlayiqdir. Əlbəttə, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun böyüyüb boya-başa çatdığı bu kəndin problemləri də yox deyil. Amma birgə səylər, rəhbərliyə inam qayğıların həllində əsas amilə çevrilib. Sakinlər inam ifadə etdilər ki, kənd stadionunun bərpası, burada bankomat qoyulması kimi mühüm məsələlər bu il həllini tapacaq.
Yeddioymaq ərazisində yaşayan əhali 5370 nəfərdir. Burada 1400 təsərrüfat var, adamların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Həkim və tibb məntəqələri, iki poçt, ATS, 14 mağaza, 12 ferma, 3 iaşə obyekti, 3 orta məktəb fəaliyyət göstərir. Ötən il ərazi içməli su xətti ilə təmin edilib. Şıxlar və Qasımlı kəndlərini birləşdirən bir kilometrlik məsafədə yeni yol çəkilib. Kəndarası yolların və su kanallarının təmizlənməsi, yaşıllıqların artırılması davamlı xarakter daşıyır. Ərazinin yüzlərlə sakini "EMBAWOOD" mebel fabrikində çalışır. Aztəminatlı ailələrə daim köməklik göstərilir.
Çaxırlı sakinləri də rayonda aparılan abadlıq-quruculuq işlərindən razıdırlar. Ötən il burada elektron tipli yeni ATS quraşdırılıb. Ərazinin 4 kəndində qazlaşdırma işləri başa çatdırılıb, 600-ə yaxın evdə sayğaclar qoyulub. Kəlbəhüseynli kəndinin məhəllə yolları təmir edilib, Bəhramtəpədən gətirilmiş çınqıl iki kənd arasındakı 3,5 kilometrlik yola döşənib, yüzlərlə metr suötürücü kanal təmizlənib. Beş kəndin hər birində icra nümayəndəliyi ilə bələdiyyənin birgə fəaliyyətinin nəticələri nəzərə çarpır. Bala Təklə kəndinə qaz çəkilməsi, Kəlbəhüseynli kənd məktəbinin yenidən tikilməsi, ərazidə uşaq bağçasının açılması kimi məsələlərin bu il reallaşdırılacağı gözlənilir.
Masallının Banbaşı, Qızılavar və digər ərazi nümayəndəliklərində də hesabat yığıncaqları işgüzar şəraitdə, doğma rayonun problemlərinə təəssübkeş münasibətdə keçib. Sakinlər həyata keçirilmiş tədbirlərdən razılıqlarını bildirib, onları narahat edən məsələləri nəzərə çatdırıblar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında