Şriftin ölçüsü:
26.01.2012 12:10 | Oxunma sayı: 428
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev açmış, fondun icraçı direktoru Vüqar Səfərli qurumun 2011-ci ildəki fəaliyyətinin yekunları barədə geniş məlumat vermişdir. 2011-ci ildə fonda dövlət büdcəsindən 2 milyon 406 min 984 manat maliyyə vəsaitinin ayrıldığını xatırladan Vüqar Səfərli qəzet layihələrinin və fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin maliyyələşdirilməsi prosesinin yüksək səviyyədə həyata keçirildiyini demişdir.
O, fond tərəfindən 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarımilində isə 29 qəzetə 681 min manat vəsaitin ayrıldığını bildirmişdir. Vüqar Səfərli il ərzində "Azərbaycan teleməkanında ədəbi dilin qorunması" layihəsinin maliyyələşdirilməsinə 30 min manat vəsaitin ayrıldığını qeyd etmişdir.
Ümumilikdə, ötən il KİV layihələrinin maliyyələşdirilməsinə fondun büdcəsindən 1 milyon 306 min 333 manat vəsait ayrılmışdır. Eyni zamanda, yalnız fondun maliyyə vəsaiti hesabına Novruz baynramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin 70 nəfər qalibinə 70 min manat pul mükafatı və xüsusi diplomlar verilnmişndir. Eyni zamanda, fondun Ekologiya və Təbii Sərvətlər Nanzirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 30, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 31, Nərimanov Rayon İcra Hakimiyyəti ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 11 nəfər jurnalist qalib elan olunmuşdur. Ümumilikdə, fondun tək və müvafiq dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə 142 nəfər jurnalist mükafatlandırılmışdır.
Fondun icraçı direktoru hesabat ilində fondun təşəbbüsü ilə həyata keçırilən və mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafına xidmət edən çoxsaylı tədbirlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, fondun təşəbbüsü ilə aparıcı media qurumlarının rəhbərləri Bakı Dövlət Universitetinin jurnalistika və Bakı Slavyan Universitetinin filologiya fakültələrində tələbələrlə görüşmüşlər. Yüksək fəallıq şəraitində keçən həmin görüşdə gənc tələbələr onları maraqlandıran məsələlərlə bağlı qəzet redaktorlarına müraciət etmişlər.
Fond 2011-ci il ərzində ayrı-ayrılıqda Bakının Suraxanı, Səbail, Nizami, Nərimanov və Yasamal rayon icra hakimiyyətləri ilə "Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu", "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi", "Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzularında konfranslar keçirmişdir. Həmin rayonların rəhbər şəxslərinin, habelə ictimaiyyət nümayəndələrinin və qəzet redaktorlarının iştirak etdiyi konfranslarda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Fond ənənəvi olaraq fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması üçün Novruz bayramı, 22 iyul Milli Mətbuat Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bayram şənlikləri təşkil etmişdir.
Sonra hesabat ətrafında müzakirələr aparılmış, Müşahidə Şurasının üzvləri fondun ötən ildəki fəaliyyəti ilə bağlı fikir və rəylərini bildirmişlər.
Daha sonra Müşahidə Şurasının üzvləri səsvermə yolu ilə fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndirmişlər.
Fondun icraçı direktoru Vüqar Səfərli 2012-ci ildə həyata keçiriləcək müsabiqə və tədbirlər barədə Müşahidə Şurası üzvlərinə məlumat vermişdir. Bildirmişdir ki, fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artaraq 3 milyon 870 min 608 manata yüksəlməsi bu il üçün nəzərdə tutulmuş tədbirlər proqramının ardıcıl və səmərəli şəkildə reallaşdırılmasına yaxşı imkanlar açır. Vüqar Səfərli həmçinin demişdir ki, fond fəaliyyət istiqamətinə müvafiq olaraq, ilk növbədə, qəzet layihələrini maliyyələşdirəcək və jurnalistlər üçün fərdi jurnalist yazıları müsabiqələri təşkil edəcəkdir. Bundan başqa, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə regionlarda və Bakı şəhərində müxtəlif layihələr həyata keçiriləcəkdir.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan edilməsi ilə əlaqədar mətbuatın bu sahəyə diqqətinin artırılması üçün müxtəlif müsabiqə və tədbirlərin keçirilməsi də qərara alınmışdır. İl ərzində fondun planlaşdırdığı mühüm layihələrdən biri də ölkə jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün xarici ölkələrə səfərə göndərilməsi olacaqdır.
Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra fondun 2012-ci il üçün Tədbirlər Proqramını yekdilliklə təsdiq etmiş və 2012-ci il üçün fondun ekspertləri müəyyənləşdirilmişdir.
{nl}
Namiq ƏHMƏDOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.