Şriftin ölçüsü:
26.01.2012 02:21 | Oxunma sayı: 407
Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamıdır. Bu fikir yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar" adlı məqalələr toplusunun təqdimat mərasimində səsləndirilmişdir. Nəşr SAM və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşəbbüsü ilə çap edilmişdir.
SAM-ın direktor müavini Gülşən Paşayeva təqdimat mərasimində bildirmişdir ki, Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi Azərbaycan və Türkiyənin bir yerdə olmasının vacibliyini bir daha ortaya çıxarmışdır.
G.Paşayeva vurğulamışdır ki, nəşrdə dərc olunan məqalələrdə Azərbaycan-Türkiyə əlaqələri geniş şərh olunmuşdur. Topludakı məqalələrin müəllifləri ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əlaqələr, həmçinin erməni iddialarına qarşı aparılan fəaliyyəti təhlil edir, tarixi inkişaf yoluna nəzər salırlar.
Ölkələrimizin eyni etnik kökə, dilə və müştərək tarixə mənsub olduğunu vurğulayan SAM-ın direktor müavini Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırmışdır.
G.Paşayeva Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbul edilməsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da hər kəsi məyus etdiyini demişdir.
ATİB-in sədri Fatimə Aslan məqalələr toplusunun Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn bir nəşr olduğunu demişdir. ATİB-in belə bir təşəbbüsdə artıq ikinci dəfədir ki, iştirak etdiyini qeyd edən F.Aslan üç il bundan əvvəl də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından bəhs edən analitik kitabın da çap edildiyini diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov nəşrin müəlliflərini təbrik etmiş, bu toplunun zəruri, önəmli və vaxtında yazılmış analitik təhlil olduğunu bildirmişdir.
E.Aslanov qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin qardaş Türkiyə ilə münasibətlərinin yaranmasının 20 ili tamam olur. Bu baxımdan da bu münasibətlərin təhlili, iqtisadi, siyasi və mədəni sahələrinin araşdırılması hər iki dövlət və xalq üçün vacibdir.
E.Aslanov bildirmişdir ki, nəşrdə dostluq sözünün istifadəsinə ehtiyac yoxdur. Çünki qardaşlıq dostluqdan qat-qat yüksəkdə dayanan bir məfhumdur. Əgər qardaşlıq varsa bu eyni əsilli iki millətin vahid bir mövqedən çıxış etməsinin, istər geosiyasi, istərsə də geoiqtisadi məkandan vahid nöqtəyə vurmasının bariz nümunəsidir.
Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cəzalandırma ilə bağlı yanlış və əsassız qərarına türkdilli dövlətlərindən ilk olaraq Azərbaycan hökuməti və dövləti öz mövqeyini bildirmişdir. Bu, dövlətimizin Türkiyəyə olan qardaşlıq münasibətinə sadiqliyinin bariz nümunəsidir.
E.Aslanov vurğulamışdır ki, Azərbaycan Fransa Senatının qərarını fikir və söz azadlığının boğulmasına böyük təhlükə və zərbə kimi qiymətləndirir. Bu qərar Fransanın demokratiya ruhuna ziddir. Digər tərəfdən, tədqiqatçıların araşdırma azadlığını təhlükə altında qoyur. Fransa Senatı mövqeyini belə əsaslandırır ki, guya bunu yaddaşı qorumaq üçün edir. Doğrudan da, yaddaşı qorumaq önəmli məsələdir. Əgər məsələyə bu nöqteyi-nəzərdən yanaşırlarsa, qanunverici orqan memorial qanunların qəbul edilməsi missiyasını daşımamalıdır. Eyni zamanda, istənilən memorial qanunlar deskriminativ xarakter də daşımamalıdır.
E.Aslanov Azərbaycan ilə Türkiyənin mövqelərinin bir olduğunu, Azərbaycanın daim qardaş ölkəni dəstəklədiyini, hər zaman onun yanında olduğunu qeyd etmişdir.
"Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatmışlar", - deyə E.Aslanov vurğulamışdır. Prezident Administrasiyasının rəsmisi demişdir ki, Türkiyənin Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla sərhədləri bağlaması da qardaş xalqlarımız arasında olan birliyin bariz nümunəsidir. Qardaşlıq nümunəsi olaraq Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Hər birimiz azərbaycanlıyıq", "Hər birimiz xocalılıyıq" şüarları İstanbulda da eşidiləcəkdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə bildirmişdir ki, Fransa Senatı 20 il əvvəl olmuş Xocalı soyqırımını görməyərək, 100 il əvvəl baş vermiş iddia edilən və sübuta yetirilməmiş bir məsələ haqqında qərar qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin getdikcə gücləndiyini deyən diplomat vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim də problemimizdir və bu məsələnin tezliklə həll olunmasını istəyirik. Ermənistan ilə sərhədlərimizin bağlanması bizim qardaşlığımızın sübutudur. Münaqişə həll olunmayınca, sərhədlərimiz açılmayacaqdır.
H.Kılıç Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstərdiyini və bir-birini dəstəklədiyini qeyd etmişdir. Səfir ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələrdən də danışmış, Van zəlzələsində ilk yardımın Azərbaycandan edildiyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışmış, fikir və təkliflərini səsləndirmişlər.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.