Azərbaycanın müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları Almaniyada keçirilən "Beynəlxalq Yaşıl Həftə - 2012" sərgisində uğurla nümayiş etdirilir

Almaniyanın Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2012" sərgisi keçirilir. Yanvarın 29-dək davam edəcək sərgini dünyanın 70 ölkəsindən 5 mindən çox media nümayəndəsi işıqlandırır. Berlində Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə - 2012" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 50-dən çox ölkəsindən 1500-dən çox müəssisənin iştirak etdiyi sərgini 500 mindən çox insan ziyarət edir.
Artıq 5-ci dəfədir iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan bu il 20-dən çox şirkətlə təmsil olunur. İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 300 çeşiddən artıq müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilir. Azərbaycan pavilyonu digər sərgilərdə olduğu kimi, burada da çox zəngin və maraqlı hazırlanmışdır. "Yaşıl Həftə" sərgisi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Sərgidə iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, dövlətimizin başçısı hökumət qarşısında yeni bazarlar tapmaq vəzifəsini qoymuşdur. İstehsal etdiyimiz məhsulları digər bazarlara çıxarmaq üçün lazım olan işləri görməliyik. Düşünürəm ki, bu sərgiyə gələn insanlar Azərbaycandan məhsulları almaqda maraqlı olacaqlar.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, milli şirkətlərin sərgidə nümayiş etdirdiyi məhsullar ixracqabiliyyətli, ixracyönümlü və beynəlxalq standartlara cavab verən məhsullardır. Sevindirici haldır ki, Azərbaycanda ildən-ilə rəqabətqabiliyyətli, ixracyönümlü sahələr genişlənir. Qeyri-neft sektorunda ölkəmizin ixracının dəstəklənməsi və genişləndirilməsində belə böyük tədbirlərdə iştirak çox vacibdir. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov diqqətə çatdırmışdır ki, 2010-cu ilin statistikasını götürsək, Almaniya Azərbaycana təxminən 100 milyon avrodan çox məbləğdə kənd təsərrüfatı məhsulları ixrac etmişdir. Bu da Avropa İttifaqı üzvləri istisna olmaqla, Azərbaycanı Almaniyanın kənd təsərrüfatı məhsullarının ixracatı sahəsində ilk 20 dövlətin sırasına çıxarmışdır. Sərgidə Azərbaycan pavilyonu ilə tanış olanlar arasında Almaniyanın kənd təsərrüfatı naziri, Berlin şəhərinin meri və Almaniya hökumətinin digər yüksək vəzifəli şəxsləri var idi. Onlar da Azərbaycanda istehsal olunan məhsulların çox yüksək keyfiyyətə malik olduğunu bildirmişlər. Sərgini ziyarət edən Buden Mahen demişdir ki, biz burada sizin bəzi məhsulların dadına baxdıq. Məhsullarınız çox keyfiyyətli və dadlıdır. Biz hər il burada Azərbaycan stendi ilə tanış oluruq. Pavilyonunuz əla hazırlanmışdır.
Ziyarətçi Gerhard Müller bildirmişdir ki, sizin stendinizi çox bəyəndim. Burda həm məhsul çeşidinin bolluğu, həm də keyfiyyət vardır. Azərbaycan pavilyonu sərgi iştirakçılarının marağına səbəb olur.
Sərgidə Naxçıvan Muxtar Respublikası da geniş təmsil olunur. Azərbaycanın qədim diyarı Naxçıvanda da son illər həyata keçirilən məqsədyönlü tədbirlər və sahibkarlara yaradılan hərtərəfli şərait nəticəsində yeni müəssisələr yaradılmış, yeni iş yerləri açılmışdır. Naxçıvanda istehsal olunan məhsulların sərgidə nümayişi isə heç şübhəsiz ki, muxtar respublikanın iqtisadi potensialını nümayiş etdirməyə imkan verir.
Naxçıvanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Ramin Qasımov bildirmişdir ki, biz 3 ildir bu beynəlxalq tədbirə qatılırıq. Bu il də 10 şirkətin 17 növdə məhsulu nümayiş olunur. Sevindirici haldır ki, məhsullarımıza diqqət və maraq böyükdür.
Sərgidə "Azərsun Holdinq" şirkətlər qrupu da təmsil olunur. Şirkət digər tədbirlərdə olduğu kimi, budəfəki sərgidə də yüksək keyfiyyətli məhsullar nümayiş etdirir. Şirkətin məhsulları sərginin ilk saatlarından qonaqların marağına səbəb olmuşdur. Şirkətin nümayəndəsi Afiq Səfərov demişdir ki, sərgi iştirakçıları tərəfindən "Bizim tarla" və "Azərçay" məhsulları daha böyük maraqla qarşılanır. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar və s. paylanmışdır.
Sərgi çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Almaniya və Azərbaycanın iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair biznes forum keçirilmişdir. Tədbirdən əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyətinin icraçı direktoru Hanno Stöker vurğulamışdır ki, Azərbaycan Almaniya üçün digər məsələlərdə olduğu kimi, qida və ərzaq təhlükəsizliyi, həmçinin kənd təsərrüfatı sahəsində vacib tərəfdaşdır. Azərbaycanın sərgidə iştirakı və bu biznes forumun keçirilməsi çox əlamətdar hadisədir. Təbii ki, bu tədbirlər Azərbaycana daha çox xarici investisiya qoyuluşuna səbəb olacaqdır. Biz bilirik ki, ölkənizdə çox əlverişli investisiya mühiti mövcuddur və bunu yüksək qiymətləndiririk. Son illər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayan Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Bakı ilə Berlinin istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığından danışmışdır. Azərbaycanın sərgidə iştirakının ənənəyə çevrildiyini deyən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir, bu isə ölkəmizə investisiya qoyanların sayını artırır.
Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, ölkəmizdə aqrar islahatların uğuru məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və hazırda Prezident İlham Əliyev bu sahənin inkişafını diqqətdə saxlayır.
- Azərbaycanın bu sərgidə iştirakından və biznes forumun keçirilməsindən çox məmnunam, - deyən Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Federal Nazirliyinin nümayəndəsi Rudolf Vent qeyd etmişdir ki, nəinki regionun, eləcə də dünyanın ərzaq təhlükəsizliyi məsələsində Azərbaycanın rolu artmaqdadır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın (ASK) prezidenti Məmməd Musayev bildirmişdir ki, Almaniyada Azərbaycana böyük maraq vardır. Almaniya şirkətləri ölkəmizdə çalışmaq istəyir. Biz də Azərbaycan şirkətlərinin Almaniyada çalışmasını istəyirik. Burada çoxtərəfli, ikitərəfli görüşlər keçirilir və hesab edirəm ki, 2012-ci ildə bu görüşlərin müsbət nəticəsi olacaqdır. Biznes forumda digər çıxış edənlər də ölkəmizdə istər yerli, istər xarici iş adamlarına yaradılan şəraitdən danışmış, forumun əhəmiyyətini qeyd etmişlər.
Ölkəmizin beynəlxalq sərgidə iştirakı və biznes forumun keçirilməsi Azərbaycanda hərtərəfli investisiya mühitinin bütün dünyaya tanıdılması istiqamətində çox mühüm addımdır. Bu tədbirlərə qatılmaqla Azərbaycan həm də ölkəmizdə iqtisadiyyatda əldə olunan müsbət inkişaf tempini bütün dünyaya nümayiş etdirdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında